Azərbaycan və Pakistan arasında mövcud münasibətlər dərin tarixi, mədəni və dini köklərə əsaslanır. Ölkələrimiz arasında diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Qeyd olunmalıdır ki, Azərbaycan-Pakistan münasibətlərinin inkişafında Ümummilli Lider Heydər Əliyev misilsiz xidmətlər göstərib. Hazırda bu siyasət Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımızın iyulun 11-də Pakistan İslam Respublikasına rəsmi dövlət səfəri də Azərbaycan-Pakistan dostluq və əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə və şaxələnməsinə xidmət edəcək. Səfər çərçivəsində imzalanmış mühüm sənədlər də bunu deməyə əsas verir. Pakistanın Baş naziri ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdən sonra mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Pakistan arasında ticarət və sərmayə sahəsi, enerji sahəsi və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə ilkin razılıq əldə olunub və qərara alınıb ki, iki ölkə arasında ticarət həcminin artırılması üçün daha ciddi səylər göstərilsin. Yatırılacaq sərmayələrin ilkin həcmi təxminən iki milyard dollardır. Azərbaycan və Pakistan rəhbərləri tərəfindən energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurlu əməkdaşlığın mövcud olduğu müdafiə sənayesində bir sıra layihələr nəzərdən keçirilib. Artıq bundan sonra güclü tərəfdaşlıq təkcə siyasi səviyyədə deyil, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də qurulacaq.
Müsahibimiz həmçinin vurğulayıb ki, ölkələrin suverenliyi və ərazi bütövlüyü ilə bağlı məsələlərdə Azərbaycan və Pakistanın bir-birinə dəstəyi qarşılıqlıdır və bu baxımdan Kəşmir məsələsində Azərbaycanın məhz Pakistanın mövqelərini dəstəkləməsi də xüsusi önəm kəsb edən siyasi məsələdir: “Ölkələrimiz arasında münasibətləri formalaşdıran çox vacib məqamlardan biri də budur ki, Pakistan istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi zamanı hər zaman Azərbaycana güclü siyasi dəstək göstərib. Ölkə Prezidenti cənab İlham Əliyev iyunun 11-də İslamabadda mətbuata bəyanatla etdiyi çıxışında bir daha xüsusi olaraq vurğuladı ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Eyni zamanda da Azərbaycan Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəkləyib və bu dəstək sona qədər davam edəcəkdir. Həm də bu dəstək və həmrəylik bütün beynəlxalq təşkilatlarda açıq-aşkar nümayiş etdirilir. Əlbəttə ki, ölkə rəhbərlərinin bu yanaşması Azərbaycan və Pakistan xalqlarını daha da yaxınlaşdırır.
Rusif Kərimov,
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi