Vətənə Sədaqətli Xidmətin Qurban Sadıqov Nümunəsi

Vətənə Sədaqətli Xidmətin Qurban Sadıqov Nümunəsi
  • Cəmiyyət

  • “… İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş ,indi qaçqın vəziyyətində , köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir”. Heydər Əliyev, Ümummilli Lider

    Vaxtilə Almaniya kansleri Bismark göstərirdi ki, pis qanunlarla dövləti yenə bir təhər idarə etmək olar, ancaq pis məmurlar olarsa, onda heç bir qanun kömək etməz. Ona görə də dövlət qulluğunun əsas cəhətlərindən biri yüksək keyfiyyətli və mütəşəkkil dövlət qulluqçuları kontingentinin olmasıdır. Çünki cəmiyyətin idarə olunması funksiyalarını həyata keçirən dövlət qulluqçuları dövlətlə xalq arasında mühüm vəsilə olaraq ölkə rəhbərliyinin siyasi xəttini ardıcıl həyata keçirməkdə yaxından iştirak edirlər. Burada dövlət qulluqçusunun təkcə peşəkarlıq xüsusiyyətləri deyil, onun şəxsi keyfiyyətləri, vətəndaş mövqeyi, vətənpərvərliyi və etik davranışı da mühüm rol oynayır. Ümumiyyətlə, dövlət qulluğu təkcə geniş səlahiyyətlər deyil, eyni zamanda cəmiyyətdə gedən proseslərin idarə olunması və cəmiyyətin inkişafı üçün məsuliyyət deməkdir. Bu işdə çalışanlardan, rəhbərlik etdiyi sahəni dərindən bilməklə yanaşı, dövlətinə, Prezidentinə və xalqına son dərəcə sədaqətli olmaq, dövlətlə xalq arasında əlaqələndirici kimi xalqın problemlərini və qayğılarını öyrənmək, onların həlli yollarını axtarıb tapmaq tələb olunur. Ona görə də bütün dünyada dövlət qulluğu xüsusi nüfuza malikdir. Dövlət qulluqçusu heç vaxt unutmamalıdır ki, o idarəetmə və digər funksiyalarını icra edərkən ilk növbədə dövlətin və cəmiyyətin mənafeyini əsas götürməli, ona tapşırılan hər bir vəzifəni böyük məsuliyyət və ləyaqətlə yerinə yetirməlidir.

    Bütün bu yuxarıda sadalanan keyfiyyətlərə, hətta daha artığına malik vətənpərvər ziyalımız, şüurlu həyatını dövlət qulluğuna həsr edən, uzun illər dövlət qulluğunda nümunəvi xidmət göstərərək, dövlətinə, Prezidentinə və xalqına daim sədaqət nümayiş etdirmiş, 2-ci dərəcə dövlət müşaviri Qurban Rza oğlu Sadıqov 1962-ci il iyulun 15-də Kəlbəcər rayonunun Nadirxanlı kəndində anadan olmuşdur. M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Bakı Dövlət Universitetini bitirib.Rus dili və ədəbiyyat müəllimi və hüquqşünas ixtisaslarına yiyələnib. Əmək fəaliyyətinə 1984-cü ildə Kəlbəcər rayonunun Sarıdaş kənd tam orta məktəbində təyinatla müəllim kimi başlayan Qurban Sadıqov , 1991-ci ildə Kəlbəcər Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinə təlimatçı vəzifəsinə dəvət olunub. Savadlı, bacarıqlı, təşkilatçı, gənc və ictimai işlərdə fəallığına görə az sonra Kəlbəcər Rayon İcra Hakimyyəti başçısı Aparatının Humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsinə irəli çəkilib.İşi ilə əlaqədər o, Kəlbəcərin bütün ərazisini, yaşayış qəsəbələrini, yaylaqlarını, dağlarını qarış-qarış gəzib, hər kənddə insanlarla yaxından ünsiyyətdə olub. Azərbaycan Respubilkası Nazirlər Kabneti Aparatının Mətbuat Xidmətinin sabiq rəhbəri, əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist, Akif Əli dostu Qurban Sadıqovun 60 illik yubileyinə həsr etdiyi oçerkində onun uşaqlıq, gənclik dövrü və dövlət qulluğundakı fəaliyyəti dövrü haqqında yazır: “Vərdiş etdiyi yüksək məsuliyyət hissi onun xarakterində hələ gənclik çağlarında formalaşıb. Yaşadığı Nadirxanlı kəndində məktəb 8 illik olsa da, təhsili yarımçıq buraxmadan 9-10- cu sinifləri yüksək təhsil verən qonşu Qılınclı kənd tam orta məktəbində davam etdirib. Hər gün piyada qonşu kəndə dərsə gedib və orta məktəbi əla qiymətlərlə bitirib. Yaşadığı Nadirxanlı kəndi ilə işlədiyi Sarıdaş kəndi arasında 4-5 kilometr məsafəni hər gün piyada gedib-gəlib. Qışda qar dizə çıxanda belə Qurban müəllim şagirdlərinin gözünü yolda qoymayıb, bir gün də dərsdən qalmayıb. Dağları qədər vüqarlı insanların yaşadığı Kəlbəcərin füsunkar təbiətinin, bulaqlarının, bol sularının, çaylarının, sıx meşələrinin, sərt qayalarının, saf havasının gənc kadrın mətin, qürurlu vətənpərvər, namuslu və yurdsevər bir vətəndaş kimi formalaşmasında müstəsna əhəmiyyəti olub. Elin-obanın səmimiliyi, saflığı, qonaqpərvərliyi onun da canına-qanına hopub. Ancaq milyonlarla Azərbaycan vətəndaşı kimi gənc Qurbanın da həyatının nizamlı axarı mənfur erməni qəbiləsinin vəhşiliyi ucbatından pozulub. Kəlbəcərin mühasirə şəraitində olduğu müddətdə məsul işçi kimi üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirib, müntəzəm olaraq ən ucqar ərazilərdə yerləşən hərbi sərhəd və yaşayış məntəqələrinə təhkim olunub. 1993-cü il aprelin 2-də hərbi təcavüzə məruz qalan səfalı Kəlbəcər də od-alova bürünüb, erməni hərbi birləşmələri tərəfindən işğal olunub. Yerindən-yurdundan didərgin düşüb Murovun sərt aşırımlarına üz tutan qocaman elin əzablı günlərində Qurbangilin ailəsi də isti ocağını tərk etməli olub. O vaxt hələ Kəlbəcəri geri qaytaracaq “Dəmir Yumruğun” Zəfərinə qədər qarşıda 27 il varıydı…

