Prokurorluğun fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi və elektron sənəd dövriyyəsinə keçidlə bağlı məsələlərə xüsusi önəm verilir. Dövlətimizin həyata keçirdiyi sosialyönümlü siyasətə uyğun olaraq əhalinin müraciətlərinə həssas münasibət göstərilir, vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılır. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, müraciətlərdə qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, bu sahədə İKT-dən istifadə edilməsi istiqamətində məlumatların ənənəvi kağız forması ilə yanaşı, elektron formatda aparılması və digər səmərələşdirici tədbirlər həyata keçirilir.
Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və düşünülmüş dövlətçilik kursunun Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsində əzəli və əbədi torpaqlarımız işğaldan azad olundu. Azərbaycan ordusu müasir hərb tariximizin ən parlaq səhifəsini yazdı. Yeni əsrin yeni müharibə modelini dünyaya təqdim etdi. Misilsiz qələbə, şanlı zəfər Azərbaycanın regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi, ölkəmizi qalib dövlət kimi bütün dünyaya tanıtdı. Ölkə başçısının rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə Qarabağ və Şərqi Zəngəzurda nəhəng tikinti-quruculuq, abadlıq işlərinin geniş vüsət alması, doğma yurda "Böyük Qayıdış"ın başlanması ilə sevinir, qürur hissi keçiririk.
Ölkə həyatının bütün sahələrində əldə edilən uğurlar, müasir çağırışlar, qlobal əhəmiyyətə malik prioritet və hədəflər prokurorluq işçilərinin qarşısına çox mühüm, təxirəsalınmaz vəzifələr qoyur. Masallı rayonunun prokurorluq işçiləri də dövlətimizin qüdrətlənməsinə və xalqımızın rifahına xələl gətirə biləcək hallara qarşı barışmaz mövqe tutmaqla ictimai-siyasi sabitliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılmasında, insan hüquq və azadlıqlarının müdafiəsində, qanunun aliliyinin təmin edilməsində bundan sonra da əzmlə, yüksək məsuliyyət və peşəkarlıqla çalışacaqlar.
Vəli MUSTAFAYEV,
Masallı rayon prokuroru,
baş ədliyyə müşaviri