Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib
  • Cəmiyyət

  • Noyabrın 29-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

    Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, Elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Dərya Örs, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, ali təhsil müəssisələrinin rektorları və KİV əməkdaşları iştirak ediblər.

    İclası AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.

    Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra cari il ərzində vəfat etmiş görkəmli alimlər - akademik Xoşbəxt Yusifzadə və AMEA-nın müxbir üzvü Mahmud Abdullayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Ümumi yığıncaqda akademik İsa Həbibbəylinin “AMEA-da yeniləşmə prosesləri: struktur islahatlarından elmi-tədqiqatların yenidən təşkilinə, elektron hərəkata və beynəlxalq elmi qurumlarda təmsil olunmağadək” mövzusunda giriş məruzəsi dinlənilib. AMEA rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycan regionda və dünyada böyük nüfuz qazanmış, öz sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur.

    Akademik İsa Həbibbəyli bildirib ki, hazırda elmin inkişafı dövlətin 2030-cu ilə qədərki müddəti əhatə edən inkişaf proqramlarında, rəsmi sənədlərində əsas strateji hədəflərdən biri olaraq qəbul edilir və nəzərdə tutulan müddət ərzində elmin müxtəlif sahələri üzrə tədqiqatların genişləndirilməsi, müasir təfəkkürlü və kreativ düşüncəli gənclərin erkən vaxtlardan elmi araşdırmalara cəlb edilməsi, elmi tədqiqatların rəqabətli və məqsədli maliyyələşdirilməsi mexanizminin yaradılması, texnologiyaların kommersiyalaşdırılması, innovativ inkişafda onların prioritetliyinə nail olunması planlaşdırılır.

    Dövlət siyasətinə uyğun olaraq, 2022-ci ilin sonlarından başlayaraq AMEA-da yeni islahatlara start verildiyini deyən akademik İsa Həbibbəyli bu islahatların, əsasən, ictimai və humanitar profilli elmi müəssisələrdən ibarət Akademiyanın dövlətin ideoloji və mədəni-mənəvi siyasətinin həyata keçirilməsindəki rolunun artırılmasına, Azərbaycan xalqının etnogenezinin, arxeologiyasının, etnoqrafiyasının, dilinin, folklorunun, ədəbiyyatının, maddi və qeyri-maddi mədəni abidələrinin, qədim əlyazmalarının, mədəniyyətinin, incəsənətinin, milli-memarlıq məktəblərinin, tarixinin, müasir çağırışlar, nəzəri-metodoloji və sosial-antropoloji baxışlar, o cümlədən Azərbaycançılıq prinsipləri əsasında araşdırılmasına yönəldiyini bildirib.

    Qeyd olunan elmi istiqamətlərə uyğun olaraq bir sıra digər elmi-təşkilati tədbirlərin də həyata keçirildiyini deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, beynəlxalq elmi əlaqələrin yeni ideoloji əsaslar üzərində qurulması, xüsusən türkdilli ölkələr və onların elmi qurumları ilə əlaqələrin gücləndirilməsi, Akademiyanın nüfuzlu beynəlxalq qurumlara üzvlüyünün təmin edilməsi, elmi istiqamətlərlə elmi müəssisələrin strukturu arasında optimal struktur modellerinin müəyyənləşdirilməsi, paralelliklərin aradan qaldırılması qeyd olunan təşkilati tədbirlər sırasına daxildir.   

    Elm və təhsilin inkişafı ilə bağlı ən mühüm hadisələrdən birinin Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı olduğunu bildirən akademik İsa Həbibbəyli sözügedən sənədin icrasından irəli gələn məsələlərin həlli məqsədilə AMEA-nın Rəyasət Heyətinin və AMEA-nın Ümumi yığıncağının müvafiq qərarlar qəbul etdiyini, kompleks tədbirlər həyata keçirdiyini söyləyib.

