Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edərək bildirmişdirki, Mən əvvəlcə bizim regionda yaranan vəziyyətlə bağlı həmkarlarımı məlumatlandırmaq istərdim. Həmkarlarım yaxşı bilirlər ki, Azərbaycanın ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalı dövründə mən bu mövzunu MDB çərçivəsində heç vaxt müzakirəyə çıxarmırdım. Çünki münaqişənin nizamlanması mövzusu ilə ATƏT-in Minsk qrupu məşğul olurdu, o, mandata sahib idi. Təəssüf ki, 28 il ərzində Minsk qrupunun nəticəsi sıfra bərabərdir.
İndi göründüyü kimi, bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Beləliklə, münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib. Münaqişədən sonrakı vəziyyət müxtəlif cür inkişaf edir. Buna görə də həmkarlarımı son dövrlər ərzində baş verənlərlə bağlı məlumatlandırmaq istərdim. Sentyabrda - demək olar bir ay bundan əvvəl Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri bəllidir Azərbaycana münasibətdə terror, ilk növbədə, mina terroru və snayper terroru davam edir.
İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Eyni zamanda, bizim tərəfimizdən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. Həmçinin Azərbaycanın bir hərbi mövqeyindən digərinə aparan yollar minalanıb. Silahlı toqquşmalar davam edib, aktiv faza maksimum 8 saat çəkib. Bəzilərinin hesab etdiyi kimi, Azərbaycan Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb.
Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində, - mən bunu xüsusi vurğulamaq istərdim, - məhz Rusiya tərəfi atəşkəs təklifi ilə çıxış etdi, bəziləri bunu başqa ölkələrə aid edirlər ki, bu da tamamilə əsassızdır. Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar, artıq dediyim kimi, dayandırıldı. onda Qarabağ ermənilərinin taleyi barədə. Praqa görüşündə bu məsələ üzrə bizim fikir mübadiləmiz oldu. Bizim mövqeyimiz aydındır, dəqiqdir. Qarabağ Azərbaycandır. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Praqa görüşünün yekunlarına əsasən də başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib.
Diqqətinizə görə çox sağ olun. Mən həmkarlarımı baş vermiş hadisələr haqqında məlumatlandırmağı zəruri hesab etdim, çünki baş verənlər barədə müxtəlif versiyalar dolaşır. İstədim ki, siz bizim versiyamızı və yeganə həqiqi versiyanı mənim özümdən eşidəsiniz. Çox sağ olun.
Sonra MDB Dövlət Başçıları Şurasının iclası işini geniş tərkibdə davam etdirdi.
Rahim Sərxanlı
Masallı Dövlət Regional Kollecinin müəllimi