Xalqa həsr olunmuş ömür

Xalqa həsr olunmuş ömür
  • Cəmiyyət

  • Tanrı verən ömrü hər kəs bir cür, kimi özü üçün, kimi doğmaları və əzizləri üçün, kimi isə milləti, xalqı, vətəni və dövləti üçün yaşayır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmişdir. Millətini canından artıq sevən ulu öndərə xalqın sonsuz məhəbbətinin sirri də məhz elə budur. Tükənməz millət sevgisinin nəticəsində, müstəsna xidmətləri ilə Azərbaycanın taleyində misilsiz rolu olan, müstəqilliyimizin müəllifi və müasir Azərbaycan dövlətinin memarı,olan ulu öndər ölkəmizi sürətli inkişaf yoluna çıxarmaqla dünya birliyinə qovuşdurmuşdur.

    1923-cü il tarixində dünyaya gələn dahi lider Heydər Əliyev hələ uşaq vaxtlarından fitri istedadı, bacarığı, təhsilə olan marağı, davranışı ilə diqqət cəlb edirdi. Bütün bu yüksək insani keyfiyyətlər Heydər Əliyevi elə gənc yaşlarından kamil insan, dəyərli vətəndaş, ziyalı, bir sözlə əsl şəxsiyyət kimi formalaşdırır və onun cəmiyyətdəki rolu getdikcə daha da artırdı. Ötən əsrin 60-cı illərinin əvvəllərində Azərbaycanın əksər göstəriciləri aşağı, həmçinin sənaye potensialı zəif olduğu üçün, ölkəmiz Sovet İttifaqında geridə qalmış kənd təsərrüfatı respublikası kimi tanınırdı. Azərbaycanı böhran vəziyyətdən çıxarmaq üçün xalqa əsl rəhbər ola biləcək şəxsiyyətə böyük ehtiyac duyulurdu. 1969- cu ildə Azərbaycanda siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ilk gündən hər bir ideolojisiyasi və digər maneələrə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün mümkün tədbirləri həyata keçirməyə başladı.

    Xalqın tarixi keçmişini, soykökünü qaytarmaq, milli adətənənələrini yaşatmaq, habelə zəngin mədəniyyətini, incəsənətini, eləcə də ana dilini inkişaf etdirmək üçün böyük işlər görən dahi şəxsiyyət ictimai şüurdakı qorxunu, tərəddüdü aradan qaldırmağa, cəmiyyəti bütün sahələr üzrə inkişafa ruhlandırmağa, azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşınında boğulmasının qarşısını qətiyyətlə almağa müvəffəq oldu. Eləcə də, Heydər Əliyev xalqımızın milli mənlik şüurunun alovlanmasına təkan verməklə, məqsədyönlü tədbirlər, hərtərəfli islahatlar həyata keçirərək respublikamızı qısa müddətdə ərzində inkişaf edən və bütün bunların nəticəsində geridə qalmış kənd təsərrüfatı respublikasından aqrar-sənaye respublikasına çevirdi. Azərbaycan bir çox cəhətdən özünü təmin edən və ümumittifaq büdcəsinə töhfələr verən iki respublikadan biri oldu. SSRİ-nin süqutu ilə yaranmış tarixi şəraiti düzgün qiymətləndirməklə, vəziyyətdən bəhrələnən xalqımız ötən əsrin sonlarında ikinci dəfə öz müstəqilliyinə qovuşsa da, iqtidar təmsilçilərinin ambisiyaları və səriştəsizlikləri çox qısa müddətdə müstəqilliyimizi uçurumun kənarına gətirib çıxartdı. Həmin dövrdə bir tərəfdən ölkədə yaranmış özbaşınalıq, anarxiya, xaos, digər tərəfdən isə bədnam qonşularımız olan Ermənistanın Azərbaycana qarşı əsassız iddialarının reallaşdırılması ölkəmiz üçün ciddi təhlükələr yaradırdı.Qurtuluşun yalnız onda olduğuna əmin olan Azərbaycan xalqı növbəti dəfə doğru seçim edərək öz sınanmış rəhbərinə üz tutaraq Heydər Əliyevin hakimiyyətə gəlməsini israrla tələb etdi. Azərbaycanını və xalqını canından çox sevən ulu öndər bu anda başqa seçim edə bilməzdi. Ona görə də o, heç bir təhlükəyə məhəl qoymadan xalqın çağırışını qəbul edərək, 9 iyun 1993-cü il tarixdə Naxçıvandan Bakıya gəlir və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilir. Bu böyük qayıdışından sonra ölkəni dərin böhrandan, əslində dövlətçiliyi süquta uğramaqdan və müstəqilliyi itirmək təhlükəsindən xilas etmək üçün qısa müddət ərzində Respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilir, vətəndaş müharibəsinin qarşısı alınır, separatçı meyillərə son qoyulur, ictimaisiyasi sabitlik bərqərar edilir.İndiki dövrdə biz fəxrlə deyə bilərik ki, müasir şəraitdə dövlət müstəqilliyimiz üçün vacib olan iqtisadi potensialımızın əsası Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində qoyulmuşdur.

    Dahi rəhbərin müəyyən etdiyi bütün sahələrdə islahatlar aparmaq yolu ilə ölkə iqtisadiyyatını inkişaf etdirmək və mövcud iqtisadi potensialdan istifadənin səmərəsini artırmaqla onu xalqın bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına yönəltmək kimi bir-birini tamamlayan iki istiqamət ölkənin müasir inkişaf gerçəkliyinin obyektiv nəzəri-praktiki təməli olmaqla, vətənimizin gələcək tərəqqisinə böyük təkan verdi. İslahatların yüksək peşəkarlıqla aparılması sözsüz ki, Heydər Əliyev dühasının bəhrəsi idi. Mövcud imkanlardan o cümlədən təbii sərvətlərdən və iqtisadi potensialdan səmərəli istifadə etmək üçün hər gün, hər ay, hər rüb və hər il yorulmadan çalışmağın zəruri olduğunu bildirən Heydər Əliyev, bunu iqtisadiyyatın inkişafı, nəticədə ölkəmizin qüdrətlənməsinin və vətəndaşlarımızın rifahının yüksəldilməsinin əsası kimi qiymətləndirirdi.

    Dahi siyasətçi 1994-cü ilin sentyabr ayında ölkəmizin qüdrətlənməsində mühüm əhəmiyyəti olan, Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-ÇıraqGünəşli" yataqlarının istifadə edilməsi barədə “Əsrin müqaviləsi” kimi möhtəşəm bir müqavilənin bağlanılmasına nail oldu. Sözsüz ki, Azərbaycan neftinin dünya bazarlarına çıxmasında müstəsna rolu olan Bakı-Tibilisi-Ceyhan neft kəmərinin təməlinin qoyulması, Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan “Şahdəniz” layihəsinin reallaşması da bu böyük şəxsiyyətin misilsiz xidmətlərinin nəticəsi idi. Ulu öndərin sürətli iqtisadi inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilmiş, həmçinin iqtisadiyyatımızın daha da güclənməsinə xidmət edən digər əhəmiyyətli işlər görülmüş, sürətli tərəqqinin davamlılığı təmin olunmuşdur.



    Səməd  Zenallı,
    Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
    PAYLAŞ:

    Oxşar xəbərlər