İlham Əliyev andiçmə mərasimi nitqində ölkənin yeni dövrünü müəyyən etdi

İlham Əliyev andiçmə mərasimi nitqində ölkənin yeni dövrünü müəyyən etdi
  • Cəmiyyət

  • Prezident əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm.”

    Prezident əlini müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içdi: “Əlimi “Qurani-Şərif”ə basaraq and içdi: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.”

    Cənab Prezident İlham Əliyevin çıxışı zamanı söylədiyi hər bir cümlə bir daha onun böyük bir lider olduğunu göstərirdi.

    İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir. Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə seçiləndə xalqı əmin etmişdir ki, qarşıda duran bütün vəzifələri icra edəcəkdir. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. 

    Prezident İlham Əliyevin strategiyası ilə  yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. 

    Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. Bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.

     Cənab Prezidentin sözlərinə görə, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir.

    Böyük siyasətçi İlham Əliyev Ümummili Lider Ulu Öndər Heydər Əliyevin davamçısı olaraq cəmiyyətin inkişafı üçün bütün sahələr üzrə dərin biliklərə və analitik düşüncə tərzinə malikdir. 

    Cənab Prezident deyirdi ki, elə bir gənc nəsil yetişdirməliyik ki, onlar daim milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır.

    Böyük sərkərdə, Azərbaycan xalqının yenilməz, qalib Prezidentinin hələ 24 oktyabr 2013-cü ildə imzaladığı "Azərbaycan Respublikasında Təhsilin İnkişafı Üzrə Dövlət Strategiyası"nın prioritetləri göstərir ki, müasir məktəb modeli yeni idarəetmə üsuluna əsaslanır.

    Yeni məktəb modeli formalaşır. Bu məktəb modeli bizdən informasiyalaşmanın getdikcə artdığı cəmiyyətin sifarişinə uyğun hərtərəfli şəxsiyyət yetişdirməyi tələb edir.

    Müasir dövrdə insanlar daha çevik və inklüziv təhsil proqramı tələb edir. Bu gün məktəbin vəzifələri dəyişib. Artıq biz cəmiyyətin sifariş etdiyi şagirdi hazırlayırıq.

    Həmin şəxsiyyət gələcəyi bütün incəlikləri ilə qavraya bilən, hadisələrə obyektiv, tənqidi yanaşan, müstəqil qərarlar verən, daim dəyişən mühitdə yeni əlaqələr quracaq bilik və bacarıqlara sahib olmalıdır. 

    Təcrübə göstərir ki, informasiyalaşan cəmiyyətdə daim islahatlar aparılmalıdır. Bu islahatlar çərçivəsində biliklərin vərdişlərə çevrilməsi üçün təkmilləşmənin tətbiqi və dəyişikliklərin həyata keçirilməsi vacibdir. 
    Yeni məktəb modelinin tərəflərindən biri də qrup şəklində işləməkdir. Yeni nəslin qələbəmiz uğrunda böyük sərkərdə, Ali Baş Komandan Cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşmək əzmi də bu strategiyanın bariz nümunəsidir.

    Məktəbi dəyişməklə cəmiyyətə təsir göstərə bilərik. Hər bir inzibati ərazidə yerləşən məktəbin öz tələbləri var. Əgər hər hansı bir ərazidə istənilən radikal qüvvə, narkomaniya və s gənc nəsli öz tərəfinə çəkirsə, deməli, orada məktəbin fəaliyyəti düzgün qaydada aparılmır.

    Pedaqoji prosesi izləməli, müvəffəqiyyət göstəricilərini müşahidə etməli, sistemli tədbirlər görməli, yanaşma, strategiya və qərarların səmərəliliyini müəyyənləşdirməli, bununla da, Cənab Prezident İlham Əliyevin  təhsil siyasətini gerçəkləşdirməyə nail olmağa çalışmalıyıq. 


    Səkinə Rzayeva,
    Bakı şəhəri 228 nömrəli tam orta məktəbin direktoru
    PAYLAŞ:

    Oxşar xəbərlər