Azərbaycan artıq bir il yarımdan artıq bir müddətdir ki, davamlı olaraq Ermənistanla münasibətlərin normallaşdırılması və Cənubi Qfqazda dayanıqlı sülhün bərqərar olması üçün sülh çağırışları ilə çıxış edir. Əslində Vətən müharibəsində tarixi Qələbə qazanan və öz torpaqlarını işğaldan azad edən Azərbaycan bu addımı atmaqla Ermənistana böyük bir şans vermiş olur. Çünki tarixdən də məlumdur ki, müharibədən qalib çıxan ölkələrin sülh danışıqlarına başlamaq təlifi ilə çıxış etməsi son dərəcə nadir hallarda baş verir. İyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev də bu məqamı vurğulayaraq bildirdi ki, Vətən müharibəsinin bitməsilə yaranmış yeni regional geosiyasi reallıqlar Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması üçün unikal bir fürsətdir. Buna görə də təkcə özünün deyil, bütün region ölkələrinin rifahını düşünən Azərbaycan bu fürsətdən hamının maksimum yararlana bilməsi üçün bu addımları atır. Lakin atılan addımlar qarşılıqlı olmalıdır. Əgər Ermənistan hələ bir müddət də öz öhdəliklərinin icrasından yayınmağa, əsassız və yararsız təkliflər irəli sürməyə davam edərsə, bu zaman tarixi fürsət əldən qaçırıla bilər.
İki ölkə arasında münasibətlərin normallaşması prosesini ləngidən məsələlərdən biri də Ermənistan tərəfindən son vaxtlar ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə müxtəlif fərziyyə və təkliflərin səsləndirilməsilə bağlıdır. Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, 1992-ci ildə yaradılmış Minsk qrupunun mandatı Qarabağ münaqişəsini həll etməkdən ibarət olsa da, 28 il ərzində bu qurum heç bir nəticəyə nail ola bilməyib. Daha doğrusu Minsk qrupu beynəlxalq hüququn tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yönümündə heç bir ciddi səy göstərməyib də. Nəhayət Azərbaycan özü, təkbaşına işğala son qoyub və Qarabağ münaqişəsini bitirib. Belə olan halda, əgər münaqişə yoxdursa, ATƏT-in Minsk qrupuna nə ehtiyac ola bilər? İkinci bir tərəfdən də Rusiya-Ukrayna müharibəsi faktiki olaraq Minsk qrupunun üç həmsədr ölkəsinin bir araya gəlmələrini və hər hansı beynəlxalq prosesin gedişinə təsir edə bilmək imkanlarını heçə endirib. Odur ki, bu qurumun fəaliyyəti və səlahiyyətləri ilə bağlı istənilən müzakirələr səmərəsiz vaxt itkisindən başqa bir şey deyil. Azərbaycan öz torpaqlarını azad etməklə həm Qarabağ münaqişəsini həll etdi, həm də Minsk qrupu tərəfindən hazırlanmış Madrid prinsiplərinin həyata keçməsini təmin etdi. Beləliklə də hazırda Ermənistana artıq lazımsız bir təsisata çevrilmiş Minsk qrupu barədə fərziyyələr irəli sürmək yox, Azərbaycanla münasibətləri normallaşdırmaq, sülh sazişi imzalamaq üzərində çalışmaq lazımdır. Məlum olduğu kimi, Azərbaycan hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipi daxil olan təklifini irəli sürüb. Bu beş prinsip Ermənistan hökuməti tərəfindən qəbul edilib. Dövlət başçımızın dediyi kiimi, bu, müsbət dinamikadır. Lakin indi artıq əməli addımlar atılmalıdır və Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
O cümlədən Ermənistan 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın kommunikasiyaların açılması ilə bağlı müddəalarına qeyd-şərtsiz əməl etməlidir. Bu müddəalarda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə quru yollarla əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin də açılışı nəzərdə tutulub. Üçtərəfli Bəyanatın imzalanmasından bir il yarımdan çox vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də bu məsələni ləngidir. Halbuki, Azərbaycan öz növbəsində ölkəmizin ərazisində yaşayan erməni əhalinin Ermənistana çıxışını təmin edib. Bütün bu müddət ərzində Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə Laçın yolu vasitəsilə maneəsiz gediş-gəliş olub və indi var. Azərbaycanlılar isə hələ də Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Bu, əlbəttə ki, böyük ədalətsizlikdir və Azərbaycan bununla razılaşmayacaq. Ermənistan Zəngəzur dəhlizinin açılmasını nə qədər ləngitsə də bu, nəticə etibarı ilə heç bir səmərə verə bilməz. Azərbaycan istənilən halda öz hüququnu təmin edəcək və bunun üçün ölkəmizin, dövlətimizin kifayət qədər gücü olduğunu hər kəsdən yaxşı məhz elə ermənilər bilirlər. Buna görə də Ermənistan üçün ən yaxşı variant ilk növbədə kommunikasiyaların açılmasını təmin etmək və bu əsasda Azərbaycanla münasibətləri normallaşdırmaqla yaranmış yeni regional reallılqlardan bəhrələnmək şansı əldə etmək ola bilər.
Rusif Kərimov,
Viləşçay Su Anbarı İstismar İdarəsinin rəisi