"Sədərək" ticarət mərkəzində yanğınla bağlı təlim keçirilib

"Sədərək" ticarət mərkəzində yanğınla bağlı təlim keçirilib
  • Cəmiyyət

  • Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

    FHN-dən Leqal.az-a bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) iştirakı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində təlim keçirilib.

    Təlimin məqsədi yanğın texnikalarının “şərti yanğın” həyəcan siqnalı ilə obyektlərə, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi, eyni zamanda müəssisənin yanğın təhlükəsizliyinə məsul əməkdaşlarının, orada işləyən şəxslərin maarifləndirilməsi olub.

    Təlim zamanı “Həyəcan” siqnalı verildikdən sonra DYMX-nin və ticarət mərkəzinin aidiyyəti yanğın avtomobilləri “şərti” yanğın yerinə yaxınlaşa bilməyiblər. Buna səbəb isə ticarət sıralarının keçid yollarında qanunsuz tikinti və yenidənqurma işlərinin aparılması, obyektlərin giriş hissələrində satış üçün nəzərdə tutulmuş malların yerləşdirilməsi olub.

    Həmçinin, təlim zamanı ticarət mərkəzində qəza-işıqlandırma sisteminin olmadığı, obyektlərin ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, daxili yanğın su kranlarının önünün ticarət malları ilə tutulduğu, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi, ərazidə saxlanılan avtomobillər arasında yanğına qarşı ara məsafələrinin gözlənilmədiyi müəyyən edilib. Eyni zamanda, məlum olub ki, mərkəzdə qeyri-standart elektrik və qaz avadanlıqlarının satışı aparılır, ticarət cərgələrinin giriş sahələri odadavamlılığı məlum olmayan materialla (alkopon üzlüklə) üzlənib, anbarlarda normadan artıq mallar yığılıb, ərazidə fəaliyyət göstərən kafelərdə propan qaz balonlarından istifadə olunur, tələb olunan sahələrdə ildırımötürücü qurğular quraşdırılmayıb, iaşə və müxtəlif təyinatlı obyektlərdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb.

    Qeyd olunan nöqsanların aradan qaldırılması barədə ticarət mərkəzinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, eyni zamanda yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə məlumatlar ticarət mərkəzində fəaliyyət göstərən sahibkarların və yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin diqqətinə çatdırılıb.

    FHN əməkdaşları tərəfindən, həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

    Sonda sahibkarlara Xidmət tərəfindən yanğın təhlükəsizliyi haqqında hazırlanmış çap məhsulları təqdim olunub.



    PAYLAŞ:

    Oxşar xəbərlər