Füzulidə böyük alim və görkəmli dövlət xadimi Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş ilk beynəlxalq elmi konfrans keçirilib
Füzuli şəhərində böyük alim və görkəmli dövlət xadimi Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.
Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təşkil olunan konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb direktoru Həcər Mahmudova və müəllim kollektivi iştirak ediblər.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tarixi soykökə, dilə, mədəniyyətə malik Azərbaycan-Özbəkistan əlaqələrinin son illərdə dövlət başçılarımızın sıx dostluq və qardaşlıq münasibətləri sayəsində özünün ən yüksək dövrünü yaşadığını bildirib. Diqqətə çatdırıb ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində sürətlə inkişaf etməkdədir.
AMEA rəhbəri ötən il Füzuli şəhərində Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılmasının Azərbaycan-Özbəkistan dostluğunun, qardaşlığının və əlaqələrinin növbəti mühüm təzahürü olduğunu söyləyib.
Akademik İsa Həbibbəyli dövlətlərimiz arasında bir çox sahədə olduğu kimi, Özbəkistanın elm və ali təhsil müəssisələri ilə də sıx əlaqələrin qurulduğunu bildirib.
Qarabağın işğaldan azad edilməsindən sonra elmi və mədəni mühitinin inkişafı istiqamətində də ciddi addımların atıldığını deyən akademik İsa Həbibbəyli “Böyük Qayıdış” hərəkatı çərçivəsində təşkil olunan ilk böyük beynəlxalq elmi konfransın keçirilməsini tarixi hadisə kimi dəyərləndirib: “Hesab edirəm ki, görkəmli dövlət xadimi Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş konfrans Qarabağımızın həm quruculuq baxımından, həm də elmi, mədəni baxımından da inkişafı istiqamətində ölkəmizdə aparılan siyasətin həyata keçirilməsi istiqamətində mühüm bir addım, tarixi hadisədır”.
Akademik İsa Həbibbəyli bildirib ki, görkəmli özbək mütəfəkkiri və hökmdarı Mirzə Uluqbəy dövrünün görkəmli riyaziyyatçı, astronomu olmaqla elmin, təhsilin inkişafına mühüm töhfələr verib, mədrəsələr, kitabxanalar açmaqla xalqının maariflənməsində önəmli rol oynayıb, tərtib etdiyi ulduz kataloqu ilə adını həm də tarixə böyük alim kimi yazdırıb.
Tədbirdə çıxış edən Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov iki ölkə arasında sıx münasibətdən və əlaqələrin inkişafından danışıb. O, Mirzə Uluqbəyin 630 illik yubileyinin gözəl və füsunkar şəhərə çevrilən Füzulidə böyük alim və astronomun adını daşıyan müasir məktəbdə keçirilməsinə görə Azərbaycan Prezidentinin Administrasiyasına, Xarici İşlər Nazirliyinə, Azərbaycan Milli Elmlər Akademiyasına və məktəb rəhbərliyinə dərin təşəkkürünü bildirib.
Elmi konfransda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli “Nizami gəncəbidən – Əlişir Nəvaiyə və Mirzə Uluqbəyə”, Nizami Gəncəvi adıan Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Almaz Ülvi Binnətova “Mirzə Uluqbəyin həyatı, elmi xidmətləri və dövlətçilik fəaliyyəti” mövzularında elmi məruzələrlə çıxış ediblər.
Konfransda, həmçinin digər çıxış edənlər dünya elminin və ümumbəşəri sivilizasiyanın inkişafına böyük töhfələr vermiş Mirzə Uluqbəyin həyat və fəaliyyətindən danışıblar. Bundan əlavə, iki ölkə arasında sıx qardaşlıq münasibətlərinin bir sıra tarixi bağlara, dövlətlərimizin siyasi iradəsinə dayandığını söyləyiblər.
Çıxışlardan sonra Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov özbək dilinə tərcümə olunmuş 100 cildlik “Türk ədəbiyyatı inciləri” toplusunu məktəbin kitabxanasına hədiyyə edilib.
AMEA prezidenti akademik İsa Həbibbəyli eyni zamanda AMEA Rəyasət Heyəti və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunmuş bir çox kitabları məktəbin kitabxanasına hədiyyə edib. Kitablar arasında “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyi, Molla Nəsrəddin ensiklopediyası və s. kimi fundamental əsərlər vardır.
Sonda qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.
Beynəlxalq konfransın iştirakçıları yolüstü Füzuli şəhəri ətrafında AMEA Arxeologiya və Antropolgiya İnstitutu tərəfindən arxeoloji qazıntılar aparılan kurqanlarla tanış olublar.
Müəllif: leqal.az