25 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə Araz Əhmədov Masallı, Əkbər Abbasov Lerik, Elvin Paşayev Göygöl rayonu icra başçıları vəzifələrinə təyin olunmuşlar.Yeni təyin olunmuş icra başçılarını qəbulu zamanı möhtərəm Prezidentimiz İlham Əliyev cənabları çıxış etmişdir.
Çıxışında Prezident dövlət idarəçiliyinin həyata keçirildiyi zaman vəzifəyə təyin olunan məmurların diqqətini ulu öndərimiz Heydər Əliyevin dediyi “Xalq dövlət üçün deyil,dövlət xalq üçündür”prinsipinə yönəltdi.
Belə ki, Cənab Prezidentin çıxışına əsasən, yerlərdə icra hakimiyyəti orqanlarının və onların rəhbərlərinin hər bir vətəndaş üçün həyati əhəmiyyət kəsb edən sosial-iqtisadi problemlərin həllinə diqqət vermələrinə və yerindəcə,vaxtlı-vaxtında aradan qaldırılmasını əhatə edirdi.
Son illər rayonlarda sosial-iqtisadi layihələr şəxsən Prezident İlham Əliyev cənablarının birbaşa göstərişi əsasında həyata keçirilmiş və regionların inkişaf planına uyğun olaraq ölkəmizin bütün rayonlarında müasir tələblərə cavab verən sosial obyektlər-xəstəxanalar,məktəb binaları tikilmiş,rahat yol nəqliyyat infrastrukturu yaradılmışdır.Buna misal olaraq birbaşa İlham Əliyev cənablarının qayğısı nəticəsində hələ sovetlər dövründə əməllicə inşa olunmayan Lənkəran-Lerik asfalt yolunun çəkilməsi,Lerik rayonunun qazlaşdırılmasını göstərmək olar. Lakin möhtərəm Prezidentimizin qeyd etdiyi kimi,Azərbaycanın əhalisinin sayı yeddi milyondan artaraq on milyona qədər çatmışdır.Demoqrafik prosesin artan templə inkişafı hər bir dövlət məmurundan ölkə əhalisinin artmaqda olan sosial-iqtisadi problemlərinə laqeyd qalmamağı,əksinə yüksək təşəbbüskarlıqla onların həll olunmasına diqqət verməyi tələb edir.Yerlərdə icra hakimiyyətinin başçıları işsizliyə qarşı mübarizə aparmalı,dövlət tərəfindən yaradılmış ödənişli sosial işlərin ədalətlə təşkil olunmasına və həyata keçirilməsinə nail olmalıdırlar.Ən ucqar dağ kəndlərində belə sosial ədalət prinsipinə riayət olunmalıdır.Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi,biz sağlam cəmiyyət uğrunda mübarizə apardıqca,qələbələr əldə etdikcə,daxili və xarici siyasətimiz xalq tərəfindən dəstəklənir. Şəhid ailələrinə,müharibə iştirakçılarına və qazilərimizə xüsusi qayğı ilə yanaşılmalıdır.Şəhid ailələri və müharibə əlilləri ilə çoxsaylı görüşlərini xatırladan dövlət başçımız qeyd etdi ki,indiyədək 12500 şəhid ailəsinə dövlət xətti ilə mənzillər verilmiş,onlara avtomobillər hədiyyə edilmişdir.Şəhid ailələrinin və müharibə əlillərinin işlə təmin olunmaları rayon icra hakimiyyəti nümayəndələrinin daim diqqət mərkəzində olmalıdır.
Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi: “ Azad edilmiş torpaqlara bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub”.
Dövlətimizin başçısı Masallı,Lerik, Göygöl rayonlarında turizmin və müasir aqro texniki tələblərə cavab verən kənd təsərrüfatı strukturlarının yaradılması üçün hər cür şəraitin olduğunu xüsusilə vurğuladı.Əkinə yararlı torpaqların qanunsuz zəbt etmə məsələlərinə toxunan dövlət başçısı qəti şəkildə bildirdi ki,bu hallara qarşı ciddi mübarizə aparılacaq. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi ”Torpaqdan fermerlər, kəndlilər istifadə etməlidirlər”.Eyni zamanda Azərbaycanın təbii sərvətlərindən istifadə olunan zaman mütləq ekoloji tarazlığın və ekosistemin hifz olunması məsələlərinə icra strukturu rəhbərlərinin diqqətini cəlb etdi. “Hakimiyyəti məsuliyyətsiz məmurlardan təmizləyirik”,”Ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik” kimi ciddi tövsiyyələr verən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları ictimai nəzarətin əhəmiyyətinə toxunaraq qeyd etdi ki,ictimai nəzarət dövlət məmuru ilə ictimaiyyət arasında üzvü rabitənin bərpasına xidmət etməli və ictimai nəzarətə xüsusi diqqət verilməlidir.
Yeni təyin olunan icra başçıları ilə görüşünü nikbin ruhla yekunlaşdıran dövlət başçısı haqlı olaraq qeyd etdi ki,”dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir”.
Biz də öz növbəmizdə sadə Azərbaycan vətəndaşı kimi, dövlət başçımızın yeni təyin olunmuş icra başçıları ilə görüşündə söylədiyi “Azərbaycanın böyük potensialı ,böyük gələcəyi vardır”fikrini dəstəkləyirik,Masallı,Göygöl,Lerik rayonlarının yeni təyin olunmuş icra hakimiyyəti rəhbərlərini təbrik edirik,uğurlar diləyirik.
Vidadi Nəzərov,
Masallı Dövlət Regional Kollecin direktoru, “Tərəqqi” medallı