29 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib.Dövlətimizin başçısı Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı ölkələrin Xəzərdə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verdiyini qeyd edib. Xəzərin iqtisadi potensialı, ölkələr arasındakı ticarət və əməkdaşlıqda oynadığı müstəsna rol zirvə toplantısında gündəmə gələn mövzuların da əhəmiyyətini artırır. VI zirvə toplantısı növbəti dəfə gündəlikdə dayanan məsələlərin müzakirəsi baxımından əhəmiyyət daşıyıb. 2018-ci ilin avqustun 12-də Aktauda (Qazaxıstan) Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya uzun illər ərzində mövcud olmuş problemlərin həlli baxımından tarixi əhəmiyyət daşıyır.
Prezident zirvə toplantısında çıxışı zamanı bu məqama da xüsusi diqqət çəkərək demişdir: “Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq”. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətə malikdir. Konvensiyanın imzalanması ilə Xəzər dənizində hərtərəfli hüquqi rejim müəyyənləşdirilib, sözügedən sənəd fundamental hüquqi baza rolunu oynayıb. Kinvensiya dövlətlərin dənizdə həyata keçirdiyi karbohidrogen hasilatı ilə bağlı layihələrinin, eləcə də digər növ təsərrüfat-iqtisadi fəaliyyətlərinin davamlılıq və təhlükəsizliyini təmin edib. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi Konvensiyanın təməl prinsiplərdən biri kimi müəyyən olunub. “Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Saziş, “Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Saziş, “Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlığa dair” Sazişi Xəzəryanı ölkələrin əməkdaşlığının müqavilə-hüquq bazasının möhkəmləndirilməsi üçün atılan addımlardandır. Dövlət başçıları səviyyəsində təşkil olunan Zirvə toplantıları Xəzər regionundakı ölkələrin məsələlərə olduqca həssas yanaşmasını, hər bir sənədin imzalanmasının, hüquqi bazanın formalaşmasının olduqca mürəkkəb proses olmaqla bərabər, həm də mühüm əhəmiyyətə malik olmasını göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı qeyd etmişdir: “Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb”. Prezident çıxışı zamanı diqqətə çatdırmışdır ki, Azərbaycan Vətən müharibəsində Qələbədən və ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması bə bərpası o, cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb.Zəngəzur dəhlizi artıq reallığa çevrilir.
Həqiqətən, son illərdə Xəzər dənizi ilə bağlı hüquqi bazanın möhkəmlənməsi sahəsində olduqca intensiv fəaliyyət aparılıb. Azərbaycan hər zaman sözügedən prosesdə təşəbbüskar dövlət kimi iştirak edib. Xəzərin hüquqi statusuna dair Konvensiyanın ilk konseptual layihəsi də məhz Azərbaycan tərəfindən hazırlanıb və tərəflərə təqdim edilib. Regionda yaranmış yeni reallıqların da Xəzəryanı dövlətlər üçün yeni imkanlar yaratdığını qeyd etmək lazımdır . Zəngəzur dəhlizi gələcəkdə iqtisadi planda təkcə Azərbaycan üçün deyil, həm də xəzəryanı ölkələr üçün olduqca böyük fürsətə çevriləcəyini vurğulamaq lazımdır.
İlham Ağayev,
Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbinin direktoru