Xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir. Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Onun üçün əsas şərt xalqını arxasınca aparmağı bacaran güclü lider amilinin olmasıdır. Xalq ona görə cənab Prezidenti sevir ki, o, ötən 20 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməyi bacarıb. O heç vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, Azərbaycan dövlətinin və xalqının milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır.
20 il öncə Ümummilli Liderimizin siyasi kursunun sabitlik və inkişaf yolu olduğunu görən xalq keçirilən prezident seçkilərində dahi öndərin layiqli varisi cənab İlham Əliyevi dəstəkləyərək prezident seçdi. 31 oktyabr tarixdə keçirilən andiçmə mərasimində cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin qarşısında bu vədi verdi: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. Cənab İlham Əliyev, eyni zamanda əminliyini ifadə etmişdi ki, Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcək. Azərbaycanda demokratiya daha da inkişaf edəcək. Siyasi plüralizm, söz azadlığı təmin olunacaq. Ölkəmiz müasir dövlətə çevriləcək. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir: “Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.”
Bu illər Azərbaycan tarixində inkişafla başlayıb zəfərlə davam edən ən qüdrətli mərhələ oldu. “Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqıdır, Azərbaycan xalqının iradəsidir”, – deyən cənab İlham Əliyevin fəaliyyətinin əsas qayəsi onun daim xalqın yanında olması, xalqının isə ona böyük inam və etimad göstərməsi idi. O, xalqa ilk müraciətində “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” - demişdi. Belə də oldu. Bu illər ərzində O, verdiyi hər bir sözə əməl etdi, O, azərbaycanlılar üçün, sadəcə, prezident deyil, layiqli prezident olmağı bacardı. Bu gün Azərbaycan xalqı yenidən vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Liderinə ehtimad göstərərək onu bir daha özünə Lider seçdi. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti nəticəsində son 20 ildə ölkənin sosial-iqtisadi sahədə əldə edilən nailiyyətləri bu cür qiymətləndirilir.
Dünya Bankının qiymətləndirilmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub;
Son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-nin real həcmi 4 dəfə artıb;
Dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur;
20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, ortaaylıq pensiya 18 dəfə, yaşa görə ortaaylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdən 30 dəfə artaraq 6 milyard manata çatıb.
2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib, ortaaylıq əməkhaqqı 77.4 manatdan 839,4 manata yüksəlib;
Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına yüksəlib;
Ötən müddət ərzində əsas hissəsi bölgələrə aid olmaqla, 3.600-dən çox məktəb, 450-dən çox uşaq bağçası, 760-a yaxın tibb müəssisəsi, 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər tikilib və ya təmir olunub, 43 Olimpiya İdman Kompleksi tikilib;
Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 12 milyard manatdan artıq vəsait ayrılmışdır;
Prezident cənab İlham Əliyev təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də həyata keçirdiyi uğurlu addımlar nəticəsində ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərib. Bu gün ölkəmiz qlobal əhəmiyyətli təşəbbüslərin müəllifidir. Azərbaycan bu gün dünyada etibarlı strateji tərəfdaş imici ilə tanınır. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edir. Prezidentin özünün də dediyi kimi, “Həyata keçirilən siyasətin mərkəzində insan amili” durur. Prezidentin siyasətində humanizm prinsipinin, multikulturalizm ənənəsinin inkişaf etdirilməsi, eləcə də güclü milli birlik və vətəndaş həmrəyliyi xüsusi istiqamət təşkil edir.
Əsgər Əsgərov,
Masallı rayonu, Binə Xocavar kəndi