Bu peşə sahibləri 12 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər

Bu peşə sahibləri 12 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər
  • Cəmiyyət

  • Toylarda, şənliklərdə və digər təbirlərdə aparıcılıq, çalğıçılıq və rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi və bərbər fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödəniləcək.

    LEQAL.AZ-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, həmçinin, Azərbaycan ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Fərqlənmə nişanı” alınarkən ödəniləcək.

    Bu sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4%-i miqdarında (12 manat) məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən istifadə edə biləcəklər.

    Qanuna dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər