FUAD ƏLƏSGƏROV – 65: HƏQİQƏTİN MÜŞAVİRİ

FUAD ƏLƏSGƏROV – 65: HƏQİQƏTİN MÜŞAVİRİ
  • Cəmiyyət

  • Dövlət qulluqçusunun təkcə peşəkarlıq xüsusiyyətləri deyil, onun şəxsi keyfiyyətləri, vətəndaş mövqeyi, vətənpərvərliyi və etik davranışı da mühüm rol oynayır. Ümumiyyətlə, dövlət qulluğu təkcə geniş səlahiyyətlər deyil, eyni zamanda cəmiyyətdə gedən proseslərin idarə olunması və cəmiyyətin inkişafı üçün məsuliyyət deməkdir. Bu işdə çalışanlardan rəhbərlik etdiyi sahəni dərindən bilməklə yanaşı, dövlətinə və xalqına son dərəcə sədaqətli olmaq, dövlətlə xalq arasında əlaqələndirici vasitə kimi xalqın problemlərini və qayğılarını öyrənmək, onların həlli yollarını axtarıb tapmaq tələb olunur. Ona görə də bütün dünyada dövlət qulluğu xüsusi nüfuza malikdir. Dövlət qulluqçusu heç vaxt unutmamalıdır ki, o, idarəetmə və digər funksiyalarını icra edərkən ilk növbədə dövlətin və cəmiyyətin mənafeyini əsas götürməli, ona tapşırılan hər bir vəzifəni böyük məsuliyyət və ləyaqətlə yerinə yetirməlidir.

    Dövlət qulluqçusunun bütün fəaliyyətinin müvafiq qanunlar və digər normativ hüquqi aktlarla tənzimlənməsinə baxmayaraq onun prinsipiallığından, işgüzarlığından və səriştəsindən də çox şey asılıdır. Qanunların icrası lazımınca təmin edilməli, qanunlar işləməli, real həyatda onlara əməl olunmalıdır. Bu baxımdan dövlət qulluqçularının üzərinə xüsusi məsuliyyət düşür. Bu məsuliyyəti dərindən dərk edən, dövlətə, dövlətçiliyə xidməti ilə bütün dövlət qulluqçularına etalon kimi göstəriləcək yüksək vəzifəli məmurlardan biri də Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi — şöbə müdiri, 1-ci dərəcəli dövlət müşaviri Fuad Ələsgərovdur.

    Fuad Murtuz oğlu Ələsgərov 1959-cu il mayın 14-də Şərur rayonunda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetininin hüquq fakultəsini bitirib.

    1981–1984-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVAQ İdarəsində məsləhətçi, 1984-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə orqanları idarəsində məsləhətçi, 1984–1987-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəzarət və icranın yoxlanılması idarəsində baş məsləhətçi, 1987–1990-cı illərdə Bakı şəhəri Suraxanı Rayon Xalq Məhkəməsində Xalq hakimi, 1990–1994-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü, 1994–1998-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

    Azərbaycan Respublikası Prezidentinin 25 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

    Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli Sərəncamı ilə Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilmişdir.

    Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvüdür.

    Azərbaycan Respublikası Prezidentinin 31 may 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi — şöbə müdiri təyin edilmişdir.

    Azərbaycan Respublikasında qanunvericiliyin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə “Əməkdar Hüquqşünas” fəxri adı verilmişdir.

    Azərbaycan Respublikası Prezidentinin 13 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə” Fuad Murtuz oğlu Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilmişdir.
    Hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar hüquqşünası Murtuz Ələsgərovun oğludur. Xəzər rayon prokuroru Fəxri Ələsgərovun qardaşıdır.

    Cənab Fuad Ələsgərov daima öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qurmuşdur.

