Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisin sədri seçilməsi

Ulu Öndər Heydər Əliyevin Naxçıvan  MR Ali Məclisin sədri seçilməsi
  • Cəmiyyət

  • Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisədir. Naxçıvandan başlanan xilaskarlıq yolu Azərbaycanın şanlı tarixində yeni səhifə açmaqla müstəqil ölkəmizin işıqlı gələcəyini təmin etmişdir.

    Azərbaycanda müstəqil dövlət quruculuğu ağrılı, əzablı yollar keçib. Bu yolun ən məsul məqamlarında ictimai-siyasi mühitin xüsusi həyəcanla vuran nəbzi xalqın uzun illər həsrətində olduğu müstəqilliyini itirmək nigarançılığı ilə bağlı olmuşdur. 1993-cü ilin iyununda da bu vəziyyət yaranmış, xalq real parçalanma, məhvolma təhlükəsi qarşısında qalmışdı. O günlərin dramatik faciəli gedişləri ilk baxışdan Azərbaycan xalqı üçün alternativ qoymamışdı. Lakin əsl yolu zaman özü seçdi. Xalqın iradəsi hər şeyə qalib gəldi və müstəqil Azərbaycan öz nicatını görkəmli siyasətçi, xalqın böyük oğlu Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışında tapdı.

    Keçdiyimiz zaman məsafəsi xalqın düzgün qərar qəbul etdiyini, saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin bu ən ağır və məsul dövründə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Ulu Öndər Heydər Əliyev olduğunu bir daha sübut etdi. 
    Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası da Ulu Öndərimizin müdrik siyasəti nəticəsində yaranmış sabitləşmə tədbirlərindən bəhrələnərək yaşayır, inkişaf edir. Bu gün naxçıvanlılar Ulu Öndər Heydər Əliyev ilə birgə keçirdikləri anları, dəqiqələri xüsusi qiymətləndirir, onun qədrini bilir, xatirəsini əziz saxlayırlar.

    Sözün həqiqi mənasında tanınmaz dərəcədə dəyişən qədim Naxçıvan diyarının hər yerində böyük Heydər Əliyev nəfəsi, onun quruculuq, yaradıcılıq əzmi duyulur. Bütün bunlar bu böyük şəxsiyyətinNaxçıvanda yaşayıb-işləyərkən müəyyənləşdirdiyi tədbirlərin davamı, çıraq işığında yazdığı qərarların və verdiyi tapşırıqların sözsüz yerinə yetirilməsi nümunəsidir.

    Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən sonra ölkəmizdə milli dirçəliş prosesi sürətlənmiş, həmin gündən başlayaraq elmi əsaslara söykənən dövlət quruculuğu prosesinə start verilmişdir. Bu mənada, 3 sentyabr, əslində, həm də siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətinin təməllərinin atıldığı gün kimi tarixdə öz yerini tutmuşdur



    Tural Sadıqov,
    Masallı Gənclər Evinin metodisti

    PAYLAŞ:

    Oxşar xəbərlər