Prezident İlham Əliyev: Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm.
Bu gün Xocalı azaddır. Ötən ilin sentyabr ayında Azərbaycan silahlı qüvvələrinin Xankəndidə birgünlük antiterror əməliyyatı nəticəsində 31 il sonra Xocalı da öz azadlığına qovuşdu. Həmin lokal xarakterli tədbir ilə 2020-ci ildə əldə etdiyimiz Zəfər üzərinə yeni bir Zəfər gəldi və ümumilikdə işğal altında olan ərazilərimizin düşməndən xilası başa çatdı. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü, konstitusiya quruluşunu bərpa etdi.
Bu il ilk dəfədir ki, Xocalı faciəsini onun azadlığı şəraitində anırıq. Hər zaman anmalıyıq da. Çünki illər, əsrlər sonra belə düşmən erməninin Xocalıda törətdiyi soyqırımı əsla unudulmayacaq. Eləcə də Xocalının düşməndən azad edildiyi gün tariximizin şanlı səhifəsini təşkil etdiyi üçün hər zaman qürurla anılacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” 2022-ci il 28 yanvar tarixli Sərəncamında qeyd olunur: “Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır... Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı... 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.
Bu gün hər bir azərbaycanlı Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və birgünlük antiterror əməliyyatı zamanı düşmən üzərində qazandığımız tarixi qələbənin qürurunu da yaşayır. Qəhrəman ordumuz Ali Baş
Komandanımızın əmri ilə 2020-ci il sentyabrın 27-də başladılan “Dəmir yumruq” əməliyyatı ilə düşməni darmadağın edərək doğma Qarabağımızı 30 ilə yaxın əsarətdən xilas etdi. Şanlı Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının icraçılarından da var idi.
“Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq”, – deyən cənab İlham Əliyev çıxışlarında bu fikri də səsləndirmişdir: “Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”.
Bu gün qürur duyuruq ki, faciənin 32-ci ilində Xocalıda Azərbaycan bayrağı dalğalanır. Bu əzəmətli bayraq Ali Baş Komandan İlham Əliyevin əzmi və minlərlə şəhid və qazimizin şücaəti ilə dalğalanır Xocalıda. Onun dalğaları hər bir xocalılının qisasının alındığını yayır yurd yerlərinə. Prezident İlham Əliyevin dediyi kimi: Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm.
O bayrağın dalğalarını həm də bütün dünya görür. Görür ki, illərlə susduğu, həlli üçün bir addım atmadığı məsələni Azərbaycan dövləti necə həll etdi.
Paşayev Teymur,
Masallı rayon Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbinin laborantı