Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xalqının tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimlərindən biridir. Ümummilli lider Heydər Əliyev istər sovet dövründə Azərbaycana rəhbərliyi, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi belə bir aydın və istisnasız qənaətə gəlməyə imkan verir ki, iki rəhbərlik dövründə Heydər Əliyev Azərbaycanın inkişafının çox yüksək səviyyəsinə qaldıra bildi. Amma sovet dövründən fərqli olaraq, XX əsrin sonlarında Heydər Əliyev əvvəlcə müstəqil Azərbaycanı qurdu və sonra da onu inkişafının yüksək səviyyəsinə çatdırdı.
Heydər Əliyevi başqa siyasətçilərdən fərqləndirən başlıca xüsusiyyət ən mürəkkəb vəziyyətdə belə bəlkə də çoxlarının görə bilmədiyi ən doğru, ən təsirli vasitələri tapıb qarşıda dayanan vəzifələrin yüksək icrasına nail ola bilməsi idi. Belə bir keyfiyyət, sözsüz ki, həm nəzəri biliklərin, həm də zəngin siyasi təcrübənin olmasını zəruri edir. Ən adi təhlil göstərir ki, Heydər Əliyev bunlardan başqa həm də güclü duyuma, incə siyasi intuisiyaya da malik idi. Geniş dövlətçilik təcrübəsi, bir də dərin analitik təfəkkür bu siyasi duyum və intuisiya ilə birləşərək onun nadir dövlət xadimi kimi tanınmasını şərtləndirirdi. Heydər Əliyev dünya miqyasında siyasətçiliyi sənətkarlıq səviyyəsinə qaldıran şəxsiyyətlərdən biri idi və onun bu istedadı dünyanın tanınmış siyasətçiləri tərəfindən də etiraf edilirdi. Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir. Onun müstəqil Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin elə ilk günləri göstərdi ki, respublikanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq, ölkənin bütün potensialını məqsədyönlü şəkildə bu istiqamətə yönəltmək, hərbi təhlükəsizliyinin təmin edilməsinə hesablanmış hərbi siyasəti səmərəli şəkildə həyata keçirmək üçün əsas şərtlərdən biri daxili ictimai-siyasi sabitliyin təmin edilməsi, xalqın bütün təbəqələrinin ümumdövlət mənafelərini əks etdirən ümummilli məqsədlər ətrafında birləşməsinə nail olunmasıdır. Heydər Əliyevin Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin xarakterik tərəflərindən biri bu idi ki, o, daxili hərbi-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, xalqın birliyinin təmin edilməsinin əhəmiyyətini düzgün qiymətləndirdi və onların əldə edilməsinə də nail oldu. Elə bir xalq ola bilməz ki, ən azı onun böyük əksəriyyəti daxili ictimai-siyasi sabitliyin, əmin-amanlığın bərqərar olmasını istəməsin.
Lakin ölkə daxilində bu sabitliyin təmin edilməsi, bununla da quruculuq işlərinin, o cümlədən ordu quruculuğunun həyata keçirilməsinə zəruri şərait yaradılması üçün əsaslandırılmış dövlət siyasəti lazımdır. Heydər Əliyevin respublikada daxili hərbi-siyasi sabitliyin təmin edilməsi sahəsindəki fəaliyyəti bu zərurətin əyani təzahürü idi. Bu fəaliyyət göstərdi ki, ölkədə daxili hərbi-siyasi sabitliyin təmin edilməsi üçün dövlət rəhbərliyindən çox böyük əzmkarlıq, ardıcıllıq və təcrübə tələb edir və kifayət qədər mürəkkəb olan tarixi şəraitdə belə vəzifələrin uğurlu həllinə Heydər Əliyev kimi böyük dövlət xadimləri nail ola bilərlər. Heydər Əliyev cəmiyyətin ictimai-siyasi sabitliyinin və yekdilliyinin təmin olunmasına xüsusi əhəmiyyət verirdi. Respublikanın rəhbəri kimi o, əsas fəaliyyətini də məhz bu sahədən başladı. Xalqın siyasi qütblərə parçalanmasını, dövlətin vətəndaşlarının bir-birinə qarşı əks cəbhələrdə dayanmasını Heydər Əliyev erməni təcavüzünə qarşı mübarizədə ciddi maneə kimi qəbul edir, bu parçalanmanın, müxalifətçiliyin ifrat forma alması dayandırılmayınca güclü ordu yaratmağın və ölkənin etibarlı müdafiəsinin mümkünlüyünü də istisna edirdi. 