    O, Kəlbəcərin işğalından dərhal sonra Kəlbəcər Rayon İcra Hakimyyəti başçısının Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə səlahiyyətli nümayindəsi təyin olunmuş, soydaşlarımızın müvəqqəti məskunlaşma yerlərində yerləşdirilməsi və onların sosial məsələlərinin tənzimlənməsində Qurban Sadıqovun xüsusi əhəmiyyətə malik fəaliyyəti olmuşdur. 1993-cü ilin iyunundan Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatında Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsində ( şöbənin adı bir neçə dəfə dəyişdirilib) məsləhətçi kimi fəaliyyətə başlayan Qurban Sadıqov dövlət qulluğunda pillə-pillə inkişaf etdi: aparıcı məsləhətçi, böyük məsləhətçi, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini təyin edildi, müdir vəzifəsinin icrası ona həvalə olundu. Sahə üzrə təcürbəsi, işgüzarlığı, operativliyi, yüksək təşkilatçılığı, biliyi nəzərə alınaraq, tezliklə şöbə müdiri vəzifəsinə təsdiq olundu. Uzun illər bu məsul vəzifədə dövlət qulluğunu səylə davam etdirdi. Bu problemli işin ağırlığını o da layiqincə çiyinlərində daşıdı. Hər günü bir əsrə bərabər ötən 27 il ərzində dövlətə sədaqətlə xidmət edən, el oğlu kimi daim didərgin soydaşların dərdinə yanan, onların güzəranının yaxşılaşdırılması üçün var qüvvəsi ilə çalışan Qurban Sadıqovun gözlərindən kədər, qəlbindən nisgil, ürəyindən ağrı əskik olmadı. Daim qayğısız uşaqlıq, gənclik illərinin keçdiyi doğma Qarabağı, Kəlbəcəri, Nadirxanlı kəndini xatırladı, isti dədə-baba ocağının həsrəti ilə yaşadı. Gördüyü qanlı-qadalı hadisələri, erməni vəhşilərinin vandallığını, xalqımıza qarşı törətdikləri soyqırım və qətliamları bir an belə unutmadı. Qisasın qiyamətə qalmayacağına, mütləq cəza gününün gələcəyinə inandı. Çünki dəfələrlə ” Biz o yerlərə mütləq qayıdacağıq” deyən Vətənin xilaskarı Ulu Öndər Heydər Əliyevə inanırdı. Dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevə inanırdı. Bu iqtidarın Qarabağı, həmçinin təbiət incisi və strateji əhəmiyyətə malik olan Kəlbəcəri də möcüzə olaraq azad edəcəyinə, həmçinin bütün işğaldan azad olunan əbədi torpaqlarımızda ən müasir səviyyədə irimiqyaslı tikinti, yenidənqurma bərpa və abadlıq işlərinin aparılacağına, soydaşlarımızın öz dədə-baba yurdlarına ləyaqətlə qayıdacaqlarına tam əmin idi. Bütün bu ağrı-acılar hər bir vicdanlı azərbaycanlı kimi, onun da taleyindən keçib qan yaddaşına hopan, gənc ikən daxilən ” qocaldıb” müdrikləşdirən acı həyat reallıqları idi… Və Birinci Qarabağ müharibəsindən Zəfər Gününə qədər olan müddətdə ölkəmizdə qaçqın və məcburi köçkün probleminin həllində, onların sosial müdafiəsinin möhkəmləndirilməsi, məşğulluqlarının artırılması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması isdiqamətində dövlət siyasətinin, qanunların, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabnetinin qərar və sərəncamlarının layihələrinin hazırlanmasında və bu normativ hüquqi aktların icrası prosesində canıyananlıqla iştirak etmək onun taleyinə yazılmışdı. O, bu taleyi şərəflə yaşadı… 1996-cı ildən Yeni Azərbaycan Partiyasının, Nazirlər Kabineti Aparatının ərazi ilk partiya təşkilatının üzvü olan, ötən müddətdə ali hakimiyyət orqanları, nazirlik , komitə, şirkət, səhmdar cəmiyyət və digər mərkəzi təşkilatlar, şəhər və rayon icra hakimiyyətləri, xarici ölkənin Azərbaycandakı səfirlikləri və beynəlxalq təşkilatları, həmçinin vətəndaşlarla iş sahəsində böyük təcrübə toplamış Qurban Sadıqov artıq 32 ildən çoxdur ki, dövlət qulluğu sahəsində vicdanla çalışır.

    Azərbaycan Respublikasının sabiq Baş naziri cənab Artur Rasizadə tərəfindən Qurban Sadıqova “3-cü dərəcəli Vətənə xidmətə görə” ordenin təqdim olunması

    Dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə 3-cü və 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcələrinə, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb. Qurban müəllim ən gərgin dövrlərdə müntəzəm olaraq günlərlə qaçqın və məcburi köçkün soydaşlarımızın məskunlaşdığı rayonlarda ezamiyyətdə olur, səlahiyyəti daxilində yüksək səviyyəli xarici qonaqları çadır düşərgələrinə, dəmir yolu üzərindəki yük vaqonlarına, fin tipli qəsəbələrə və digər sıx məskunlaşma yerlərinə müsayiət edəndə rus və ingilis dillərində onlada Qarabağ həqiqətləri, qaçqınların və məcburi köçkünlərin vəziyyəti, erməni təcavüzünün və vəhşiliyinin ağır nəticələri barədə məlumat verir, onlara hazırladıqları müxtəlif dillərdə olan foto-bukletlər təqdim edir, qonaqların problemə dair dolğun informasiya alması üçün əlindən gələni əsirgəmirdi. Həmkarı və dostu Akif Əli tərəfindən Qurban Sadıqov həm də belə xarakterizə olunur: “O, ictimai şüurda yer alan bəlli “məmur” tipindən fərqli bir dövlət qulluqçusu kimi davranıb.Heç vaxt özünü məsul vəzifə sahibi olaraq əlahiddə imtiyazlara malik, təmənnalı şəxs kimi göstərməyib. Əksinə özünü ünsiyyətdə olduğu qəlbi yaralı soydaşlarından fərqləndirməyən sadə bir insan kimi aparıb. Daim onların xeyir-şər mərasimlərində iştirak edib. İstər regionlardakı sıx müvəqqəti məskunlaşma yerlərində , istərsə də Nazirlər Kabineti Aparatının Qəbul şöbəsinə gələn çoxsaylı şəhid, qazi, qaçqın və məcburi köçkünlərlə ünsiyyət problemi olmayıb. Vicdanla təmiz, təvazökar, alnıaçıq məmur imicini qoruyub saxlaya bilib. Hətta kiminsə probleminin həllinə kömək edəndə özü də mənəvi zövq alıb. 32 il ərzində topladığı zəngin idarəçilik təcrübəsi, savadı, biliyi, mənəvi keyfiyyətləri, yüksək dövlətçilik əxlaqı, təşkilatçılıq qabiliyyəti Qurban Sadıqovu bundan sonra da yeni uğur zirvələrinə doğru aparacaq potensiyalından xəbər verir”.


