Ermənistanın silahlı qüvvələri humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalini, mülki infrastruktur obyektlərini ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.
Baş Prokurorluğun mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, oktyabrın 19-da səhər saatlarından başlayaraq düşmən silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. Saat 16 radələrində rayonun Azad Qaraqoyunlu kəndi ərazisinə top mərmisinin düşməsi nəticəsində “Pambıq emalı zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətin Tərtər filialında yanğın baş verib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən yanğın zamanı hər hansı şəxsin (şəxslərin) xəsarət alıb-almamasını müəyyən etmək məqsədilə mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
İctimaiyyətə əlavə məlumat veriləcək.