Ağstafa RİH başçısı Aparatının akt zalında Seymur Orucovun sədrliyi ilə keçirilən geniştərkibli iclasda Şura üzvləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, yerli bələdiyyə sədrləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Leqal.az xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün qorunması uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov iclası açaraq bildirib ki, ulu öndər Heydər Əliyevin müdrik siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunub, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılıb, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli qoyulub.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gündən-günə inkişaf edən, bütün dünyada durmadan siyasi nüfuzunu, sosial-iqtisadi və hərbi potensialını artıran güclü ölkəyə çevrilib. O cümlədən regionların hərtərəfli inkişafı sahəsində məqsədyönlü siyasətin davamı olaraq Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ları təsdiq olunub.
Dövlət Proqramlarının icrası makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, aqrar sənaye komplekslərinin inkişafı və əhalinin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna rol oynayıb.