XX əsrin sonlarında Heydər Əliyev əvvəlcə müstəqil Azərbaycanı qurdu və sonra da onu inkişafının yüksək səviyyəsinə çatdırdı. Heydər Əliyevi başqa siyasətçilərdən fərqləndirən başlıca xüsusiyyət ən mürəkkəb vəziyyətdə belə bəlkə də çoxlarının görə bilmədiyi ən doğru, ən təsirli vasitələri tapıb qarşıda dayanan vəzifələrin yüksək icrasına nail ola bilməsi idi. Belə bir keyfiyyət, sözsüz ki, həm nəzəri biliklərin, həm də zəngin siyasi təcrübənin olmasını zəruri edir. Ən adi təhlil göstərir ki, Heydər Əliyev bunlardan başqa həm də güclü duyuma, incə siyasi intuisiyaya da malik idi.
Heydər Əliyev dünya miqyasında siyasətçiliyi sənətkarlıq səviyyəsinə qaldıran şəxsiyyətlərdən biri idi və onun bu istedadı dünyanın tanınmış siyasətçiləri tərəfindən də etiraf edilirdi. Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir.
Azərbaycan Ordusunun formalaşdırılması sahəsində Heydər Əliyevin tarixi fəaliyyyətinin ilk addımları Naxçıvanda atıldı. Bu böyük dövlət xadiminin muxtar respublikadakı qısa fəaliyyəti bir daha göstərdi ki, məsqədyönlü, milli maraqları qoruyan siyasət yeridilməsi, xalqın milli maraqlar ətrafında birləşdirilməsi ən mürəkkəb vəzifələri belə həyata keçirməyə imkan verir. Heydər Əliyev parlaq zəkası və bənzərsiz təşkilatçılıq qabiliyyəti ilə həm Naxçıvanın erməni təcavüzündən müdafiəsini, həm də burada milli hərbi hissənin sağlam əsaslar üzərində formalaşmasını təmin etdi və bununla da respublikanın iqtidarında olan qüvvələrə də dövlətçilik nümunəsi göstərdi.
Ordu quruculuğunun səmərəliliyinə nail olunmasının başlıca şərtlərindən birini Heydər Əliyev xalqın qüvvəsinə arxalanmaqda, xalqla vəhdətdə görürdü. O, xalqın gücü qarşısında hər cür qüvvənin sönük olduğunu təsdiq edir və öz fəaliyyətinə də ən böyük dəstəyi xalqın etibarında və etimadında görürdü. Ölkə həyatının ən böyük problemlərinin həllində də o, məhz xalqın gücünə arxalanırdı və ölkə həyatının mürəkkəb anlarında da xalqı ayağa qaldırmağı və milli mənafelər ətrafında onu səfərbər etməyi bacarırdı.
Orduda xidmət etməyi şərəf bilən Ulu Öndər Azərbaycan gənclərini bu şərəfli işdə fəal olmağa çağırırı və deyirdi: - “Mən arzu edirəm ki, hər bir Azərbaycan gənci Azərbaycan ordusunda xidmət etməyi özünün müqəddəs vəzifəsi kimi qəbul etsin. Orduda xidmət etməyən gənc cəmiyyətdə böyük hörmət qazana bilməz. Cəmiyyətdə, gələcək həyatda hörmət qazanmaq istəyən gənc gərək mütləq, mütləq əsgərlik borcunu yerinə yetirsin. Əsgərlik borcunu yerinə yetirmək hər bir azərbaycanlı gəncin müqəddəs vəzifəsidir.”
Bütünlükdə, Heydər Əliyev ordu quruculuğuna münasibətdə cəmiyyətdə yeni bir təfəkkür formalaşdırdı, insanlarda orduda xidmətə yeni bir münasibət yarandı, əvvəlki dövrlərdə orduya olan etimadsızlıq, ordunın ayrı-ayrı qruplarının fəaliyyətindən doğan ehtiyatlılıq və nigarançılıq aradan qaldırıldı, ordunun xalqın bir parçası olmasının real anlamı cəmiyyətdə bərqərar olundu. Heydər Əliyevin bu sahədəki misilsiz fəaliyyəti xalqda orduya inamı geri qaytardı, xalq da ordunu özünün bir parçası kimi qəbul etdi və orduya qayğı ümummilli dəyər aldı, ordu da vahid rəhbərlik altında birləşərək xalqın iradəsini əks etdirdi və erməni təcavüzünə qarşı mübarizəyə səfərbər oldu.
Ordu quruculuğunda yeni bir mərhələnin başlanğıcını isə Heydər Əliyevin radio və televiziya ilə xalqa 2 noyabr 1993-cü il müraciəti qoydu. Azərbaycan Respublikasının Prezidenti seçilməsindən cəmi bir ay sonra edilmiş bu müraciət bir tərəfdən sağlam ordu quruculuğunun əsaslarını və bu istiqamətdə xalqın və dövlətin qarşısında dayanan mühüm vəzifələri müəyyənləşdirən konseptual bir sənəd idisə, bir tərəfdən də Heydər Əliyevin xalqa çağırışı idi.
Silahlı Qüvvələrdə həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması, qoşun hissələrinin təxribatçı və siyasi ünsürlərdən təmizlənməsi Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirdi. Doxsanıncı illərin ortalarından başlayaraq Azərbaycan və NATO arasında sıx və səmərəli əməkdaşlığın yaradılması ordu quruculuğu prosesinin sürətlə təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxarmışdır. Ulu öndərimizin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulmuş,
2008-ci ilin sonundan bu əməliyyat planının ikinci mərhələsi başlanmışdır.
“Bizim ordumuz güclüdür. Ordumuzun gücü günü-gündən artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir”-deyən Ulu Öndər bu Zəfərə inanırdı. İnanırdı ki, qurduğu Ordu gec-tez öz sözünü deyəcəkdir.
Bu inam, etimad özünü 2020-ci ildə-44 günlük Vətən müharibəsində qəti şəkildə doğrultdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Milli Ordumuz düşməni darmadağın edərək 30 illik işğala son qoymaqla bərabər Zəfər yazdı.
Azərbaycan ordusu bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordusu ilə bir sırada dayanır. Bunu beynəlxalq təşkilatlar da təsdiq edir. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir.
Rusif Kərimov,
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi