Dil Azərbaycan xalqının ən böyük milli sərvətidir

Dil Azərbaycan xalqının ən böyük milli sərvətidir
  • Cəmiyyət

  •      Ulu Öndər Heydər Əliyev ana dili haqında demişdir:” İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”.  Azərbaycan dili zəngin imkanlara malikdir, çünki mənsub olduğu xalq zəngin mədəniyyətə , zəngin tarixə sahibdir. Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuşdur.Ana dilimiz bizə dövlət rəmzlərimiz kimi müqəddəsdir.  Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur.Azərbaycan dövlətidili sahəsindəki fəaliyyətə Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldiyi ilk günlərdən başlamışdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi Azərbaycan SSR-nin 1978-ci il tarixli Konstitusiyasında təsbit olunması bir çox aspektlərdə xüsusi əhəmiyyət daşıyırdı. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”


        1978-ci il Konstitusiyası Heydər Əliyevin öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. O zamankı reallıqla belə bir qərarın qəbulu xalqımız üçün kifayət qədər ciddi bir hadisə idi.  Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorumuşdur. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olmuşdur.


    Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli liderin xidmətləri ilə bağlıdır. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirilir.


         Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.Heydər Əliyevin dil siyasəti, dilimizin inkişafı yolunda göstərdiyi tarixi xidmətlər əsl məktəbdir.Azərbaycan xalqı bu məktəbdən daim öyrənəcəkdir . Biz ulu öndər Heydər Əliyevin dəyərli ideyalarını gənc nəslə həvəslə öyrədirik.

     



    Arif Mehtiyev,

    Masallı rayon Bədəlan kənd tam orta məktəbinin direktoru

    PAYLAŞ:

    Oxşar xəbərlər