Seçkilər bütün dünyada dövlətin və ictimai həyatın idarə olunmasında vətəndaşların ən kütləvi iştirak formasıdır. Xalqın iradəsinin ifadəsi sayılan seçkilərin demokratik, azad keçirilməsi ölkədəki ictimai-siyasi sabitlikdən, ilk növbədə normal seçki keçirilməsinə əsaslı şərait yaradılmasından asılıdır. Bununla yanaşı, istənilən dövlətdə seçkilərin ədalətli və şəffaf həyata keçirilməsi həmin cəmiyyətin demokratik mühitinin yüksək olmasından xəbər verir. Bu prosesin məntiqi yekunu olaraq hər bir xalq öz taleyini inandığı, etibar etdiyi siyasi qüvvəyə bağlayır. Azərbaycanda müstəqillik dövrü epoxasında demokratik seçki sistemi formalaşmış, bu tarixi mərhələdə prezident, parlament və bələdiyyə seçkiləri həmin əsasda keçirilmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixdə Azərbaycan Respublikasının prezidenti seçilməsi ölkəmizdə demokratik seçkinin əsl nümunəsi olmuşdur. 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə dövlət başçısı seçilməsindən 18 ildən artıq vaxt ötür. Xalqımız 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində də Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, əmin-amanlığa, tərəqqiyə və quruculuğa səs verdi. 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub.
2018-ci ilin aprel ayının 11-də ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində cənab İlham Əliyev ümumxalq səsverməsində 86,03 faiz səs qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqımızın bu düzgün seçimi bugünkü qələbə tariximizin yazılmasında vacib rol oynadı. Prezident İlham Əliyev ötən 18 il ərzində millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalına son qoydu. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqın iradəsini əks etdirir. Böyük Britaniya parlamentinin üzvü Lord Devid Çarlz Evans prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq demişdir: “Seçicilərin fəallığı çox yüksəkdir. Biz bir neçə seçki məntəqəsində olmuşuq. Proses qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir. Bunlar deməyə əsas verir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl təşkil olunub”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Ona göstərilən bu etimada görə xalqa ünvanladığı müraciətində demişdir: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək bizim inkişafımızın əsas şərtidir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu birlik və məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Siyasətimizin mərkəzində həmişə Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları olubdur. Keçdiyimiz yol şərəfli yoldur, qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik”. Azərbaycanın çağdaş tarixində yeni intibah mərhələsinin əsasını qoyan, milli mənafelərə söykənən strateji siyasi kursun ardıcıllığını təmin edən, təvazökarlığı həyat tərzinə çevirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 18 il ərzində sözü ilə əməli bir olan, hər bir vətəndaşının problemini öz problemi, xalqın mütləq əksəriyyətinin səsini, etmadını qazanan, parlaq zəkası, peşəkar idarəçilik qabiliyyəti və praqmatik yanaşması ilə xalqının Prezidenti olduğunu əməli və yorulmaz fəaliyyəti ilə sübuta yetirmişdir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddətdə Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Azərbaycan kimi çox mühüm geosiyasi mövqeyə və əhəmiyyətə malik olan, qlobal maraqların və ziddiyyətlərin kəsişdiyi məkanda yerləşən bir ölkəyə başçılıq etməsinə baxmayaraq çox qısa bir zaman kəsiyində bütün dünyada böyük hörmət və nüfuz qazandı. Cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyəti və milli maraqlara söykənən daxili və xarici siyasəti ilk gündən ona böyük ictimai dəstək, xalqın sonsuz inam və etibarını qazandırmışdır.
2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirmişdir. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. Həmçinin, ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub. Ölkə ərazisində internetin tətbiqi genişləndirilib və internet istifadəçiləri əhalinin 78 faizini təşkil edib. İKT sektorunun iqtisadiyyatda payı 3,7 dəfə artıb. Azərbaycan müasir dünyanın çağırışlarına daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab verir. Azərbaycanda yüksək texnologiyalar sürətlə inkişaf etmiş və ölkəmiz dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu.
Eyni zamanda göstərilən müddət ərzində iqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmişdir.15 il ərzində sözügedən sahəyə xüsusi diqqət göstərilirdi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur.
Bütün qeyd olunanların fonunda ayrıca qeyd etmək lazımdır ki, son 200 ildə torpaqları əlindən alınan, parçalanan Azərbaycan dövlət olaraq İlham Əliyevin rəhbərliyi altında 2 əsrdən bəri ilk dəfədir ki, torpaqlarını işğaldan azad etdi. Ölkəyə rəhbərlik etdiyi 18 ildə qazanılan uğurlar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq “İrəli!” əmri əsasında bütün qüvvə və bacarığını səfərbər edən Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində xalqımızın milli qüruru özünə qayıtdı. 44 günlük Vətən müharibəsi zamanı bütün dünya bir daha şahid oldu ki, Azərbaycan həqiqətən də güclü dövlətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu nəticəsində dünyanın ən güclü 50 ordusundan birinə çevrilən Azərbaycan Ordusu bu gün döyüş meydanında öz sözünü dedi və işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Zəfər tarixini yazan cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan kimi adını əbədi olaraq tarixə yazdı.
Tural Sadıqov,
Masallı Gənclər Evinin metodisti