AMEA Rəyasət Heyətinin Humanitar Elmlər Bölməsinin (HEB) və Naxçıvan Bölməsinin 2023-cü il üzrə illik hesabatlarının müzakirəsinə həsr olunmuş iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, bölmənin üzvləri, bölmənin elmi müəssisələrin direktorları, direktor müavinləri, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, şöbə müdirləri, gənc alim və mütəxəssisləri və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə bölmələrin 2023-cü il üzrə əldə etdiyi nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Müzakirəyə çıxarılan ilk məsələ “Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planı” haqqında olub.
Akademik İsa Həbibbəyli bildirib ki, dövlət başçısının cari ildə AMEA qarşısında qoyduğu mühüm vəzifələrdən biri də Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunmasıdır. AMEA-nın Naxçıvan Bölməsində bölgənin qədim tarixinin, zəngin mədəni mühitinin, görkəmli klassiklərimizin, dərin köklərə malik folklorumuzun, arxeologiya və etnoqrafiyanın öyrənilməsi və s. istiqamətlərdə önəmli tədqiqatların aparıldığını deyən akademik İsa Həbibbəyli alimlərimizin dövlət başçısının Muxtar Respublikanın 100 illiyi ilə bağlı tapşırığını layiqincə yerinə yetirəcəklərini bildirib.
Sonra Humanitar Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planının layihəsini təqdim edib. Başda AMEA Rəyasət Heyəti, Gürcüstan Elmlər Akademiyası, Türkiyə Elmlər Akademiyası və Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun birgə müəllifliyi ilə “Naxçıvan Muxtar Respublikası: siyasi tarixi proseslər və müasir dövr” adlı və digər nəşrlərin hazırlanması, çoxsaylı tədbirlərin, sərgilərin keçirilməsi qərara alınıb.
İclasda müzakirə olunan növbəti məsələ AMEA-nın Humanitar Elmlər Bölməsinin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında olub.
Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən Birinci Türkoloji Qurultayın bu zalda keçirildiyini, türk xalqlarının inkişafında mühüm rol oynayan bir sıra qərarların qəbul edildiyini söyləyib. Bildirib ki, bunların içərisində latın əlifbasına keçid və ortaq türk dilinin yaradılması ilə bağlı qərarı xüsusi qeyd etmək lazımdır.
Akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıq işlərinə başlanacağını və bu məsələdə bölmənin üzərinə böyük məsuliyyət düşdüyünü, Qurultayda qaldırılan dil problemləri və digər məsələlərin bu gün də aktual olduğunu deyib və dərindən öyrənilməsi zərurətini vurğulayıb.
Daha sonra bölmənin hesabatını təqdim edən Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədrinin müavini akademik Teymur Kərimli diqqətə çatdırıb ki, 2023-cü ildə HEB-in elmi müəssisələrdə 34 problemə aid 75 mövzuya dair 469 tədqiqat işi, 267 mərhələ aparılıb, 37 mövzu, 393 iş, 213 mərhələ tamamlanıb.
Bölmənin elmi müəssisələrin nəşr fəaliyyəti barədə məlumat verən akademik Teymur Kərimli bildirib ki, 2023-cü ildə bölmə əməkdaşlarının 108 kitabı (9-u xaricdə), 65 monoqrafiyası (7-si xaricdə), 2078 məqaləsi (321-i xaricdə), 443 tezisi (122-si xaricdə), 10 dərslik, dərs vəsaiti və elmi-kütləvi nəşri çap edilib, bu məqalələrdən 35-i “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda dərc olunub, əməkdaşların əsərlərinə 1934 istinad qeydə alınıb.
Qeyd edib ki, 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın humanitar yönümlü elmi tədqiqat müəssisələrində Ümummilli Liderin irsinin daha əhatəli öyrənilməsi məqsədilə fundamental tədqiqatlar aparılıb, 24 kitab və monoqrafiya (“Kitabi-Dədə Qorqud eposu: Heydər Əliyevdən – İlham Əliyevə”, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, “Heydər Əliyev və klassik irs”, “Heydər Əliyev və şifahi xalq yaradıcılığı”, “Təsviri sənətdə Heydər Əliyev obrazı” və s.), 3 konfrans materialı və jurnalların 2 xüsusi buraxılışı nəşr edilib. Həmçinin diqqətə çatdırıb ki, Humanitar Elmlər Bölməsinin alimləri AMEA Rəyasət Heyəti tərəfindən hazırlanan “Heydər Əliyev Ensiklopediyası” layihəsinin hazırlanmasında, “Şəxsiyyətin miqyası və missiyası” kollektiv monoqrafiyasının nəşrində, həmçinin AMEA Rəyasət Heyətinin rəhbərliyi ilə təşkil olunmuş 15 tədbirdə (xüsusi iclas, Ümumi yığıncaq, elmi konfranslar və s.) yaxından iştirak ediblər.
