Azərbaycan ictimaiyyəti, xüsusilə son bir il ərzində iqtidarın ölkəmizdə siyasi dialoq mühitinin təşviqi ilə bağlı müxtəlif səpgili layihələrin şahididir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan islahatlar ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması ilə yanaşı, siyasətdə peşəkar və demokratik münasibətlərin bərqərar olunmasını da tələb edir. Hakimiyyətin müxalifət nümayəndələri ilə mütəmadi şəkildə təşkil olunan görüşləri Azərbaycanda siyasi dialoq mühitinin inkişafına yönəlmiş siyasət kimi dəyərləndirilməlidir.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri və ictimai fəallarla görüşləri davam edir. Açıq fikir mübadiləsi şəraitində keçirilmiş növbəti görüşlər bəzi müxalif partiyaların sədrləri ilə ayrı-ayrılıqda videokonfrans formatında təşkil olunub.
Siyasətdə sağlam münasibətlərin dəstəklənməsi məsələsini ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması istiqamətində atılan inamlı addımlar sırasına aid etmək olar.
Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi bilavasitə demokratik ənənələrin inkişafına xidmət edən təcrübədir. Azərbaycan iqtidarı müxtəlif təşəbbüslər vasitəsilə dialoq məfhumunun aktuallığının qorunmasını təmin edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan sistemli islahatlar, eyni zamanda, siyasi münasibətlər sistemini də əhatə edir.
Dövlətimizin başçısının bu gün siyasi sahədə çox genişmiqyaslı islahatlar aparılır. Müstəqillik dövründə miqyasa və nəticəyə görə bu günə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilmirdi. Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük.
Ümummilli maraqlar və dövlətin rifahı naminə ölkədə siyasi dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir. Dayanıqlı siyasi dialoq mühitinin qorunması kontekstində isə sözügedən məfhumun əhalinin ictimai şüurunda əks olunması məsələsi aktuallaşır. Odur ki, elmin müxtəlif sahələrinin metodoloji potensialına müraciət edərək mövzunun Azərbaycan cəmiyyətində təşviqi vacib vəzifədir. Təsadüfi deyil ki, siyasi dialoq mühitinin təşviqi, eləcə də konkret məsələlərin, o cümlədən qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müvafiq sahələrin mütəxəssisləri ilə birgə müzakirəsi təcrübəsi artıq ölkəmizin siyasi reallığının ayrılmaz xüsusiyyətlərindəndir.
Siyasi prosesləri müxtəlif aspektlərdən tədqiq edən alimlərlə açıq müzakirələrin təşkil olunmasını yüksək qiymətləndirən Administrasiya rəsmisi siyasi dialoqun təşviqində, xüsusilə ölkədə dialoq ənənələrinin formalaşmasında alim və tədqiqatçıların əvəzolunmaz rolunu vurğulayıb, siyasi dialoqun fəlsəfi, sosial, iqtisadi, tarixi və digər təzahür formalarının müəyyənləşdirilməsi istiqamətində mövcud fəaliyyətin daha effektiv olduğunu qeyd edib. Alim və mütəxəssislər ilə ilk görüşün məhz Vətən müharibəsində qazanılan Qələbədən sonrakı dövrə təsadüf etdiyini əlamətdar hadisə kimi qiymətləndirən Administrasiyanın şöbə müdiri Prezident İlham Əliyevin fikrini səsləndirib: “Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdır, müsbət iqlim. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail olduq. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək vəzifəsi durur”. Ölkənin inkişafında strateji resurs hesab olunan milli və siyasi həmrəyliyin qorunması işində bütün mövcud potensialların səfərbər olunmasının vacibliyi vurğulanıb. Dialoqun Azərbaycan milli mədəniyyətinə məxsus keyfiyyətlərdən biri olduğunu yada salan natiq ölkəmizdə əsrlər ərzində formalaşmış tolerant və multikulturalizm mühitinin qorunmasının vacibliyi də qeyd olunub.
Vətən müharibəsi dövründə dünya ictimaiyyəti Azərbaycanda mütləq siyasi həmrəyliyin, həmçinin bütün xalqın bir yumruq olaraq böyük Qələbə naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşməsinin şahidi olduğunu bildirən tədbir iştirakçıları siyasi proses və tendensiyaların tədqiqinə, eləcə də demokratik dəyərlərin təşviqinə xidmət edən təşəbbüslərin icrasında elmi potensialın cəlb olunmasını yüksək qiymətləndiriblər.
Ceyhun Hüseynov,
Masallı MRX İƏ söbəsinin mütəxəssisi