Heç şübhəsiz ki, Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında adı çəkilən sənədin imzalanması çox düzgün və gələcəyə hesablanmış bir addım oldu. Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkə ilə imzalanmış bu müqavilənin böyük əıhəmiyyət kəsb etdiyini bildirmişdir: "Bu gün imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə böyük tarixi əhəmiyyətə malik olan bir sənəddir.
Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamış və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına təkan vermişdir.
Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən cəmi iyirmi bir gün sonra Türkiyə ölkəmizi ilk tanıyan dövlət olmuş və 1992-ci il yanvarın 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradılmışdır. Həmin vaxtdan Türkiyənin Azərbaycanda səfirliyi və Naxçıvanda Baş Konsulluğu açılmış, 1992-ci ilin avqust ayından Azərbaycanın Türkiyədə səfirliyi, 1993-cü ilin yanvar ayından İstanbulda, 2004-cü ilin aprelin 12-dən isə Qarsda baş konsulluqları fəaliyyət göstərir.
Müstəqilliyin ilk illərində Türkiyə iki qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda respublikamızın səylərini daim dəstəkləməklə, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərmişdir. Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdəki kursun yüksələn xətt üzrə inkişafını təmin etdi.
Azərbaycan Prezidenti kimi Heydər Əliyevin Türkiyəyə 1994-cü il fevralın 4-dən 11-dək davam edən ilk rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına yeni təkan verdi. Səfər zamanı Azərbaycanla Türkiyə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə və digər məsələlər haqqında 16 mühüm sənəd imzalandı.
Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından eləcə də, geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir.
İkitərəfli əlaqələrin yüksək səviyyəyə qalxması ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda Türkiyə ilə əlaqələrin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt dövlət başçısı cənab İlham Əliyev tərəfindən inkişaf etdirilərək strateji tərəfdaşlığın dərinləşməsinə nail olunmuşdur.
Ceyhun Hüseynov,
Masallı MRX İƏ üzrə mütəxəssis