Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə cari ilin oktyabr ayında keçiriləcək “Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar” mövzusunda elmi konfransın Təşkilat Komitəsinin ilk iclası keçirilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, konfransın keçirilməsində başlıca məqsəd ölkəmizdə Nobel mükafatı haqqında maarifləndirmə işlərinin aparılması, Akademiya cəmiyyətinə Nobel mükafatının hərtərəfli tanıdılması, Azərbaycan elminin bu mükafatı qazanmış dünyanın aparıcı alimlərinin apardıqları tədqiqat istiqamətlərinə doğru yönləndirilməsi, eləcə də Azərbaycandan da gələcəkdə Nobel mükafatına namizədlərin təşviq edilməsi, bu yöndə mövcud miflərin və süni baryerlərin sındırılmasına, psixoloji eyforiyanın aradan qaldırılmasına kömək etməkdən ibarətdir.
Azərbaycan Nazirlər Kabinetinin 3 iyun 1996-cı il tarixli qərarı ilə “AMEA nəzdində Nobel İnformasiya Mərkəzi”nin yaradıldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli tarix elmləri doktoru Bəybala Ələsgərovun uzun illər həmin mərkəzə rəhbərlik etdiyini, sonralar Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsi vəzifəsində çalışdığını, həmin mərkəzin vitse-prezidenti seçildiyini söyləyib. Bildirib ki, Bəybala Ələsgərovun təcrübəsindən yararlanmaq Akademiyanın Nobel mükafatı üzrə hədəflərinə çatmasında mühüm rol oynaya bilər. Akademik İsa Həbibbəyli Nazirlər Kabinetinin sözügedən qərarının arxivdən tapılaraq ondan irəli gələn məsələlərin araşdırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.
İlk Nobel mükafatının 1901-ci ildə təqdim edildiyini diqqətə çatdıran AMEA prezidenti ötən 122 ildə Azərbaycandan bu mükafata məşhur fizik Lev Landaunun layiq görüldüyünü, həmçinin Cənubi Azərbaycandan Şirin Ebadinin Nobel Sülh Mükafatı aldığını, həmçinin Nobel Sülh Mükafatına layiq görülən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyində (MAQATE) çalışanların siyahısında Azərbaycan vətəndaşı Bəxtiyar Siracovun da adının olduğunu qeyd edib. Həmçinin dünya şöhrətli görkəmli elm xadimi, akademik Yusif Məmmədəliyevin və məşhur cərrah akademik Mustafa bəy Topçubaşovun da Nobel mükafatına namizədlər kimi təqdim edilməsinə dair məlumatlar məlumdur. Bundan başqa, nəzərə çatdırılıb ki, Nobel mükafatlarının təsis edilməsindən keçən 122 il ərzində Azərbaycandan həmin mükafatı almaq üçün hələlik azsaylı müraciətlərin olmasına dair məlumatlar vardır.Əldə olunan məlumatlara görə, bunlardan Xalq yazıçısı,akademik Kamal Abdullanın, həkim professor Sona Rəhimova-Vəlixanın, BDU-nun professoru Nemət Qasımovun namizədlikləri qeydə alınmışdır.
Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, beynəlxalq konfransda Kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli türkiyəli alim Əziz Səncər və banqladeşli Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun şəxsən və ya onlayn formatda iştirak etmələri üçün iş aparılır. Müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı sayəsində ayrı-ayrı ixtisaslar üzrə Nobel mükafatçılarının Azərbaycana gəldiklərini, ölkəmizdə keçirilən tədbirlərdə iştirak etdiklərini, öz təcrübələrini bölüşdüklərini söyləyən AMEA rəhbəri onların beynəlxalq konfransa qoşulmalarının ölkəmizin elmi nailiyyətlərinin dünyada təbliğinə mühüm töhfə olacağını, eləcə də Azərbaycandan gələcək Nobel mükafatına iddia edənlərin təşviq edilməsinə stimul verəcəyini vurğulayıb.
Həmçinin konfransda Milli Məclisin deputatlarının, ölkənin aparıcı alimlərinin məruzələrinin dinləniləcəyini bildirib, tədbirin yüksək səviyyədə təşkili ilə bağlı müvafiq tapşırıqlarını verib.
Sonra çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev AMEA-nın təşkilatçılığı ilə keçiriləcək “Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar” mövzusunda elmi konfransın ölkəmiz, cəmiyyətimiz və elmimiz üçün olduqca faydalı olacağını bildirib. Sədri olduğu Beynəlxalq Avrasiya Mətbuat Fondunun 1992-ci ildən fəaliyyət göstərdiyini və başda BMT-nin qurumları olmaqla, dünyanın aparıcı təşkilatları ilə əməkdaşlıq etdiklərini deyən Umud Mirzəyev Nobel mükafatı almaq üçün namizəd qismində təşəbbüs göstərilməsinə inam yaradılmasının, çəkinmə mifinin aradan qaldırılmasının əhəmiyyətli addım olduğunu vurğulayıb.
O, həmçinin Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusla tanışlığı barədə tədbir iştirakçılarına məlumat verib, AMEA-nın təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfransa Nobel mükafatçılarının iştirakı üçün Beynəlxalq Avrasiya Mətbuat Fondunun zəruri dəstəyi verəcəyini bildirib.
Konfransa hazırlıq iclasında Təşkilat komitəsinin üzvlərindən akademiklər – Arif Həşimov, Dilqəm Tağıyev, İradə Hüseynova, professor Kərim Şükürov, tarix elmləri doktoru Zemfira Hacıyeva, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndirib, elmin maddi texniki bazasının möhkəmləndirilməsi, laboratoriyaların fəaliyyətinin daha da təkmilləşdirilməsi, beynəlxalq elmi əlaqələrin genişləndirilməsinin Nobelə gedən yolda mühüm faktor olduğunu söyləyib, tədbirin Azərbaycan cəmiyyətində Nobel mükafatına dair maarifləndirmə işində faydalı olacağına diqqəti cəlb ediblər.