Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı region ölkələri üçün əməkdaşlığının gücləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.5 Xəzəryanı dövlətin liderlərinin müntəzəm görüşmələri qarşılıqlı əlaqələri daha da möhkəmləndirir. Zəngin enerji resurslarına malik olan Xəzər hövzəsi Cənubi Qafqaz regionunu beynəlxalq miqyasda çox mühüm geosiyasi və geoiqtisadi önəmə malik bölgə kimi səciyyələndirir.Azərbaycan region ölkələrilə Xəzərdə qarşılıqlı fəaliyyətinə hər zaman böyük əhəmiyyət verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zirvə Toplantısında çıxışı zamanı qeyd etdiyi kimi "Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir.Çoxillik gərgin əmək nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən olunub. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq".
Bu günə qədər Xəzər hövzəsi regionunda çoxsaylı enerji və nəqliyyat layihələri həyata keçirilmiş və bu layihələrin reallaşmasında Azərbaycanın da özünün böyük töhfələri olmuşdur.Xəzər dənizi region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir.Ölkə başçımızın qeyd etdiyi kimi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.
Ölkəmizin Xəzərin bioehtiyatlarının və su hövzəsinin qorunması naminə lazımi tədbirlərin görülməsində maraqlı olduğunu bildirən Prezident İlham Əliyev dənizin dayazlaşma dinamikasından narahatlığını da ifadə edib.Prezident İlham Əliyev Zirvə Toplantısındakı çıxışında respublikamızın Xəzəryanı ölkələrlə münasibətlərinin uğurla inkişaf etdiyini məmnunluq hissi ilə nəzərə çatdırıb. Beləliklə, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir.
Anar Məmmədov,
Masallı rayon sakini