Xalqımız hər il olduğu kimi bu il də Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir.Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib.Artıq dörd ildir ki, xalqımız Xocalı soyqırım qurbanlarını xatirələrini əziz tutur və abidəərini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Prezident İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı”.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuz illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Hazırda Azərbaycanın üçrəngli Dövlət bayrağı işğaldan azad edilən torpaqlarımızda – Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada Xocalıda, Laçında, Xankəndində dalğalanır.Azərbaycan xalqı və hər birimiz Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq.
Hər birimiz 32 il əvvələ qayıdır, o amansız soyqırımını, onun günahsız qurbanlarının xatirəsini yenidən yad edirik və daim əziz tutacağıq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törətdi.
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması hər zaman Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasındadır. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Fondun "Xocalıya ədalət!" kampaniyasınin sistemli fəaliyyətinin nəticəsidir ki, dünyanın 17 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul ediblər. "Xocalıya ədalət!" kampaniyasınin məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.
Xocalı soyqırımını törətməklə erməni millətçiləri məkrli məqsədlər güdürdü. Xalqı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək. Amma hiyləgər və amansız düşmənin niyyətləri baş tutmadı. Azərbaycanda torpaqlarımızın müdafiəsi uğrunda hər an şəhid olmağa hazır olan vətənpərvər nəsil yetişdi və 30 illik işğala qəhrəmanlıqla son qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib: “Ermənilərin fikri özlərinə getməsin. Onlar, bəlkə də, öz tarixi vətənini unuda bilərlər. Azərbaycan xalqı heç vaxt öz tarixi vətənini unuda bilməz. Bu gün qaçqın şəhərciklərində, Bakıda, başqa yerlərdə Dağlıq Qarabağdan, işğal edilmiş bölgələrdən olan ailələrdə doğulan uşaqlar bir amalla, bir arzu ilə yaşayırlar ki, doğma torpaqlarına qayıtsınlar”. Milli ideyaya, güclü siyasi iradəyə əsaslanan bu fikir 2020-ci ilin sentyabrında real həyatda da öz təsdiqini tapdı.
Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan igid oğullarımız bədnam düşmənin işğalçılıq siyasətinə, gündən-günə daha da böyüyən iddialarına, yeni işğalçılıq planlarına birdəfəlik son qoydular və xalqımızın tarixinə parlaq Qələbə yazdılar. Haqq-ədalət bərpa olundu.19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Xocalı şəhəri azad olundu.Yevlax raronunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan respublikasının nəzarətinə keçdi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır.
Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib lider və qalib xalq kimi Xocalıda ziyarət edir. Düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Dilgüşə Məmmədova,
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi