Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Media haqqında” Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Fərmanına əsasən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də daxil olmaqla, aidiyyəti qurumların üzərinə Media Reyestrinin yaradılması və onun fəaliyyətinin təmin olunması istiqamətində müvafiq tapşırıqlar qoyulmuşdur.
Medianın İnkişafı Agentliyindən LEQAL.AZ-a verilən xəbərə görə, Nazirlər Kabinetinin müvafiq qərarları ilə Media Reyestri şəhadətnaməsi və jurnalist vəsiqəsinin forması, həmçinin jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası təsdiq edilmiş, bununla da Media Reyestrinin hüquqi təminatının yaradılması istiqamətində verilmiş tapşırıqların icrası yekunlaşmışdır.
Media Reyestri İnformasiya Sisteminin proqram təminatının formalaşdırılması prosesi də uğurla başa çatmış və 14 oktyabr 2022-ci il tarixindən etibarən Reyestr fəaliyyətə başlamışdır.
Media subyektləri və jurnalistlər Media Reyestri İnformasiya Sisteminə reyestr.media.gov.az portalı üzərindən ASAN Login vasitəsilə daxil olaraq, müraciətlərini formalaşdıra bilərlər.
Media Reyestri İnformasiya Sistemindən istifadəyə dair məlumatlandırıcı çarxla buradan tanış ola bilərsiniz. Bununla yanaşı, Media Reyestrinin informativ veb-səhifəsinin “Tez-tez verilən suallar” bölməsində Reyestrə müraciətlə bağlı detallı məlumatları əks etdirən təlimatla da tanış olmaq mümkündür.