Azərbaycanda Könüllülük Hərəkatı

Azərbaycanda Könüllülük Hərəkatı
  • Cəmiyyət

  • Könüllülük öz iradə və seçimi əsasında heç bir maddi qazanc güdməyən və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. Hazırda dünyada insanların həyat şəraitinin yaxşılaşdırılması üçün  təmənnasız əmək sərf edən könüllülərin sayı milyonlarladır.
                 
    Könüllülük fəaliyyətinin kökündə cəmiyyət üçün faydalı işlər reallaşdıraraq problemlərin həllində iştirak etmək, həyatında dəyişiklik etmək arzusu,  özünü inkişaf etdirərək təcrübə toplamaq, yeni dostlar qazanmaq, səninlə eyni düşüncə və amalı paylaşan insanlarla görüşmək yer alır.BMT Baş Assambleyasının 1985-ci ildə qəbul etdiyi qətnamə ilə hər il dekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. 
    Azərbaycanda könüllülük fəaliyyəti sahəsində yüksəliş Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldikdən sonrakı dövrə təsadüf edir. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyinin (indiki Gənclər və İdman Nazirliyi), BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının bu istiqamətdə birgə layihəsi həyata keçirilib. 

    Prezident İlham Əliyevin diqqət və qayğısı könüllülüyün günümüzdəki inkişaf səviyyəsinə çatmasını təmin edib. 2009-cu ildə Milli Məclisin "Könüllü fəaliyyət haqqında" qanun qəbul etməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında mühüm təkanverici rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər siyasəti sahəsində, xüsusilə könüllülük hərəkatının inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarının qarşısına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulub.
               Prezident İlham Əliyevin 2019-cu ilin dekabrın 30-da “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalaması gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək baxımından xüsusi önəm kəsb edir. Sərəncamda qeyd edildiyi kimi, könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. 
                 Ölkəmizin evsahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1" və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olunmuşdu. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda təcrübəli könüllü bazası yaranıb formalaşdı. Qazanılmış bu uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da çox böyük əməyi və rolu var.Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizdə 2020-ci ilin "Könüllülər ili" elan edilməsi gəncliyin potensialından respublikamızın dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək baxımından mühüm əhəmiyyət kəsb etdi. Həmin il bütün dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq Azərbaycan könüllüləri hökumətə dəstək fəaliyyətində xüsusi olaraq seçildilər. Ölkəmizin "ASAN Könüllüləri" Təşkilatı, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, "Könüllü DOST" Proqramı, "Aqrar İnkişaf Könüllüləri" İctimai Birliyi, "İslahat Könüllüləri" Təşkilatı, "Nəqliyyat Könüllüləri" Proqramı, Könüllülük Proqramı, "Miqrasiya Könüllüsü" İctimai Birliyi, "Könüllü gömrükçü" Dəstəsi, "Turizm Könüllüləri" Təşkilatı, "Eko könüllüləri" Qrupu, Könüllülər Proqramı Qrupu, "Gənc Könüllülər" Hərəkatı, "Azərbaycan Diaspor Könüllüləri" Proqramı və digər könüllü təşkilatlarında fəaliyyət göstərən yüz minlərlə könüllü Azərbaycan gəncliyinin parlaq gələcəyi, ölkəmizin inkişafı, xalqımızın rifahının yaxşılaşması istiqamətində öz əvəzolunmaz töhfələrini verməsi çox sevindiricidir.

    2023-cü il dekabrın 13-də Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan və ölkəmizdə fəaliyyət göstərən 3 minə yaxın Azərbaycan könüllüsünü bir araya toplayan "Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu" keçirilib.
               
    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə deyilir: "Əziz gənclər!Sizi - Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarını salamlayır, Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edir və hamınıza cansağlığı, gələcək işlərinizdə nailiyyətlər arzulayıram.
    Forumun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə elan olunmuş "Heydər Əliyev İli" çərçivəsində təşkili xüsusi əhəmiyyət daşıyır. Könüllülük hərəkatı məhz Ulu Öndərin xeyir-duası ilə geniş vüsət alaraq Azərbaycan gənclərini vahid platformada birləşdirmiş və ötən müddət ərzində ictimai həyatımızın ən müxtəlif sahələrini əhatə etmişdir. Zəngin mədəni-mənəvi dəyərlərimizi rəhbər tutan hərəkat əməli fəaliyyətində xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri təcəssüm etdirmiş, cəmiyyətin etimadını layiqincə doğrultmuşdur".

    Könüllülərin il ərzində göstərdikləri nəcib fəaliyyətləri diqqət mərkəzində saxlamaq və onlara təşəkkür etmək məqsədilə təşkil edilən forum Karyera Sərgisi ilə başlayıb. Sərgi zamanı könüllülər 40-a yaxın müxtəlif yerli və xarici şirkətlərin iş imkanları barədə ətraflı məlumat əldə ediblər. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin gənclərə ünvanladığı dəyərli tövsiyələrin Azərbaycan gənclərinin və könüllülərinin inkişafında hər zaman müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar. Forumda çıxış edənlər xüsusi olaraq bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclər, könüllülər Vətən müharibəsi gedişində böyük şücaət və qəhrəmanlıq göstərərək möhtəşəm Zəfərin qazanılmasına böyük töhfə veriblər.Forum çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə 100 Azərbaycan könüllüsü il ərzindəki fəal təşəbbüslərinə görə mükafatlandırılıblar. Mükafatlandırılan könüllülərin çıxışları ilə davam edən forumun gedişatında Azərbaycan könüllüləri adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.Forumda Ulu Öndər Heydər Əliyevə, o cümlədən könüllülərin müxtəlif dövrlərdə fəaliyyətinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

    Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu ölkəmizdə könüllülük hərəkatına böyük təkan verəcək və bu hərəkat daha da geniş vüsət alacaq. Könüllülərin sırasına yüzlərlə, minlərlə gənc qatılacaq. 
                     


    Zaidov Mehman            
    Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi

    PAYLAŞ:

    Oxşar xəbərlər