Bu gün alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerjiyə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. 2003-cü ildən başlayaraq İlham Əliyevin Prezident kimi məqsədyönlü fəaliyyəti ölkəmizin enerji strategiyasını keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Ümummilli Liderin bütün ideallarını gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyev 20 il ərzində Azərbaycanın nəinki qüdrətli enerji dövləti kimi inkişafına nail oldu, eyni zamanda, qətiyyəti, dəmir iradəsi sayəsində ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tam təmin edərək liderliyi ilə yeni tarixi reallıqlar yaratdı.
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3000 meqavat, günəş enerjisi üzrə 23000 meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.
Azərbaycanın yaşıl enerji kursunda Qarabağ və Şərqi Zəngəzurun öz yerini tutması, azad edilmiş ərazilərimizin enerji şəbəkəsinin vahid enerji sisteminə inteqrasiyası, ölkəmizin enerji potensialının daha da güclənməsi və enerji təchizatçısı missiyamızı uğurla davam etdirmək üçün yeni imkanların qazanılması bu reallığın ayrı-ayrı elementləridir. Bu aspektdə, cənab Prezidentimiz dünyanın müasir tarixinin ən parlaq liderlərindəndir.
Ötən il işğaldan azad edilən ərazilərdə olan 12 bölgədə tikilən yarımstansiya və su elektrik stansiyalarının açılışı olub. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində tikilən 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası istismara verilib. Həmçinin yaşıl enerji strategiyasına uyğun olaraq 2023-cü ildə Kəlbəcər rayonunda 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub. Paralel olaraq “AzərEnerji” tərəfindən Laçında yeni tikilən 110 kilovoltluq “Qorçu” yarımstansiyasının və “Laçın” şəhər qovşaq yarımstansiyasının da ötən il açılışı həyata keçirilib. Bununla yanaşı, Laçın rayonunda yenidən qurulan 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” kiçik su elektrik stansiyaları yenidən qurularaq istismara buraxılıb.
Bundan başqa, 2027-ci ilin sonunadək 1862 meqavat həcmində “yaşıl güclər”in ölkənin enerji sisteminə inteqrasiyasını təmin etmək üçün elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi üzrə Dövlət Proqramının hazırlanması nəzərdə tutulur. Eyni zamanda, 2030-cu ilədək “Xəzər-Aİ yaşıl enerji dəhlizi” və Azərbaycan-Türkiyə-Avropa dəhlizini yaratmaq və şaxələndirilmiş marşrutlarla təxminən 5 qiqavat həcmində yaşıl elektrik enerjisi ixrac etmək məqsədilə intensiv işlər görülür. Xəzər dənizindən başlayan Azərbaycan, Gürcüstan, Qara dənizdən keçməklə Rumıniya, Macarıstanı əhatə edən və Bolqarıstanın da qoşulduğu dəhlizin texniki iqtisadi əsaslandırması və Birgə Müəssisənin yaradılması istiqamətində müvafiq addımlar atılır. Həmçinin Azərbaycan, Özbəkistan, Qazaxıstan və Türkmənistan arasında elektrik enerjisinin Mərkəzi Asiyadan ölkəmizə, buradan Avropaya ixracı təşəbbüsü dəyərləndirilir.
RƏSİLƏ AĞAYEVA
Masallı rayon Dezinfeksiya stansiyasının baş həkimi