    Dövlət qulluğunun əsas xüsusiyyəti və mahiyyəti insanın dövlətə və cəmiyyətə şüurlu surətdə xidmət etməsidir. Bu işin müəyyən üstünlükləri və güzəştləri olsa da, bir çox çətinlikləri və mürəkkəblikləri də var. Fuad müəllim hesab edir ki, dövlət qulluğuna gələn hər bir şəxs bu yükü çiyninə götürərkən özünün bir sıra istəklərini də şüurlu surətdə məhdudlaşdırmağa, ilk növbədə ciddi iş rejiminə alışmağa, müəyyən edilmiş qayda-qanunlara, etik normalara riayət etməyə, vaxtla hesablaşmadan ona tapşırılan vəzifəni yerinə etirməyə borclu olduğunu bilməlidir.

    Fuad müəllimin şəxsində dövlət qulluqçusunun bir növ enümunəsini görmək olur. O, nümunəvi dövlət qulluqçusu kimi bütün hallarda, bütün vəziyyətlərində oturuşu-duruşu ilə, rəftarı-davranışı ilə hər bir şəxs üçün vicdanlılıq nümunəsi idi: öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırır və möhkəmləndirir; dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermir; öz adını və şərəfini uca tutur. O, heç vaxt insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməmişdir. Tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirlidir. Xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmuş və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməmişdir. Özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməmiş və bu cür təsir üçün şərait yaratmamışdır.

    Həyat mənbəyi olan su öz keyfiyyətlərini sızıb keçdiyi torpaqdan götürdüyü kimi, insan da yaxşı və pis cəhətlərini doğulduğu diyardan götürür. Fuad Ələsgərov da sözsüz ki, öz gözəl keyfiyyətlərinin çoxunu dünyaya göz açdığı Naxçıvanın Şərur rayonundan götürmüşdür. Övladı olduğu valideynlərindən, mənsubu olduğu nəcabətli nəsildən əxz etdiyi irsi üsusiyyətlər də öz yerində. Amma əlbəttə ki, malik olduğu fəzil məziyyətlər ona Ulu Yaradan tərəfindən bəxş olunmuşdur. Öz növbəsində də o da üstün cəhətlərini illər boyu cilalayaraq inkişaf etdirmiş, təkmilləşdirərək yetkinliyin yüksək zirvəsini fəth etmişdi. Bu, özünü zövqünün incəliyində, ağlının itiliyində, mühakimələrinin tutarlılığında, arzu və diləklərinin təmizliyində büruzə verir.

    Elədiyi köməkdarlıqla bərabər aşıladığı nikbinlik də fayda verir. Kamil insan olaraq alicənablığında daimi olan Fuad müəllimin saflığı, şərəfi onu əzəmət şəfəqinə bürüyür, insanlarda rəğbət oyadır.

    Sınanılmış təcrübədir – şəxsiyyət olmağın ən qısa yolu – dost seçməyi bacarmaqdır. Fuad Ələsgərov haqqında əminliklə demək olar ki, o, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yalnız köməkçisi deyil, həm də dostudur. Digər dostalrı da təsdiqləyərlər ki, Fuad Ələsgərov dostluq tellərini qorumağı, möhkəmləndirməyi bacarır, dostluğu – ikinci varlıq kimi dəyərləndirir, dostluq müstəvisində bütün sınaqlardan üzüağ çıxıb.
    Qəlbindəki Vətən eşqiylə, dövlətçilik ruhuyla müasirlərinin ürəyində özünə taxt quran Fuad Ələsgərovu 65 yaşının tamam olması münasibətilə öz adımdan və bütün əməkdaşlarımız adından təbrik edir, ona uzun ömür, can sağlığı, Vətənə, xalqa, dövlətə xidmət yolunda uğurlar arzulayırıq.


    Tural Kəlbəcərli,
    “102info.az” və “İcra-hakimiyyeti.az” təsisçi və baş redaktor.
    Yeni Azərbaycan Partiyasının üzvü.
    PAYLAŞ:

    Oxşar xəbərlər