Martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçirildi.Toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət iştirak etdi.Artıq ikinci ildir ki, Azər¬baycan yaşıl enerji sahəsində fəaliyyət göstərir. Toplantıda, bu qədər sayda ölkə və beynəlxalq şirkətlərin iştirakı bizi çox sevindi¬rir.Bakı hər dəfə olduğu kimi yenidən beynəlxalq tədbirə ev sahibliyi etdi. Azərbaycan Möhtərəm Prezident İlham Əliyevin sayəsində uğurla inkişaf edir.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında Möhtərəm Prezidentimiz qeyd edərək söyləmişdir:” Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olmuşdur. Keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal, yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Çünki bizim neftimiz var və bu, bizim ən böyük nöqsanımız hesab olunmuşdur. Baxmayaraq ki, qeyd etdiyim kimi bu, qüsur deyil, Allahdan bir hədiyyədir. Lakin bizə hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər. Gəlin, bu məsələyə başqa bir bucaq altında baxaq. Bəli, bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik. Bizim bütün ehtiyatlarımız təsdiq edilib və hər kəs bunu bilir.
Lakin iqlim dəyişikliyi ilə bağlı olan bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir. Bizə buna görə hücum edilməməlidir, biz təqdir edilməliyik. Biz heç bir yanlış iş görməmişik, lakin qərar qəbul olunan kimi bizə qarşı dərhal əlaqələndirilmiş, konsolidasiya olunmuş və çox ədalətsiz hücum edildi.
Əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik. Lakin mən sizə, sadəcə, məlumat vermək istəyirəm ki, COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir.”
“Azərbaycan qazına olan mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Yeri gəlmişkən, onu da deyim ki, ötən il ərzində türkiyəli dostlarımızla fəal kommunikasiya nəticəsində biz Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığına gəldik. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Daha artıq alternativlər və seçimlər ola bilər. Çünki onların hər biri enerjinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin maksimum səmərəliliklə təmin olunması kimi vahid məqsədə xidmət edir.
Hesab edirəm ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur.”
Bu görüş çərçivəsin¬də Azərbaycanın xüsusilə dəniz küləyinin inkişaf etdirilməsi geniş şəkildə müzakirə edilib və bu istiqamətdə müqavilələr im¬zalanıb.
Bəli Azərbaycan cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti nəticəsində uğurla inkişaf edərək, dünyaya ədalətli siyasəti ilə inteqrasiya edir.
Əntiqə Tağıyeva,
Hişkədərə kənd sakini,