Xankəndidə Novruz tonqalı

Xankəndidə Novruz tonqalı
  • Cəmiyyət

  • Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Türk xalqlarının milli adət-ənənələrindən olan Novruz yazın gəlişinin bayram edilməsidir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan  şanlı Zəfərlə başa çatan Vətən müharibəsindəki tarixi Qələbədən sonra Azərbaycan xalqı Novruz bayramını  artıq 4 ildir ki, böyük çoşqu və sevinclə qeyd edir. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qazandığımız şanlı Zəfərdən sonra builki Novruz bayramı daha fərqlidir. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etdik və bu gün azad xalq kimi yaşayırıq.Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 15 oktyabr 2023-cü il tarixdə doğma Xankəndi şəhərinin mərkəzi meydanında, Xocalıda Azərbaycan Bayrağını qaldıran qalib xalqın nümayəndəsi olaraq Novruz bayramını bu il qürur hissi ilə qeyd edirik.
                 
    18 mart tarixi isə qalib xalqın, qalib Lideri  Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etməsi, bayram tonqalını alovlandırması tarixdə yeni bir   əlamətdar gün  oldu. Çünki qədim Azərbaycan torpağı olan Xankəndidə 32 ildən sonra yenidən  Novruz tonqalı qalandı.
               
    Möhtərəm Prezidentimiz  İlham Əliyev bildirdi ki, dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır.  2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir.Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir.
                 
    Ölkə başçısı qeyd etdi ki,”Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq.Biz iyirmi il torpaqlarımızın azad olunmasına hazırlaşmışdıq. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.”
               
    Bəli biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız Qalib xalqın, Qalib Lideri ilə fəxr edirik.Allah xalqımızı qorusun.
    Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!


                           
    Əntiqə Tağıyeva,
    Hişkədərə kənd sakini,YAP-nın fəal üzvü


    PAYLAŞ:

    Oxşar xəbərlər