Elm və təhsilin inteqrasiyasında yeni mərhələ

Elm və təhsilin inteqrasiyasında yeni mərhələ
  • Cəmiyyət

  • Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixdə imzaladığı Fərmandan sonra ölkəmizdə elm və ali təhsil sahəsində qarşılıqlı əlaqələrin tənzimlənməsi və istiqamətləndirilməsi sahəsində yeni bir mərhələ başlanmışdır. Keçən dövr ərzində Azərbaycan Milli Elmlər Akademiyası da, Elm və Təhsil Nazirliyi də dövlət başçımızın Fərmanından irəli gələn məsələlərin həll edilməsi üçün qarşılıqlı əlaqə şəraitində mühüm addımlar artmışlar.  Elm və Təhsil Nazirliyinin strukturuna yeni daxil olmuş elmi-tədqiqat institutlarının mövcud idarəetmə sistemindəki yerinin, mövqeyinin və imkanlarının müəyyən edilməsi, habelə ölkəmizin ali məktəblər şəbəkəsi ilə əlaqələrinin yenidən qurulması üzrə apardığı səmərəli elmi-təşkilati iş bu mərkəzi icra hakimiyyəti orqanının fəaliyyətinin əhəmiyyətli bir başlanğıcı olmuşdur. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyası da elm və ali təhsil mühiti üçün keçid dövrü olan bu prosesdə artıq yeni struktur daxilində fəaliyyətini davam etdirməyə başlamış, elmi-tədqiqat institutlarının Akademiya ilə Elm və Təhsil Nazirliyi arasındakı münasibətlərinin tənzimlənməsi və elmi kollektivlərin ölkəmizin təhsil sisteminə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə bir sıra mühüm addımlar atmışdır. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanının davamlı icrası üçün etibarlı bir təməl formalaşdırılmışdır. Həmin proses nəinki akademik qurumların fəaliyyətinin təhsil sferası ilə uzlaşdırılmasında, hətta uzun illər yanaşı qurumlar kimi işini davam etdirmiş Azərbaycan Milli Elmlər Akademiyası ilə Elm və Təhsil Nazirliyinin əlaqələrinin yenidən qurulmasında mühüm addıma çevrilmişdir.

    Bütün bunlarla bərabər, Azərbaycan Respublikasının elm və təhsil mühitində baş vermiş yeni reallıq bundan sonrakı inkişafın tənzimlənməsi, idarə olunması və istiqamətləndirilməsi üçün mövcud inkişaf proseslərini və perspektiv inkişafı müəyyən edən dövlət səviyyəsində qəbul edilmiş direktiv sənədlərin, yeni qaydaların qəbul edilməsi zərurətini meydana çıxarmışdır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyul 2023-cü il tarixdə təsdiq etdiyi “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil Agentliyinin Əsasnaməsi» ölkəmizin elm və ali təhsil şəbəkəsinin yenidən təşkil olunmasının təmin edilməsi baxımından mühüm əhəmiyyətə malik olan dövlət sənədidir. Qeyd etməyi lazım bilirəm ki, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil Agentliyinin Əsasnaməsi» bu sahədə mövcud dünya təcrübəsinin müddəalarının nəzərə alınması və ən başlıcası isə elm və ali təhsil sahəsində ölkəmizin reallıqlarının və perspektiv inkişafının əsas kimi qəbul edilməsi prinsipləri əsasında hazırlanmış əhəmiyyətli bir yol xəritəsidir. Belə ki, «Əsasnamə»də ali təhsil sistemi ilə əlaqədar öz əksini tapmış mühüm vəzifələr respublikamızda universitet təhsilinin yeni mərhələyə çıxarılmasına hüquqi təminat verən, geniş yol açan, bələdçilik edən müddəalardır. Ölkəmizin Prezidentinin təsdiq etdiyi «Əsasnamə»dəki ali təhsil sahəsinə dair müddəaları Ali təhsil haqqında qanunvericilik sənədinin əsas tezisləri, ana xətləri kimi qəbul etmək olar. Bundan başqa, “Əsasnamə” dəki elm və ali təhsil haqqındakı müddəalar universitetlərin və elmi-tədqiqat institutlarının Nizamnamələrinin də mahiyyətini və əhatə dairəsini müəyyənləşdirməyə imkan verir.

