Azərbaycan Respublikasının rəsmi simvollarından olan bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 2004- cü il iyunun 8-də isə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsini rəhbər tutaraq 7 №li, 515 saylı maddə ilə “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” yeni qanun imzalamışdır. Həmin qanunda Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşması, Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görülməsi nəzərdə tultulmuşdur.
Qanuna əsasən, Dövlət bayrağı Azərbaycan Respublikasının Prezident sarayının və dövlət iqamətgahlarının üzərində, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Məhkəmə-Hüquq Şurasının, mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Hesablama Palatasının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası mərkəzi və yerli icra hakimiyyəti orqanlarının binaları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin yerləşdiyi binanın üzərində daimi qaldırılmalı, diplomatik nümayəndəliklər və konsulluqlarının binalan üzərində, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iqamətgahları üzərində isə beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq ucaldılmalıdır.
Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin istifadəsi haqqında 4- cü maddədə mülki hava gəmilərinin və Azərbaycan Respublikasının hüdudlarından kənara uçuşlar üçün istifadə olunan hərbi nəqliyyat hava gəmilərinin üzərində vurulması, rəsmi döş nişanlarının elementi kimi istifadə edilməsi qeyd edilir.
Matəm günlərində isə Dövlət bayrağının dəstəyinin və ya dirəyinin yuxarı hissəsinə eni 10 santimetr olan qara lent bərkidilir və (və ya) Dövlət bayrağı bayraq dirəyinin yarısına qədər endirilir.
Azərbaycan Respublikasının Dövlət bayrağı qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa və ya yerləşdirilirsə, həmin bayraqların ölçüsü Azərbaycan Respublikası Dövlət bayrağının ölçüsündən böyük ola bilməz. Azərbaycan Respublikasının Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz. Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.
Gördüyümüz kimi, ölkəmizdə dövlət bayrağından istifadə qaydaları barədə mükəmməl qanunvericilik bazası yaradılıb və dövlət bayrağından düzgün istifadə edilməsi hər kəsin vətəndaşlıq borcudur!
Cəlal Əliyev,
YAP Masallı rayon təşkilatı
Köhnə Alvadı ərazi partiya təşkilatının sədri