    Qurban Sadıqov KİV -ə verdiyi müsahibələrində xatırlayır: “Doğma Kəlbəcər işğal altına düşəndə mənim 31 yaşım var idi. Düz 27 il idi ki, doğma Kəlbəcərin həsrəti ilə yaşayırdım. Bu 27 ildə anadan olduğum Kəlbəcər rayonu, onun əhalisi, Nadirxanlı kəndi, müəllim işlədiyim Sarıdaş kəndi, Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsində, Rayon İcra Hakimyyətində məsul vəzifələrdə çalışdığım müddətdə Kəlbəcərlə bağlı xatirələrimi ürəyimdə gəzdirmişəm. Tale elə gətirib ki, 1993-2018-ci illər ərzində Azərbaycan Respublikası Nazirlər Kabneti Aparatında Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsində müxtəlif vəzifələrdə, o cümlədən şöbə müdiri vəzifəsində çalışmışam. Bunları deməkdə məqsədim odur ki, Ermənistanda aparılan son etnik təmizləmə və Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizdə öz doğma yurd-yuvasından didərgin düşmüş insanların taleyi mənə çox yaxın və doğma olub. Özümü çox xoşbəxt hiss edirəm ki, məhz bu sahədə Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamları , Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları , bütün göstəriş və tapşırıqları əsasında üzərimə düşən işin öhdəsindən layiqincə gəlməyə daim səy göstərmişəm. Ulu Öndər Heydər Əliyevin bu problemə olan münasibətinin nəticəsi idi ki, bütün məsələlərin vahid mərkəzdən əlaqələndirilməsi və idarə edilməsi məqsədilə 1998-ci il 18 noyabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabnetinin strukturunda Baş nazirin müavini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsi təsis olundu və cənab Əli Həsənov bu vəzifəyə təyin olundu. Bir komanda olaraq çalışmışıq ki, yurd-yuvasından didərgin salınmış soydaşlarımızın mənzil-məişət , sosial problemləri yüksək səviyyədə həll edilsin. Yurd həsrətini, nisgilini həmin insanlarla bir yerdə yaşamış, bir yedə kədərlənmiş, bir yerdə sevinmişik. Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıqlarına əsasən, həmçinin onların problemlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində də əməli fəaliyyət göstərmişik. İstər respubilka səviyyəsində , istərsə də xarici ölkələrdə bu problemlə əlaqədər müntəzəm olaraq yüksək səviyyədə beynəlxalq tədbirlərin keçirilməsinə nail olmuşuq. 2001-2020-ci illər ərzində 118 yeni salınmış qəsəbədə 54113 ailə, 237227 nəfər qaçqın və məcburi köçkün müvəqqəti məskunlaşdırılaraq, onların mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır”. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, Nazirlər Kabineti Aparatının strukturunda aparılan islahatlar nəticəsində Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi Hümanitar və sosial məsələlər şöbəsinə birləşdiriləndə , təcürbəli Qurban Sadıqova yeni yaradılan şöbədə müdir müavini, 2019-cu ilin dekabrında isə Ümumi şöbənin Vətəndaşların qəbulu sektorunun müdiri vəzifəsi etibar edildi. Qurban Sadıqov bildirir: “Artıq nisgilimiz həsrətimiz , ağrı acılarımız arxada qalıb. Biz 2020-ci il sentyabrın 27 dən başlayaraq demək olar ki, hər gün qələbə sevinci yaşamışıq. Müzəffər Ali Baş Komandanımızın qələbə müjdələri hər bir keçmiş qaçqın və məcburi köçkünə yerə göyə sığmayan sevinc, dədə-baba torpaqlarına böyük qayıdışın çox yaxında olduğu günlərin unudulmaz duyğularını yaşadıb. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində tariximizə Böyük Qələbə Zəfərini yazıb. Bu şanlı Zəfərin , bu Böyük Qələbənin təməli məhz Ümummilli Liderimiz Heydər Əliyevin hakimyyəti illərində qoyulub…

    İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarı cənab Antonio Quterreşin sədrliyi ilə yüksək səviyyədə keçirilən beynəlxalq konfransda Azərbaycan nümayəndə heyətinin iştirakı

    Yaxşı yadımdadır, Ulu Öndər 2002-ci il sentyabrın 13 -də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün yeni salınmış ilk qəsəbədə görüşəndə demişdi: ” Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəçəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata -babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm. Mən buna inanıram və bu inamla da sizin qarşınızda nitq söyləyirəm”. Şəhərləri , qəsəbələri, kəndləri işğaldan azad olunan bütün soydaşlarımız kimi mən də Qarabağın, Zəngəzurun, doğma Kəlbəcərimin azadlığa qovuşması gününü səbirsizliklə gözləyirdim. Çox xoşbəxtik ki, bu günləri gördük”.

    Qurban müəllimin özünün dediyinə görə, ən böyük arzusu dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi işğaldan azad edilmiş torpaqlarımızda erməni vandalları tərəfindən viran qoyulan bütün yaşayış məntəqələrinin və infrastrukturun yenidən qurulması, inkişaf etməsi, öz doğma yurdlarından didərgin salınmış soydaşlarımızın tarixi, dədə-baba torpaqlarına ləyaqətlə qayıdaraq xoşbəxt yaşamalarını görməkdir.İnşallah bu Qurban müəllimə də, bütün soydaşlarımızda da nəsib olacaq. 2023-cü il 23 aprel tarixdə Laçın yolunun girişində, Ermənistanla sərhəddə, Həkəri körpüsündə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin gömrük postunun yaradılması Azərbaycan üçün tarixi hadisədir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin göstəricisi, ərazi bütövlüyümüzün təmin olunmasıdır.       

    Qurban Sadıqovun 2021-ci ilin sentyabrında Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin atası Vaqif Əliyevlə Kəlbəcərə səfər etməkdə əsas məqsədi də uzun ayrılıqdan sonra həsrətində olduğu doğma yurda baş çəkmək, Böyük Vətən müharibəsi iştirakçılarının xatirə abidəsi ilə üzbəüz yerdə bütün şəhidlərimizin xatirəsini yad etməklə bərabər, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin də xatirə lövhəsini həmin yerdə quraşdırmaqdan ibarət olmuşdu. Çünki dostu Anar Əliyevin ən böyük arzusu Azərbaycan bayrağını işğaldan azad olunan bütün ərazilərdə, həmçinin doğma yurdu Kəlbəcərdə dalğalandırmaq idi. Qeyd etmək lazımdır ki, Qurban Sadıqovun təşəbbüsü ilə həmin yerdə və rayonun digər ərazilərində olan, erməni vandalları tərəfindən qoyulmuş”abidə kompleksləri” vətənpərvər və qeyrətli həmyerlilərimiz tərəfindən ləğv edilmişdir. Sonra bu ideya Birinci Qarabağ müharibəsi veteranı, ictimai fəal İlqar Quliyevin və “Yol Körpü Tikinti” MMC-nin rəhbəri Şəmsəddin Məmmədovun təşkilatçılığı və onların vəsaitləri hesabına həmin yerdə bütün Kəlbəcər şəhidlərinin Xatirə lövhəsi quraşdırılmış, ərazi abadlaşdırılmışdır.Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Qarabağ Azərbaycandır!

    Müəllif: Tural Kəlbəcərli
    PAYLAŞ:

    Oxşar xəbərlər