Aprel döyüşlərində əldə edilən hərbi uğur xalqımızı Böyük Zəfərə apardı

Aprel döyüşlərində əldə edilən hərbi uğur xalqımızı Böyük Zəfərə apardı
  • Cəmiyyət

  • Tarixə aprel müharibəsi və ya dördgünlük müharibə kimi yazılan bu hərbi münaqişə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri arasında baş verib. Həmin gün Ermənistan silahlı qüvvələri bütün cəbhəboyu Azərbaycanın mövqelərini və yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutub. Cəbhənin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən  artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə layiqli cavab verilib. Bu təxribat nəticəsində hərbçilərimizdən şəhid olan və yaralanan, mülki şəxslər arasında azyaşlı uşaqlar da daxil olmaqla həlak olanlar var idi. Aprelin 3-də Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər ordumuzun bölmələri tərəfindən azad olunub, aprelin 4-ü Ermənistan itirilmiş mövqelərini geri qaytarmaq üçün cəbhənin, əsasən, Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edərək təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub. Aprelin 5-də ordumuz Xocavənd-Füzuli istiqamətində erməni qüvvələrinin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıb. Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilən razılaşmaya əsasən həmin gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Lakin buna baxmayaraq, Ermənistan aprelin 5-də Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqelərimizi atəşə tutub. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun qüvvələri qarşı tərəfi dəqiq cavab atəşi ilə susdurub, eyni zamanda Ordubad rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin atəş nöqtəsi və mühəndis-istehkam qurğusunu darmadağın edib.
    Aprel döyüşləri 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəsdən sonra ilk ən şiddətli döyüş sayılır. Döyüşlər Azərbaycan əsgərinin qələbəsi ilə nəticələnib. Aprel müharibəsi nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu.
    Dörd gün davam edən  Aprel döyüşlərindən sonra may ayında Ermənistan və Azərbaycan prezidentləri Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə XİN rəhbərlərinin iştirakı ilə Vyanada görüşüb, iyunun 20-də Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə üçtərəfli danışıqlarda münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması haqqında razılıq əldə edilib. Atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan tərəfi tez-tez sabitliyi pozaraq Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub, dinc əhaliyə qarşı cinayətlər törədiblər. Belə hadisələrdən biri də 2017-ci ilin iyulunda Füzulinin Alxanlı qəsəbəsinin Ermənistan silahlı qüvvələri tərəfindən minaatanlar və qumbaraatanlardan atəşə tutulması nəticəsində biryaşlı Zəhra və nənəsinin qətlə yetirilməsidir. Həmişə olduğu kimi, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar bu hadisəyə də biganə qalıb.
    2016-cı il aprelin 19-da Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Aprel döyüşlərində böyük şücaət və qəhrəmanlıq göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü “Azərbaycanın Milli Qəhrəmanı”, 7 üzvü “Azərbaycan Bayrağı” ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 19 üzvü “Vətən uğrunda” medalı, 43 üzvü “İgidliyə görə” medalı, 45 üzvü “Hərbi xidmətlərə görə” medalı, 2 üzvü “General-mayor” ali hərbi rütbəsi ilə təltif edilib.
    Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı, tariximizə şanlı səhifə kimi yazıldı. Bu zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Aprel döyüşləri Ermənistanın o zaman qədər yaratdığı keçilməz Ohanyan xətti ilə bağlı mifi darmadağın etdi. Heç şübhəsiz ki, Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün oldu.

    Türkanə Əliyeva
    PAYLAŞ:

    Oxşar xəbərlər