Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib

Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib
  • Cəmiyyət

  • Aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev açılış mərasimində iştirak ediblər.
             
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bildirdi ki,Mənim Qazaxıstana səfərim sona yaxınlaşır. Qonaqpərvərliyə, səmimi qəbula, mənə və bizim nümayəndə heyətinin üzvlərinə xoş münasibətə və bu gün səfər çərçivəsində bu gözəl, mən deyərdim, tarixi mərasimdə iştirak etməyimizə görə Prezident Tokayevə bir daha təşəkkürümü bildirmək istəyirəm.
             
    Hər bir azərbaycanlı kimi məndən ötrü də Heydər Əliyevin adı çox əzizdir. Təkcə ona görə yox ki, o, mənim atamdır, həm də ona görə ki, bu insan müasir müstəqil Azərbaycanın ən çətin dövründə xalq tərəfindən dəvət edildi və ən ağır dövrdə ölkəyə rəhbərlik etdi. Heydər Əliyev haqqında danışarkən onun Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrü də xatırlamamaq olmaz, bu dövr də quruculuq, inkişaf dövrü idi. O vaxt - ötən əsrin 60-cı illərinin sonundan 80-ci illərinin əvvəlinə qədər Azərbaycan onun rəhbərliyi ilə sosial-iqtisadi inkişafa görə SSRİ miqyasında qabaqcıl mövqelərə çıxmışdır. Sonra Moskvada Sov.İKP MK-nın Siyasi Bürosunun – sovet dövlətinin ali məşvərət orqanının üzvü qismində və hökumətin sədrinin birinci müavini vəzifəsində işlədiyi dövr olub. O vaxt Heydər Əliyev əslində keçmiş SSRİ-nin xalq təsərrüfatının bir sıra ən mühüm sahələrinə rəhbərlik edirdi.
                 
    Həyatının müəyyən dövründə o, haqsızlığa, təzyiqlərə məruz qalırdı. Ona qara yaxılır, böhtan atılırdı. Lakin Azərbaycan xalqı ona həmişə inanırdı və ən çətin dövrdə - Azərbaycan xalqının gələcəyi məhz onun kimi insanlardan asılı olanda o, ölkəyə rəhbərlik etdi və Azərbaycanı faktiki olaraq dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi. Təəssüf ki, o vaxt məhz bu barədə söhbət gedirdi, çünki daxili ziddiyyətlər ölkəni didib-parçalayırdı, vətəndaş müharibəsi tam sürətlə gedirdi, eyni zamanda, Azərbaycan torpaqları əlaltından işğal edilirdi. Bu ən mürəkkəb dövrdə Heydər Əliyev Azərbaycana rəhbərlik etdi və mahiyyət etibarilə xalqımızın sonrakı bəlalarının və faciələrinin qarşısını aldı. Onun Prezident vəzifəsində olduğu 10 il – 1993-2003-cü illər sabitlik, inkişaf və Azərbaycanın gələcək sıçrayışı üçün təməl qoyulması dövrü oldu.
             
    Heydər Əliyev bizə onun işlərini davam etdirməyimizi vəsiyyət edib. Onun əsas vəsiyyəti ondan ibarət idi ki, biz torpaqlarımızı işğaldan azad etməli, ərazilərimizi özümüzə qaytarmalı, Azərbaycan xalqının ləyaqətini bərpa etməliyik. Biz onun xatirəsinə, vəsiyyətlərinə sadiqik, onun bütün tapşırıqlarını şərəflə yerinə yetirmişik. Bu gün, Ulu Öndərin 100 illik yubileyi ərəfəsində inamla deyə bilərik ki, onun düşündüklərinin hamısı reallaşıb.
                   
    Kasım-Jomart Kemeleviç dedi ki, Heydər Əliyev qardaş qazax xalqına xüsusi münasibət və sevgi bəsləyirdi. Bu, həqiqətən belədir, mən bunun şahidiyəm. O, qazaxların ənənələrini, adətlərini yaxşı bilir, qazax xalqının mədəniyyətinə, onun çoxəsrlik tarixinə hörmət bəsləyir, qazaxlarla azərbaycanlıların qardaşlığını çox yüksək qiymətləndirirdi. O, Türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, Türk dünyası birləşir. Biz bu gün beynəlxalq arenada böyük nüfuz sahibi olan güclü təşkilat yaratmışıq.

    Bu gün səfərimi başa çatdıraraq Qazaxıstan Prezidentinə və xalqına bir daha təşəkkürümü bildirmək, Qazaxıstan xalqını və Prezident Kasım-Jomart Kemeleviçi sosial-iqtisadi inkişaf, Qazaxıstanın beynəlxalq nüfuzunun möhkəmlənməsi yolunda qazanılmış böyük nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Bu gün Qazaxıstan, - bu barədə bu gün mətbuat konfransında danışmışam, - dünya birliyinin nəzərində böyük nüfuza malikdir, beynəlxalq məsələlərdə mühüm rol oynayır. Qazaxıstanın irəli sürdüyü və reallaşdırdığı təşəbbüslər sözün geniş mənasında Avrasiya məkanında etimad tədbirlərinin, sülhün möhkəmlənməsinə yönəlib. Biz də dostlar, qardaşlar kimi sizin uğurlarınıza ürəkdən sevinirik.
                 
    Bu gün biz müttəfiqlik səviyyəsinə çatmış əməkdaşlığımızın möhkəmləndiril- məsinə dair sonrakı addımları müəyyənləşdirdik. Biz müttəfiqlərik, biz qardaşlarıq, biz dostlarıq. Bugünkü mərasim bizim münasibətlərimizin sarsılmazlığına, qardaşlığımıza və qarşılıqlı hörmətimizə daha bir sübutdur. Heydər Əliyevin xatirəsinə bu cür münasibətə, dostluğa, qardaşlığa görə Prezidentə və bütün qazaxıstanlı qardaşlarımıza təşəkkürümü bildirmək istəyirəm. 
                 
    Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Heydər Əliyev küçəsində yerləşən Botanika bağında ağac əkdilər.



    Kəsirə Tağıyeva,  
    Masallı rayonu, Ərkivan qəsəbəsi
    PAYLAŞ:

    Oxşar xəbərlər