Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qələbəsi şərəfinə təsis edilmiş Zəfər Günü hər il noyabrın 8-də qeyd edilir.Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş bu möhtəşəm Zəfərin tarixi əhəmiyyəti bir əsrin hüdudlarına sığmır.44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması,dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə,son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni faşiziminə sarsırdıcı zərbə endirilmiş və xalqımızın tarixi taleyi ilə bağlı son dərəcə mühüm bir məsələ həll edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq,Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunması,Ermənistanın sülhə məcbur edilməsi,BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerınə yetirilməsi,məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpa olunması üçün Vətən müharibəsinə başladı .Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl,Füzuli,Zəngilan,Qubadlı şəhərləri,Zəngilan rayonunun Mincivan, Ağbənd,Bartaz qəsəbələri,Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri,Tərtər rayonunun Suqovuşan kəndi,Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ,ümumilikdə,300 dən çox yaşayış məntəqəsi,o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.
Noyabrın 8-də 30 ilə yaxın həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir.Qarabağın tacı olan Şuşa şəhərinin işğaldan azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad olunması müharibənin taleyində həlledici rol oynadı. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapituliyasiyası ilə nəticələnmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbəni əbədiləşdirmək məqsədilə hər il noyabırın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərəncamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhizlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınmışdır.
Teymur Paşayev,
Masallı rayon Elşən Heybətov adına Dəlləkoba ümumi orta məktəbinin laborantı