    Eyni zamanda, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi” bu mərkəzi icra hakimiyyəti orqanının tabeliyində olan elmi-tədqiqat institutlarının fəaliyyətinin müasir tələblər səviyyəsində tənzimlənməsinə və istiqamətləndirilməsinə təminat verən müddəalar kimi mühüm əhəmiyyətə malikdir. “Əsasnamə”də ana maddələr kimi yer almış «elm və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi üçün tədbirlər görmək»; “elmi fəaliyyətlə tədris prosesinin inteqrasiyasını təmin etmək”; «elm və təhsil müəssisələrində nəticəyönlü, şəffaf və səmərəli idarəetmə modelini formalaşdırmaq və bu prosesdə müasir idarəetmə texnologiyalarından istifadə etmək»; «elm və təhsil müəssisələri ilə xarici elm və təhsil müəssisələri arasında mübadilə proqramlarını həyata keçirmək» və sair kimi müddəalar hazırkı mərhələdə təhsil sferasında elmi tədqiqat mühitini formalaşdırmağa və inkişaf etdirməyə geniş və münbit şəraitin yaradılmasına xidmət edir. Fikrimizcə, qeyd edilən müddəalar hər biri ayrılıqda elm və ali təhsil mühitinin inkişaf etdirilməsi üçün zəruri olan fərqli bir istiqamətin yenidən qurulmasına, təkmilləşdirilməsinə və inkişaf etdirilməsinə yol açır. Həmin müddəaların işığında elmin və təhsilin müasir mərhələdəki əsas problemlərini təhlil edib qiymətləndirmək və inkişaf etdirmək üçün əməli addımlar atmaq mümkündür. 

    Diqqətəlayiq cəhətlərdən biri də ondan ibarətdir ki, “Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi”ndə elm və təhsilin qarşılıqlı inteqrasiyası məsələsinə də xüsusi fikir verilmişdir. Çünki uzun illər ərzində ölkəmizdə yanaşı qurumlar kimi fəaliyyət göstərmiş Akademiya ilə Təhsil Nazirliyi dövründə elm və təhsilin inteqrasiyası pərakəndə şəkildə aparılmış, tərəflərin arzusu və ya fərdi təşəbbüsləri sayəsində təşkil olunmuşdur. Halbuki, elmi nailiyyətlərinin, mühüm elmi nəticələrin ölkəmizin ali və orta təhsil proseslərinə daha çevik və fəal şəkildə daxil olması, dərsliklərdə və proqramlarda öz əksini tapması, əsas meyarlardan birinə çevrilməsi müstəqil Azərbaycanda geniş dünyagörüşə, ən yeni elmi-texnoloji bacarıqlara və vərdişlərə yiyələnmiş yeni nəsillərin yetişdirilib hazırlanmasına mühüm töhfə verə bilər. Elmin və tədrisin, təhsilin əlaqələndirilməsi eyni zamanda ali təhsil mühitindən müasir təfəkkürə və yüksək intellektual xüsusiyyətlərə malik gənc qüvvələrin elmi qurumlara gəlməsinə fərqli bir imkan açar. Nəticədə elm və təhsilin inteqrasiyası ölkəmizdə tam yeni təfəkkürə, ən müasir bacarıqlara, zəngin ideya-mənəvi xüsusiyyətlərə malik gənc nəsillərin yetişib formalaşdırılmasına, idarəetmə proseslərində özünəməxsus yer tutmasına geniş meydan açacaqdır. Yeni yaradılmış Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin qarşısında duran əsas vəzifələrdən biri də məhz bundan ibarətdir. “Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi”ndə verilmiş «elm və təhsil müəssisələrində aparılan elmi tədqiqatların müasir standartlar səviyyəsinə çatdırılmasına, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqinə kömək göstərmək, elmi informasiya sisteminin gücləndirilməsi, beynəlxalq elmi əlaqələrin dərinləşdirilməsi sahəsində tədbirləri təşviq etmək» kimi hüquqi cəhətdən əsaslandırılmış müddəaların «Agentliyin vəzifələri» maddəsində xüsusi yer tutması nəinki elm və ali təhsil sahəsində mövcud boşluqları aradan qaldırmağa kömək edəcək, hətta bu istiqamətdəki addımların ölkədaxili qarşılıqlı elmi əlaqələr səviyyəsindən dünya elm və təhsil mühiti ilə münasibətlərin yenidənqurulması və daha da inkişaf etdirilməsi mərhələsinə çatdırılmasına sanballı töhfələr verəcəkdir. Bu isə öz növbəsində, həm ali təhsil sistemində və həm də Akademiya mühitində yeni bir canlanmaya təkan vermək, yeniləşmə meyillərini qüvvətləndirmək imkanlarına malik olan addımların atılmasını təmin etmək deməkdir. Deməli, elm və təhsilin inteqrasiyasının təmin olunması Elm və Təhsil Nazirliyi və onun tabeliyində olan elmi müəssisələr üçün olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyası üçün də faydalı və əhəmiyyətli faktorlardır. Bütövlükdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyul 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Elm və Təhsil Nazirliyi yanında Elm və Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi» ölkəmizdə elm və təhsil qurumlarının vahid amal naminə qarşılıqlı əlaqə şəraitində fəaliyyətlərini davam etdirmələrinə təminat verir və qarşıda yeni üfüqlər açır, ən müasir trendlərə və hədəflərə çatmağa zəmanət verir.

    Hazırda üzərində son təkmilləşdirmə işləri gedən Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi də öz növbəsində ölkəmizdə elm və təhsil sahəsində qarşılıqlı etimad mühitinin və birgə fəaliyyətin təmin olunmasına xidmət edən müddəalar üzərində formalaşdırılmışdır. Təklif olunan Nizamnamə mətnində akademik elmi qurumun davamlı və dayanıqlı ənənələrinin yaradıcı şəkildə inkişaf etdirilməsi ilə bərabər, həm də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetməni təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında”kı 28 iyul 2022-ci il tarixli Fərmanından irəli gələn müasir reallıqlar öz əksini tapmışdır. Bu mənada yeni Nizamnamə müasir tarixi şəraitdə AMEA-da yenidən təşkilatlanmanı və bu elmi qurumda islahatların həyata keçirilməsini tənzimləməklə  bərabər, elm və təhsilin qarşılıqlı şəkildə inkişaf etdirilməsinə də geniş yol açır. Bu mənada Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm və Təhsil üzrə Dövlət Agentliyinin əsasnaməsi bir-birini tamamlayan və qarşılıqlı inteqrasiya və inkişafa xidmət edən direktiv sənədlər kimi mühüm əhəmiyyətə malikdir. Bütün bunlar öz növbəsində hazırda qüvvədə olan “Təhsil haqqında”, “Elm haqqında”kı Qanunlarda da müvafiq dəyişikliklərin edilməsi zərurətini meydana çıxarır. Qanunvericilik sənədlərində aparılacaq təkmilləşmə və yeniləşmələr son nəticədə Azərbaycanda elmin və təhsilin zamanın çağırışlarına uyğun olaraq yenidən qurulmasına, müasirləşdirilməsinə, modernləşdirilməsinə səbəb olacaqdır.

    Beləliklə, artıq Azərbaycan Respublikasında yeni elm və təhsil mühiti formalaşmaqdadır. Bu isə  Azərbaycanda həm elmi fəaliyyətin, Akademiya quruculuğunun və həm də təhsil mühitinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiq edir. Dövlət səviyyəsində həyata keçirilən, tənzimlənən və istiqamətləndirilən bu genişmiqyaslı islahatlar geniş mənada Prezident İlham Əliyevin səyləri ilə yeni intibah mərhələsinə çatdırılmış müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilməsi yollarında alimlərimizin və müəllimlərimizin özlərinin məsuliyyətli vəzifələrini və mənəvi borclarını yerinə yetirmələri baxımından açılan yeni imkandır. İnanırıq ki, elm və təhsil işçiləri yaradılmış müasir imkanlardan səmərəli istifadə edərək möhtərəm Prezidentimiz və müstəqil dövlətimiz qarşısında öz borclarını ləyaqətlə həyata keçirmək üçün birlikdə, vahid cəbhədə səfərbər olunacaq, inamla və məsuliyyətlə çalışaraq, dövlətimizin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün bütün qüvvələrini sərf edəcəklər.

    İsa HƏBİBBƏYLİ 
    AMEA-nın prezidenti, 
    akademik 
    PAYLAŞ:

    Oxşar xəbərlər