1993-cü ilin yayında Gəncə və Lənkəranda baş vermiş hadisələrin, 1994 və 1995-ci illərdə dövlət çevrilişinə göstərilən cəhdlərin qarşısının alınması Heydər Əliyevin böyük siyasət xadimi olduğunu göstərməklə bərabər, respublikada ictimai-siyasi sabitliyin bərqərar olmasına, cəmiyyətin vahid məqsəd ətrafında daha çox səfərbər edilməsinə, ölkənin müdafiə qüdrətinin möhkəmlənməsinə şərait yaratdı. Heydər Əliyev əməli fəaliyyəti ilə bir daha sübut etdi ki, hərbi quruculuq kimi ümumxalq əhəmiyyətli bir məsələnin həlli də, ilk növbədə, ümumxalq yekdilliyindən və ümumxalq həmrəyliyindən asılıdır. Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərinə qoyulmasının və qısa müddət ərzində yeni ordunun formalaşdırılmasının başlıca şərtlərindən biri də məhz Heydər Əliyev tərəfindən bütün xalqın bu prosesə cəlb edilməsi idi.
Bu sahədə mövcud olan problemlər son dərəcə çoxşaxəli idi və müəyyən hallarda qeyri-adekvat tədbirlərin həyata keçirilməsi zərurəti də son dərəcə aktual idi. Heydər Əliyev bu sahədə də bir möcüzə yaratdı, Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaratdı, ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırdı və Azərbaycan Ordusunu da Azərbaycanın müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirdi. Ümummilli lider Heydər Əliyev ordu quruculuğuna münasibətdə cəmiyyətdə yeni bir təfəkkür formalaşdırdı, insanlarda orduda xidmətə yeni bir münasibət yarandı, əvvəlki dövrlərdə orduya olan etimadsızlıq, ordunın ayrı-ayrı qruplarının fəaliyyətindən doğan ehtiyatlılıq və nigarançılıq aradan qaldırıldı, ordunun xalqın bir parçası olmasının real anlamı cəmiyyətdə bərqərar olundu. Heydər Əliyevin bu sahədəki misilsiz fəaliyyəti xalqda orduya inamı geri qaytardı, xalq da ordunu özünün bir parçası kimi qəbul etdi və orduya qayğı ümummilli dəyər aldı, ordu da vahid rəhbərlik altında birləşərək xalqın iradəsini əks etdirdi və erməni təcavüzünə qarşı mübarizəyə səfərbər oldu. Ordu quruculuğunda yeni bir mərhələnin başlanğıcını isə Heydər Əliyevin radio və televiziya ilə xalqa 2 noyabr 1993-cü il müraciəti qoydu.
Azərbaycan Respublikasının Prezidenti seçilməsindən cəmi bir ay sonra edilmiş bu müraciət bir tərəfdən sağlam ordu quruculuğunun əsaslarını və bu istiqamətdə xalqın və dövlətin qarşısında dayanan mühüm vəzifələri müəyyənləşdirən konseptual bir sənəd idisə, bir tərəfdən də Heydər Əliyevin xalqa çağırışı idi. Bu çağırış xalqın bütün təbəqələri tərəfindən qəbul edildi və xalqın bütün potensialı ordu quruculuğuna istiqamətləndirildi. Yəni, Heydər Əliyev böyük dövlətçilik təfəkkürü ilə xalqın potensialını ordu quruculuğu kimi mühüm bir sahəyə səfərbər edə bildi. Heydər Əliyev respublika ağsaqqallarına, ziyalılarına, mədəniyyət və incəsənət xadimlərinə, dindarlara, iş adamlarına müraciət edib onları orduya daha yaxından kömək etməyə, əsgər və zabitlərin mübariz döyüş ruhunda tərbiyə olunmasına yardım etməyə, orduda baş verən qanunsuzluqların, başlıcası isə fərariliyin qarşısının alınmasında qətiyyətli mövqe tutmağa çağırdı.
Məhəmməd Hüseynov,
“Masallı Gənclər Evi” SXM-nin dərnək rəhbəri