Şərqdə ilk demokratik respublika olaraq adını tarixə həkk etdirən Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixində özünəməxsus rolu və miras qoyduğu milli dəyərlər vardır. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. 1919-cu ilin sonlarında şəxsi heyəti 25 min olan Azərbaycan Ordusu 1920-ci ildə 40 min nəfərə çatdırılmağı planlaşdırılırdı.AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.
Sovet dövründə azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi – azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. O dövrdə Məşhur Suvorov adına, Naximov adına hərbi məktəblərin mövcud olduğu bir zamanda kiçik respublika olan Azərbaycanda hərbi məktəbin yaradılması müşkül idi. Lakin burada da dahi liderimizin əvəzolunmaz siasəti köməyə yetir. O, azərbaycanlı tələbələrin rus dilini pis bildikləri üçün həmin məktəblərdə yaxşı təhsil ala bilmədiklərini bəhanə gətirir. Və həmin tələbələrin öz dillərində təhsil almalarının və bunun üçün də Azərbaycanda hərbi məktəbin yaradılmasının vacibliyini bildirir. Müdrik siyasətçi Heydər Əliyev gələcəkdə azərbaycanın müstəqil olacağına daxilən inanmış və bunun üçün də Azərbaycanda milli hərbi kadrların yetişdirilməsi üçün var qüvvəsi ilə çalışmışdır.
Ulu öndər Heydər Əliyev qeyd etmişdir: “Biz Cəmşid Naxçıvanski adına hərbi liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam”.
Azərbaycan xalqı yenidən öz müstəqilliyini elan etdikdən sonra ordu quruculuğu tarixində növbəti şərəfli bir mərhələnin başlanğıcını qoydu. 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul olunsa da, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verildi, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qaldı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq müstəqilliyimizi təhlükə qarşısında qoydu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr isə müxtəlif qrupların maraqlarına xidmət edirdilər.
1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı. Ordu quruculuğunda yeni bir mərhələnin başlanğıcını isə Heydər Əliyevin radio və televiziya ilə xalqa 2 noyabr 1993-cü il müraciəti qoydu. Azərbaycan Respublikasının Prezidenti seçilməsindən cəmi bir ay sonra edilmiş bu müraciət bir tərəfdən sağlam ordu quruculuğunun əsaslarını və bu istiqamətdə xalqın və dövlətin qarşısında dayanan mühüm vəzifələri müəyyənləşdirən konseptual bir sənəd idisə, bir tərəfdən də Heydər Əliyevin xalqa çağırışı idi. Bu çağırış xalqın bütün təbəqələri tərəfindən qəbul edildi və xalqın bütün potensialı ordu quruculuğuna istiqamətləndirildi. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün-26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi.
Ulu öndər Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini məmnunluqla qeyd edib söyləmişdir: "1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır".
Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi.
Ölkəmizə ən müasir silah-sursat, hərbi texnika, avadanlıq gətirilib. Bütün bunların nəticəsidir ki, dünya Azərbaycan Ordusunun gücünü ilk dəfə 2016-cı ilin Aprel döyüşlərində gördü. Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi bölmələrimizin tam nəzarətinə götürüldü. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza ilk qələbə sevinci yaşatdı.
2020-ci ilin 27 sentyabrında əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasəti, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı.Bu gün 105 illik tarixə malik rəşadətli Azərbaycan Ordusu bütün dünyada böyük nüfuza malikdir. Şanlı ordumuz qısa müddətli uğurlu müharibə apararaq, dünya miqyasında XX yüzilliyə öz möhürünü vurdu.
Qalib, rəşadətli ordumuzun bu möhtəşəm uğurunun təməlində ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, geniş bilik və dərin təfəkkürünə dayanır.
Əntiqə Tağıyeva,
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru