Azərbaycan müstəqillik qazandığı ilk illərdə bir sıra ciddi problemlərlə üzləşmişdi. Ölkədə mövcud olan, demək olar ki, bütün müəssisələr bağlanmış, iqtisadi əlaqələr sıfıra enmişdi, ərazilərimizin 20 faizinin işğal olunması nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkün problemi yaranmışdı. Xalqımız, sözün əsl mənasında, faciəvi dövr yaşayırdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi xalqımızın və dövlətimizin taleyini tamamilə dəyişdi. Həyata keçirilən ciddi tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi azalmağa başladı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra siyasi böhran və iqtisadi tənəzzül qısa zaman ərzində aradan qaldırılıb, ictimai-siyasi sabitlik bərqərar olub, iqtisadiyyatda geriləmənin qarşısı alınıb, yeni inkişaf mərhələsinə keçid təmin edilib. Keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda Ulu Öndərin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət bütün sahələr üzrə inkişafı təmin etməklə yanaşı, yoxsulluğun azaldılması üçün də ciddi zəmin yaradıb, yoxsulluq səviyyəsinin minimum həddə endirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb.
Yoxsulluğun aradan qaldırılması həm humanistlik prinsipləri baxımından, həm də gələcək nəsillərin fiziki və intellektual potensialının qorunması üçün vacibdir. Yoxsulluqla mübarizə dövlətimizin sosial-iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində ötən 19 ildə yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə azalaraq 49 faizdən 5 faizə düşüb. Bu gün də ölkəmizdə aztəminatlı əhali qrupunun sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirilir. İqtisadi inkişaf və büdcə gəlirlərinin davamlı artımı yoxsulluğun səviyyəsinin daha da azaldılması və ümumilikdə sosial təminat sisteminin möhkəmləndirilməsi ilə müşayiət olunur. Hazırda yoxsulluq faizinin olduqca aşağı olmasına baxmayaraq, Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədlər bu göstəricinin sıfra endirilməsinə yönəlib. Sevindirici haldır ki, 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış başlayıb, orada yeni iş yerləri açılır, həmin ərazilərdən faydalanaraq ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi planlaşdırılır.
“Biz yoxsulluğu əhəmiyyətli dərəcədə azalda bilmişik.
Hətta pandemiya dövründə yoxsulluq bir qədər artsa da postpandemiya dövründə görülmüş işlər nəticəsində minimum əməkhaqqının, pensiyanın minimum məbləğinin müntəzəm olaraq artırılması nəticəsində yoxsulluğu da biz təqribən 5 faiz ətrafında saxlayırıq. Bu da dünya miqyasında çox gözəl göstəricidir.” – Bu fikirləri, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev,noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə səsləndirib. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə yoxsulluğun ləğvinə, əsas sosial problemlərin tam həllinə nail olunub.
Dilbər İbayeva,
YAP Masallı Rayon Təşkilatı Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri