Dil millətin varlığının əsas şərtlərindəndir. Dil bir millətin milli kimliyidir. Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun mövcudluğunu qoruyub saxlayır. Əsrlərdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından keçərək alnıaçıq, üzüağ müasir dövrə gəlib çatmışdır.
Bu gün dilimizin inkişafı ilə bağlı böyük uğurlar qazanılmışdır. Bütün xalq bu dildə danışır, elmi əsərlər, bədii kitablar, mətbuat bu dildə nəşr olunur. Konfranslar, müşavirələr bu dildə aparılır, ali məktəb auditoriyalarında bu dildə mühazirələr oxunur. Bununla yanaşı, dil həmişə qayğı tələb etdiyi üçün müəyyən dövrlərdə problemləri də olmamış deyil. Ədəbi dilin dövlət idarələrində tətbiqi məsələsi, mətbuat, radio və televiziya dili, reklamların dili düşündürücü detaldır.
Ümummilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşməsi yönündə böyük işlər gördü. Demokratik cəmiyyətdə ana dilimizin tətbiq səviyyəsinin genişlənməsi zərurətə çevrildi. Vacib addımlardan biri 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanın imzalanması olmuşdur. Heydər Əliyev bu fərmanı şərh edərkən deyirdi: “Bütün dövlət orqanlarında, hakimiyyət orqanlarında, təhsildə, biznes sahəsində - hər yerdə Azərbaycan dili, ana dili hakim dil olmalıdır”.
Mərhum prezident Heydər Əliyevin ana dilimizə yüksək qayğısı hələ çox əvvəl-1969-cu ildə onun respublika rəhbərliyinə gəlişindən başlamışdı. O belə hesab edirdi ki, bir xalqın milli ruhunun inkişafı həm də onun ana dilində təhsil alması ilə bağlıdır. Buna görə də respublikada anadilli təhsil müəssisələrinin sayı nəzərəçarpacaq sayda artırıldı. 1978-ci ilin ən böyük hadisəsi çoxlarının müqavimətinə baxmayaraq, Azərbaycan dilinə dövlət dili statusu verilməsi oldu. 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət statusu təsbit edildi. Dövr üçün qəhrəmanlığa bərabər olan bu addım gələcəyin müstəqil Azərbaycanı naminə atılmışdı.
Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dil siyasəti ilə bağlıdır.
Heydər Əliyev deyirdi: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidi.
Sakitə Qulamova,
Masallı rayon Hişkədərə kənd orta məktəbin müəllimi