Məruzəçi, həmçinin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında”, “Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında”, “Şuşa şəhərinin 2023- cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət başçısının sərəncamları çərçivəsində görülmüş işləri diqqətə çatdırıb.
Bundan əlavə, Qərbi Azərbaycanın ədəbiyyatının, toponimikasının, əlyazma irsinin, mədəniyyətinin və folklorunun öyrənilməsi ilə bağlı AMEA Rəyasət Heyətinin qərarları ilə Nəsimi adına Dilçilik İnstitutunda Toponimika, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsinin, eləcə də Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə Şurasının yaradıldığını və mühüm işlərin görüldüyünü vurğulayıb.
Akademik Teymur Kərimli, həmçinin bölmə əməkdaşlarının elmmetrik göstəricilərini təqdim edib, kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq və təltiflər, Vikipediya Virtual Ensiklopediyasında, eləcə də AMEA-nın müəssisələrinin saytlarının və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.
Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Humanitar Elmlər Bölməsinin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb. Bölmə üzrə elmi müəssisələrin rəhbərlərinə Rəyasət Heyəti tərəfindən həyata keçirilən islahatlara uyğun olaraq strukturun optimallaşdırılması, beynəlxalq əlaqələrin inkişafı, elektron elmin inkişafı, gənclərin dəstəklənməsi, tədqiqatların prioritetlərinin dünyanın müasir çağırışlarına və ölkənini sosial-iqtisadi inkişaf tendensiyalarına uyğunlaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi tapşırılıb.
AMEA-nın Naxçıvan Bölməsinin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı isə bölmənin sədri akademik İsmayıl Hacıyev təqdim edib. Qeyd olunub ki, AMEA-nın Naxçıvan Bölməsində elmi-tədqiqat işləri 1 akademik, 3 AMEA-nın müxbir üzvü, 3 elmlər doktoru, 19 fəlsəfə doktoru, 8 dissertant olmaqla 34 elmi işçi tərəfindən aparılıb. 3 istiqamət, 3 prоblemi əhatə edən 3 mövzu üzrə 17 iş 34 mərhələdə yerinə yetirilib, 2 mühüm nəticə əldə olunub.
İl ərzində Naxçıvan Bölməsində 1 respublika konfransı, 30 bölmə səviyyəli elmi konfrans və tədbir, 12 kitab və monoqrafiyanın təqdimatı, habelə institutların Elmi şuralarında 18 iclas, tədqiqatlara dair 17 seminar keçirilib.
2023-cü ildə bölmənin 34 elmi əməkdaşının 12 monoqrafiyası, 8 kitabı, 1 metodik vəsaiti, 188 elmi məqaləsi, 93 konfrans materialı və 5 tezisi olmaqla 307 elmi əsəri nəşr edilib. Əsərlərdən 48-i xaricdə nəşr olunub, 190-ı beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çapdan çıxıb. Məqalələrdən 3-ü Scopus bazasında olmaqla, 8-i impakt faktorlu jurnalda dərc olunub. Hesabat dövründə bölmə əməkdaşlarının əsərlərinə 733 istinad qeydə alınıb.
Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Taleyi və sənəti” seriyası üzrə “Heydər Əliyev: həyatı və siyasi fəaliyyəti” adlı məqalələr toplusu, “Heydər Əliyev ideyaları və müasir dövr” respublika elmi konfransının ikicildlik materialları və “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” beynəlxalq konfransının materialları çap edilib.
Bundan əlavə, 2023-cü ildə beynəlxalq əməkdaşlıq məsələsi diqqətdə saxlanılıb, bölmə alimləri ABŞ, Polşa, Türkiyə, Rusiya və s. ölkələrin elm, təhsil müəssisələri və alimləri ilə sıx elmi əlaqələrdə оlub, səmərəli əməkdaşlıq ediblər. Azərbaycan-ABŞ arxeoloji ekspedisiyası uğurla davam edib, həm beynəlxalq, həm də yerli arxeoloji ekspedisiyalar nəticəsində yeni materiallar əldə olunub.
Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Naxçıvan Bölməsinin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb və bölməyə müvafiq tapşırıqlar verilib.
İclasda aparılan müzakirələrdə akademik Arif Həşimov, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə və başqaları çıxış edərək əldə olunan mühüm nəticələrlə bağlı fikirlərini bildirib.
Sonda çıxış edən akademik İsa Həbibbəyli bölmələrin 2023-cü il üzrə fəaliyyətini yüksək qiymətləndirib, onların qarşısında duran vəzifələri diqqətə çatdırıb və müvafiq tapşırıqlarını verib.