... Deyirlər, insan doğulan an səmada yeni bir ulduz yanır və sonra parlayır...
Bu bəxt ulduzudur… Və həmin o ulduz bir də o insan dünyadan köçəndən sonra sönür...
Onu da Allah bir parlaq ulduz altında dünyaya gətirmişdi. Taleyi qısa oldu, cavan həyatı yarıda qaldı. Necə deyərlər, ulduzu tez yandı, tez də söndü. Amma, teleyinə ən uca zirvə, şəhidlik yazıldı… Biz hamımız yaşayacağıq, ömür sürəcəyik, tez də unudulacağıq. Amma, haqqında yazdığım Masallıdan olan şəhid Namiq Həmidov əbədi ürəklərdə yaşayacaq...
Bəli, Vətənini azadlığı və suverenliyi uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızdan biri də Namiq Nəcəf oğlu Həmidovdur.
Namiq Həmidov 15 mart 1994-cu ildə Masallı rayonunun Lürən kəndində ziyalı bir ailədə dünyaya göz açıb. Hələ uşaq yaşlarından ailəsi tərəfindən vətənpərvərlik ruhunda tərbiyə edilib.
3 aprel 2012-ci ildə hərbi xidmətə çağırılıb.
Bərdə korpusunun Tərtərdə yerləşən “N “saylı hərbi hissələrinin birində çəkən Namiq xidmət zamanı ən yüksək nailiyyətlər əldə edib, zabit və komandirlərin rəğbətini qazanıb, verilən bütün tapşırıqları uğurla yerinə yetirərək çavuş rütbəsi alıb və xidmətini kəşfiyyatçı kimi davam etdirib. Öz tabeçiliyində olan əsgər yoldaşları ilə birlikdə o, dəfələrlə erməni işğalçılarının bizim hərbi məntəqələrimizə olan hücumlarının qarşısını alıb.
27 may 2013-cü ildə Ağdərə rayonu ilə üzbəüz Həsənqaya mövqeyində baş vermiş şiddətli döyüş zamanı o, düşmənin iki hərbi texnikasını vurub sıradan çıxarıb və müşahidə postunu dağıdıb. Kəşfiyyat postuna qayıdan zaman Namiq arxadan düşmənin snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
O, 28 may 2013-cü ildə Masallı rayonunun Lürən kəndində torpağa tapşırılıb.
Masallı RİH başçısı Araz Əhmədov Lürən kəndinə gələrək şəhid məzarını ziyarət edib, şəhidin valideynlərinin problemləri ilə maraqlanıb, atası Nəcəflə sönbət edib.
Masallının icra başçısı rayona təyin olduğu vaxt tanınmış ictimaiyyətçi və din xadimləri ilə birlikdə şəhər, kənd və qəsəbə qəbiristanında uyuyan bütün şəhid məzarlarını ziyarət etmiş, üzərinə təzə güllər düzmüş, ruyhuna dualar oxumuşlar və bu ənənə bu gün də davam edir. Araz müəllim cəmiyyətdə nüfuzu olmuş ziyalıların məzarlarını da ziyarət edir.
Masallıda görülən geniş abadlıq və səliqə-sahman işlərinə, şəhid ailələrinə göstərdiyi qayğıya görə şəhid atası icra başçısı Araz müəllimə tərifəlayiq sözlər deyir.
Şəhidin ailəsi həmçinin göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, xüsusilə də cənab Prezident İlham Əliyevə minnətdarlıq bildirir.
Mən Masallıda qayıdanda artıq axşam saatlarıydı.Ölkəmizin hər yerində olduğu kimi Allahcıl camaat sayılan Masallıda da Məhərrəm ayı ilə əlaqədar dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılıb.
Sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəm ayı ərzində ibadət ocaqlarında ictimai asayişə riayət olunmaqla, təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın da əziz xatirəsi ehtiramla anılır, moizə və xütbələrdə Vətən təəssübü, milli və dövlət mənafelərimiz uca tutulur, Qalib Ali Baş Komandana dualar olunur...
İsrafil ŞÜKÜROV,
Leqal.az-ın Baş redaktoru.