Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdiyaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır. Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.
Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı.Qubadlının şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı və 25 oktyabr Cənab Prezident, Ali baş Komandan İlham Əliyev xalqa Qubadlının işğaldan azad olunmasını xəbərini verdi.
2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyev 5867 hərbi qulluqçunu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif etdi. Təltif edilənlərin 4-ü general-mayor, 39-u polkovnik, 1 nəfəri isə 1-ci dərəcəli kapitandır.
Məkrli düşmən azad edilmiş digər torpaqlarımızda olduğu kimi Qubadlıdan da qovularkən əraziləri minalamış, işğal dövründə güclü hərbi qurğular və hərbi baza qurmuşdu. Xanlıq kəndi işğal müddətində xüsusi diqqət ayrılmış məkan olmuşdur. Hərbi cinayətlərini reallaşdırmaq üçün mədəni-quruculuq işləri əvəzinə hərbi-müdafiə istehkamları təşkil edən düşmən anladı ki, nə qarşısındakı ordu, nə də ki, qeyrətli ordunun önündə gedən yenilməz lider 30 il öncəki vəziyyətdə deyil. 27 il öncə bizə yaşadılan ağrılı günlərin əvəzini qaytardıq həm də artıqlaması ilə.
Bir daha qeyd edək ki, 25 oktyabr 2020–ci ildə Qubadlı şəhəri, ikinci Qarabağ müharibəsi ərzində rayonun 41 kəndi Ermənistan işğalından azad olunmuşdur. Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!
Arif Mehtiyev,
Bədəlan kənd tam orta məktəbi