    Həmçinin qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı respublikada həyata keçirilən tədbirlər içərisində Akademiya rupora, flaqmana çevrilib, AMEA-da konkret Tədbirlər planı çərçivəsində Heydər Əliyev irsinin tədqiqi, çoxsaylı tədbirlərin keçirilməsi, müxtəlif nəşrlərin reallaşdırılması istiqamətində çoxşaxəli tədbirlər görülüb. Bu istiqamətdə, o cümlədən “Heydər Əliyev: lider, zaman və müasirlik” mövzusunda AMEA-nın Ümumi yığıncağının xüsusi iclasınının keçirildiyini, olduqca fundamental bir nəşr olan “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanmağa başladığını deyib.

    “Hazırki şəraitdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regionda və dünyada böyük nüfuz qazandığı bir dövrdə dövlət siyasətinin mühüm prioritetlərindən birini Qərbi Azərbaycana qayıdış konsepsiyası təşkil edir. Bu dövlət siyasəti bütün digər qurumlarla yanaşı, AMEA qarşısında da bir sıra yeni vəzifələr müəyyənləşdirir. AMEA-da Qərbi Azərbaycanla bağlı kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Əlaqələndirmə şurası Tədbirlər planı hazırlayıb. Həmçinin AMEA-nın Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru, Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi, Nəsimi adına Dilçilik İnstitutunda isə Qərbi Azərbaycan toponimlərinin tədqiqini nəzərdə tutan Toponimika şöbələri yaradılıb”, - deyə AMEA prezidenti diqqətə çatdırıb.

    AMEA-da başlanan və sürətlə davam etdirilən “Elektron Akademiya” hərəkatının həyata keçirilməsi üçün aparılan elmi-təşkilati işlərin struktur islahatlarının miqyasını daha da genişləndirdiyini deyən akademik İsa Həbibbəyli hazırda Milli Elmlər Akademiyası özünün yeniləşmə hərəkatı mərhələsini yaşamaqda olduğunu vurğulayıb.

    Bildirib ki, AMEA Rəyasət Heyətinin 18 yanvar 2023-cü il tarixli qərarı ilə AMEA Rəyasət Heyəti aparatının strukturunda daxili imkanlar hesabına Elmlər Akademiyaları sistemində ilk dəfə olaraq “Elektron Akademiya” şöbəsi yaradılıb. Ötən müddət ərzində “Elektron Akademiya” şöbəsi tərəfindən “Vikipediya” virtual ensiklopediyasının Azərbaycan dili bölməsinin zənginləşdirilməsi, AMEA elmi jurnallarının Rəqəmsal Obyekt İndetifikatoru (DOİ) ilə təmin edilməsi, AMEA-nın dövri elmi jurnallarının nüfuzlu beynəlxalq elmmetrik elektron baza reyestrlərinə daxil olunmasını təmin etmək məqsədi ilə onların saytlarının həmin tələblərə uyğunlaşdırılması, elmi müəssisələrin saytlarının və sosial şəbəkə profillərinin fəaliyyətinin müntəzəm olaraq monitorinqinin təşkil edilməsi, AMEA-nın elmi jurnallarının TÜBİTAK-ın ULAKBİM DərgiParkı-na daxil edilməsi, türkdilli elmi mühitdə yayımlanması və istinadların qeydə alınması istiqamətində mühüm işlərin həyata keçirildiyini bildirib.

    Akademik İsa Həbibbəyli həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini beynəlxalq əlaqələrin müasir tələblər səviyyəsində yenidən qurulmasının təşkil etdiyini deyib. Həyata keçirilən tədbirlər nəticəsində AMEA-nın Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasına (AASSA), Avrasiya Universitetlər Birliyinin (EURAS) və Beynəlxalq Elmi Şuranın rəsmi üzvlüyünə, AMEA-nın “Elm” Nəşriyyatı isə Avropa Elmi Redaktorlar Assosiasiyasına üzv kimi qəbul edildiyini vurğulayıb.

    Həmçinin AMEA-da gənclərin elmə cəlb edilməsi, onların fəaliyyətinin stimullaşdırılması ilə bağlı məqsədyönlü işlərin aparıldığını, “İlin Gənc alimi” mükafatının təsis edildiyini və “Gənc tədqiqatçı” jurnalının sayının ildə 4 dəfəyə (biri ingiliscə) qədər artırıldığını vurğulayıb.

    Akademik İsa Həbibbəyli ölkə başçısı tərəfindən AMEA-nın yeni Nizamnaməsinin təsdiq edilməsinin 80 ilə yaxın şərəfli bir inkişaf yolu keçmiş və bütün dövrlərdə ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına mühüm töhfələr vermiş Elmlər Akademiyasının müasir dövrdə, ölkəmizin dünyada və regionda geosiyasi və iqtisadi arxitektonikanın müəyyənləşməsində əsas faktora çevrildiyi bir vaxtda yeni tərəqqi mərhələsinə qədəm qoyması baxımından mühüm əhəmiyyətə malik olduğunu deyib.

    Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Ümumi yığıncağı son bir il ərzində AMEA-da həyata keçirilən çoxşaxəli islahatları qənaətbəxş hesab edib və müvafiq tapşırıqlar verib.

    Ümumi yığıncaqda müzakirə edilən növbəti məsələ “Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə”nin təsdiqinə dair olub. Məsələ ilə bağlı AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik-katib, akademik Arif Həşimov bildirib ki, ölkə başçısının 3 noyabr 2023-cü il tarixli Fərmanı ilə təsdiqlənmiş AMEA-nın yeni Nizamnamənin 7.2.5. bəndində “Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə”nin hazırlanması və Ümumi yığıncaqda təsdiqi nəzərdə tutulub. Onun sözlərinə görə, sözügedən Əsasnamə hazırlanaraq müzakirə üçün AMEA-nın Rəyasət Heyətinə təqdim edilib və geniş müzakirələrdən sonra bu barədə AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.

    Akademik Arif Həşimov daha sonra “Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə”nin Ümumi müddəaları, Akademiya üzvlərinin seçkilərinin təşkili və keçirilməsi qaydaları və Akademiya üzvlərinin vəzifə və funksiyaları haqqında məlumatı diqqətə çatdırıb.

    Müzakirələrdən sonra AMEA-nın Ümumi yığıncağı “Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərin təşkili və keçirilmə qaydası haqqında Əsasnamə”ni təsdiq edib.

    Daha sonra çıxışlar dinlənilib.

    Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, ali təhsil müəssisələri ilə elmi müəssisələrin, eləcə də elmlə istehsalatın inteqrasiyası, elmi nəticələrin kommersiyalaşdırılması, elmi məqalələrə istinadların sayının çoxaldılması, elmi nəticələrin beynəlxalq məkana çıxarılması, doktorantura pilləsi üzrə təhsilin təkmilləşdirilməsi, maliyyələşmə alqoritmlərinin işlənib hazırlanması bu gün nazirliyin qarşısında başlıca məqsədlərdəndir. Emin Əmrullayev, həmçinin alimlərin fəaliyyətinin stimullaşdırılması, nəticəyə uyğun maliyyələşdirilməsi, layihə və qrantlara önəm verilməsi kimi məsələləri də diqqətə çatdırıb. Eyni zamanda ölkə başçısının Sərəncamı ilə yaradılmış Qarabağ Universitetində tədrisin qısa zamanda təşkili üçün bütün mümkün resurslardan istifadə olunacağını söyləyib.

    Sonra çıxış edən Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Dərya Örs tədbirə dəvətə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib, ölkələrimiz arasında sürətlə inkişaf edən əlaqələrin elm sahəsində də yüksələn xətlə irəlilədiyini, bu gün Akademiya ilə rəhbərlik etdiyi qurumun sıx münasibətləri olduğunu bildirib. Azərbaycanın tam ərazi bütövlüyünü bərpa etməsinin bütün Türk dünyasında sevinclə qarşılandığını deyən D.Örs həmin günlərdə AMEA-nın və Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun təşkilatçılığı ilə Beynəlxalq Oğuz Türkcəsi konfransının keçirildiyini xatırladıb.

    AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva çıxışında Akademiyada “Heydər Əliyev İli” çərçivəsində, akademik Zərifə xanım Əliyevanın 100 illiyi ilə bağlı, eləcə də Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması, həmçinin digər istiqamətlərdə görülmüş işlər, keçirilmiş tədbirlər, işıq üzü görmüş nəşrləri diqqətə çatdırıb.

    AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev isə çıxışında elektron Azərbaycanın, onun mühüm tərkib hissəsi olan elektron elmin formalaşması və inkişafı ilə əlaqədar dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü dövlət siyasətinin həyata keçirildiyini vurğulayıb. O bildirib ki, elektron Akademiya elektron elmin tərkib hissəsidir və Elektron Akademiya AMEA rəhbərinin elmə gətirdiyi yenilikdir. Son zamanlar süni intellekt texnologiyalarının insanların həyatına sürətlə daxil olduğunu deyən akademik Rasim Əliquliyev vurğulayıb ki, artıq bu gün süni intellekt həm də humanitar və ictimai elmlərin tədqiq obyektinə çevrilir.

    AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxışında Qərbi Azərbaycana qayıdışla, eləcə də həmin ərazilərdəki tarixi yer adlarımızın bərpası ilə bağlı görülmüş işlərdən, Qərbi Azərbaycan İcmasının bu istiqamətdəki fəaliyyətindən danışıb.

    Çıxışlardan sonra bir sıra təşkilati məsələlərə baxılıb. AMEA-nın Ümumi yığıncağı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu adlandırılması, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun isə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılması haqqında AR Nazirlər Kabineti qarşısında vəsatət qaldırıb.

    Ümumi yığıncaqda müzakirə olunan növbəti məsələ Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi haqqında olub. Qeyd olunub ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA-da elmi prioritetlərin müəyyənləşdirilməsinə və Elmlər Akademiyasının beynəlxalq elmi əməkdaşlığının gücləndirilməsinə verə biləcəyi töhfələri nəzərə alaraq, dünya miqyasında tanınmış elm xadimi, Türk dünyasının elm sahəsində ilk Nobel mükafatı laureatı, professor Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı təşəbbüs irəli sürüb və məktubla ona müraciət edib. Vurğulanıb ki, professor Əziz Səncər akademik İsa Həbibbəylinin təklifinə müsbət cavab verib və Azərbaycanda elmin inkişafına əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib.

    AMEA-nın Kimya Elmlər Bölməsinin Ümumi yığıncağının vəsatətini nəzərə alaraq, AMEA-nın Ümumi yığıncağında Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı açıq səsvermə keçirilib.  Səsvermənin nəticələrinə əsasən, Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib.

    Bundan əlavə, Ümumi yığıncaqda AMEA-nın regional elmi bölmələrinin sədri vəzifəsinə seçkilər də keçirilib. Bunun üçün akademik Urxan Ələkbərovun sədrliyi ilə Hesablama Komissiyası yaradılıb.

    Seçkinin nəticəsinə əsasən, akademik İsmayıl Hacıyev AMEA-nın Naxçıvan Bölməsinin, akademik Fuad Əliyev isə AMEA-nın Gəncə Bölməsinin sədri vəzifəsinə seçiliblər.

    Daha sonra bir sıra cari məsələlərə baxılıb. AMEA-nın Elm Tarixi İnstitutunun, AMEA-nın nəzdində “Elm və Texnologiya Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin, AMEA-nın Mərkəzi Nəbatat Bağının, AMEA-nın Təmir-tikinti və quraşdırma idarəsinin, AMEA-nın təsərrüfat hesablı Avtobazasının, AMEA-nın Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosunun və AMEA-nın “Selen” Elmi İstehsalat Birliyinin ləğv edilməsinin rəsmiləşdirilməsinin başa çatdırılması haqqında qərarlar qəbul olunub.


    PAYLAŞ:

    Oxşar xəbərlər