18 aprel 2024-cü il tarixində Masallı Rayon İcra Hakimiyyətində Masallı Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Təbii fəlakətlər zamanı əhalinin davranışı və onların hazırlanmasında ictimaiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov qonaqları və tədbir iştirakçılarını salamlamış, sözü “112 qaynar xətti” mövzusunda çıxış etmək üçün Operativ reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin rəisi, polkovnik-leytenant Ramin Rzayevə vermişdir.
Sonra “Məişətdə yanğın zamanı davranış qaydaları” və “Odsöndürücü balondan istifadə qaydaları” mövzularında DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin şöbə rəisi, d/x polkovnik-leytenantı Samir Kərimov, Meşələrdə baş verən yanğınların qarşısının alınması və görülən işlər” mövzusunda Masallı rayon DYMH-nin rəisi, d/x polkovnik-leytenantı Qabil Nemətov, “Meşədə yanğın təhlükəsizliyi”, “İldırım”, “Zəlzələ” və “Sel və daşqın” mövzularında Maarifləndirmə sektorunun müdiri Zaur Hüseynov, “Dəm qazı” mövzusunda Ərazi orqanları ilə şöbəsinin baş zabiti, d/x kapitanı Şəhriyar Hətəmov, “Çimərlikdə təhlükəsizlik qaydaları” mövzusunda KHGNSXDX-nin Cənub Regionu üzrə Kiçikhəcmli Gəmilərə Nəzarət Şöbəsinin inspektoru, d/x baş leytenantı Şirvanzadə Məhərrəməli, “Masallı rayonu ərazisində tikilməkdə olan və ya istismara verilmiş müxtəlif təyinatlı obyektlərin texniki təhlükəsizlik qaydalarına, mövcud tikinti normalarına əməl olunaraq tikinti işlərinin aparılmasının vacibliyi” mövzusunda FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Cənub Regional Tikinti Müfəttişliyinin əməkdaşı Davud Novruzov və “Masallı rayonu ərazisində ətraf mühit üçün təhlükə yarada biləcək təhlükəli potensiallı obyektlərdə istifadə olunan texniki qurğuların və avadanlığın istismar olunmasının qarşısını almaq məqsədilə həyata keçirilən zəruri tədbirlər” mövzusunda FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Cənub Regional Müfəttişliyinin böyük məsləhətçisi Anar Kazımov çıxış edərək mövzular ətrafında verilən sualları cavablandırmışlar.
Daha sonra idarə və müəssisələrin təxliyə planlarının qaydalara əməl edilməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının daim istifadəyə yararlı vəziyyətdə saxlanmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Tədbir zamanı müxtəlif mövzularda hazırlanmış maarifləndirci video çarxlar tədbir iştirakçılarına nümayiş etdirilmişdir.