Xəstələrin ümid qapısı: “Bilgəh” Kardioloji Sanatoriyası

Xəstələrin ümid qapısı: “Bilgəh” Kardioloji Sanatoriyası
  • Cəmiyyət

  • Muxtar  Əhmədov: “Biz  tibb işçilərinin  borcudur ki, bacardığı qədər həm döyüşən ordumuzun və həm də arxa cəbhədə olan insanlarımızın sağlamlığının qorunmasına çalışaq”.

    Azərbaycanda ən yaxşı və xəstələrin  daha  çox müraciət etdiyi  sanatoriyalardan biri  də “Bilgəh” Kardioloji  Sanatoriyasıdır. Mən də infakt keçirdiyimə görə iki dəfə bu Sanatoriyada mualicə olmuşam. 2002- ci və 2017- ci illərdə. Taleh qismət edib ki, hər iki dəfə burada olanda yalnız yaxşı, öz işlərinin mütəxəssisləri olan həkimlər və tibb işçiləri ilə rastlaşmışam. Ümumiyyətlə  burada   Sanatoriyanın  baş həkimi və  Respublikanın Əməkdar həkimi Muxtar Əhmədov  başda olmaqla bütün işçilər elə bil ki, özlərinin gözəl xasiyyətinə, xəsətələrə yüksək diqqətinə və  öz peşələrinin  yüksək mütəxəssisi olmaları ilə  seçilib, işə götürülüblər.
    Yenə də burada olanda  böyük mehribançılıq, birlik,  diqqət, qayğı gördüm. Hamının öz işinə can yandırmasının, xəstələrə  böyük məhəbbətinin, istəyinin şahidi oldum. Burada müalicə alanların da hamısından Sanatoriyanın işçiləri haqqında, başda Muxtar həkim olmaqla yalnız  xoş sözlər eşitdim. Eşitdiyim bu xoş sözlərdən sonra  fikirləşdim ki, belə kollektivlə doğrudan da böyük və uğurlu işlər görmək olar. Əlbəttə, bütün bunlar da baş həkimin öz işinin yüksək mütəxəssisi olmasından, yüksək təşkilatçılığından, bütün işçilərə böyük diqqətindən, ziyalılığından və ən əsası da mehribançılığından, hər bir xəstəyə fərdi yanaşmasından  irəli gəlir.
    “Bilgəh” Kardioloji Sanatoriyasının yaranma tarixi çox maraqlıdır. Belə ki, Abşeron yarımadasında Bilgəhin havası, təbiəti daha çox müalicəvi olduğuna görə Böyük Vətən Müharibəsindən sonra Azərbaycan  rəhbərliyi belə qərar qəbul ediblər  ki, burada bir pansionat, istirahət  evi tikilsinlər. Beləliklə, həmin bu əsas korpusun tikilməsində bizim işçilərlə birlikdə alman əsirləri də yaxından  iştirak ediblər. Elə binanın xarici görünüşü və daxili də Avropa  arxitekturası, layihəsi üslubundadır. Yəqin ki, bunanın memarları da elə almanlar özləri olublar. Bu bina çox möhkəmdir, möhtəşəmdir  və  içəri heç bir nəmişlik vermir. Otaqlar da çox geniş və işıqlıdır. Beləliklə,  1946-47-cı illərdən-1970-ci illərə kimi bura 250 yerlik istirahət pansionatı olub.  Belə ki, burada yaxşı hava, müalicəvi, təmiz suyu olan dəniz və dincəlmək üçün hər cürə şərait olduğuna görə həftənin istirahət günləri təkcə Azərbaycandan yox, SSRİ məkanından insanlar gəlib  Bilgəhdəki bu sanatoriyada dincəlirmişlər. 1971-ci ildən dövlət səviyyəsində belə qərar qəbul olunub ki, bura “Bilgəh” Kardioloji Sanatoriyası olsun. Çünki buranın havası, yerdən təbii çıxan mineral və müalicəvi yod-brom suları  ürəyə çox yaxşı, müalicəvi  təsir göstərdiyinə  görə məhz belə qərar qəbul olunub. Beləliklə, qısa vaxtda burada əlavə korpuslar da tikilərək 300 yerlik sanatoriya olub və artıq keçmiş Sovetlər Birliyindən də bura daha çoxlu insanlar, ürək xəstələri  müalicə olunmaq üçün gəlmyə başlayıblar.
    Artıq son zamanlar burada aparılan yüksək səviyyəli təmirin və yeni tikililərin nəticəsində Sanatoriyada eyni vaxtda  450  adamın müalicə alması üçün hər cürə yüksək şərait var. Otaqlarda da xəsətələr üçün lazım olan yüksək şərait yaradılıb. Müalicə aparatları da müasir və yenidir. Ən əsası odur ki, bu sanatoriya mövsümü deyil. Bütün il boyu ərzində buarada insanlar müalicə ala bilərlər. Çünki otaqlar qış vaxtı da lazım olan səviyyədə qızdırılır, bütün günü də otaqlara  isti və soyuq su gəlir. Burada xəstələrə verilən yeməklər də çox yüksək səviyyədədir. Sanatoriyanın Xəzər dənzinin sahilində yerləşməsi, havada yod-bromun olması, rütubətin olmaması buranı daha çox məşhurlaşdırıb. Həm də bu ərazidə təbii yod-bromun çıxması da ürək xəstələrinə təbii yod-brom müalicəsinin aparılması da insanların bura gəlməsinə marağı daha çox artırıb. Həm də bu sanatoriyada insanların ürək xəstəliyindən sağalma  effekti 92-93 faizdir.
    “Bilgəh” Kardioloji Sanatoriyasında müalicə alanlara xidmət edən işçilərin sayı 170  nəfərdir. Onlardan17  nəfəri həkim, 30  nəfəri tibb bacısı və qalanları da texniki işçilərdir. Deməli, bu sanatoriyada böyük kollektiv çalışır. Hamısı da əlindən gələni edir ki, xəstələrə burada diqqət, xoş münasibət çox olsun. Hamı da sanatoriyanın işçilərindən razı qalsın.
    Yuxarıda yazdığım kimi “Bilgəh” Kardioloji sanatoriyasının baş həkimi, dəyərli ziyalı, Əmkdar həkim Muxtar Əhmədovdur. O, yüksək mədəniyyətə, böyük təşkilatçılıq qabiliyyətinə, xeyixahlığa  malik olmaqla yanaşı onun həkimlik sahəsində artıq 51 ildən çox  təcrübəsi var. 

    Qısa arayış: Muxtar Qədir oğlu Əhmədov 1948-ci ilin iyul ayının 4-də həkim ailəsində anadan olub. Deməli, həkimlik ona kökdən gəlib. 1965- ci
    ildə orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olub. 1971- ci ildə ali təhsilli həkim kimi təyinatla Azərbaycan Respublikası Kurortlar İdarəsinə göndərilib. Elə həmin ilin avqust ayının 2- dən Naftalan Kurort  Birliyində həkim kimi əmək fəaliyyətinə başlayıb. Özünü yaxşı mütəxəssis və yüksək səviyyəli təşkilatçı insan kimi sübut  etdiyinə görə Müxtar həkimi 1976 -cı ildən  Nattalan Kurortlar Birliyinin tabeçiliyində olan “Hacıkənd” İstirahət  Evinə baş həkim-direktor  təyin ediblər. Burada yüksək səviyyədə işlədiyinə görə Muxtar Əhmədovu 1980-ci ildə Naftalanda yenicə açılan  və az bir vaxtda Muxtar həkimin sayəsində məşhurlaşan “Çinar” Sanatoriyasına baş həkim vəzifəsinə təyin ediblər. 1980-ci illərdə mətbuatdan da  bu sanatoriya haqqında maraqlı yazılar çap olunurdu. Yadımdadır ki, “Çinar” Sanatoriyası həmin vaxtlar çox məşhur idi. Muxtar həkim burada da özünü yüksək  işgüzar, savadlı həkim və təşkilatçı rəhbər kim sübut etdiyinə görə onu qısa vaxtda  Natfalar Kurortlar Biliyinin baş həkimi vəzifəsinə təyin ediblər. Onun yaxşı işi hər yerdə yüksək qarşılanıb.  Naftalardakı Sanatoriyalara gələn insanlar da  həmişə buradan razı gediblər. Həmin vaxtı  Respublika və Ümumittifaq mətbuatında Naftalan Kurortlar Birliyi haqqında tez-tez xoş sözlər, maraqlı məqalələr, oçerklər  yazılırdı. 
    2000-ci ilin əvvəlindən isə  artıq “Bilgəh” Karioloji Sanatoriyasına rəhbərlik edən Müxtar Əhmədov özünü daha yaxşı işçi və mütəxəsis kimi burada da  sübut edib. Bu müddət ərzində Sanatoriya və Muxtar həkim haqqında  bir-birindən maraqlı çoxlu  məqalələr yazılıb. Onun bu maraqlı, peşəkar xidmətləri dövlət tərəbindən də yüksək qiymətləndirilib. Belə ki, Müxtar  Qədir oğlu Əhmədov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəcmı ilə 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar Həkimi fəxri adına layiq görülüb. Sanatoriyaya rəhbərlik etdiyibu 21 ildə Muxtar həkimin sayəsində burada çoxlu işlər görülüb. Belə ki, Sanatoriya yüksək səviyyədə təmir olunub və əlavə korpuslar tikilib. Həm də  bura Muxtar həkimin sayəsində öz işinin yüksək mütəxəssisləri olan insanlar işə götürülüb. Məhz bütün bunların  sayəsində də “Bilgəh” Kardioloji Sanatoriyası Respublikamızın ən yaxşı Sanatoriyasıdır desəm yəqin ki,  yanılmaram. Çünki mənim Azərbaycanda olan müalicəvi sanatoriyaların demək olar ki, hamısından xəbərim var və onların işləri ilə də yaxşı tanışam.

    -Muxtar həkim, əlbəttə, burada görülən bütün işlər bilavasitə sizin rəhbərliyiniz və böyük təşkilatçılığınızla görülür. Xahiş edirəm burada çalışan həkimlər və tibb işçiləri haqqında çoxminli oxucularımıza qısa məlumat verin. 

    -Mən bura rəhbərlik etdiyim ilk gündən hamının qarşısında belə bir ali məqsəd qoymuşam: “Xəstələrə yüksək səviyyədə xidmət etmək, hamımızın əsas və ümdə işi olmalıdır. Çünki bura gələn xəstələr bizə bir ümid qapısı kimi baxırlar”. Ona görə də burada çalışan 17 həkimin və 30 nəfər tibb bacısının və  başqa texniki işçilərin  hamısı əllərindən gələni edirlər ki, xəstələrə yüksək səviyyədə xidmət etsinlər. Həkimlərimizin hanısı ali dərəcəli və böyük təcrübəsi olan kardioloji  həkimləridir. Həkimlərimizdən Aki Quliyev tibb üzrə fəlsəfə doktorudur. Rima Nəcəfova isə Əməkdar həkimdir. Başqa həkimlərimizin də bu sahədə böyük təcrübələri var. Məhz bizim bütün həkimlərimizin, tibb bacılarımızın sayəsində xəstələr burada ən azından 92-93 faiz sağalıb evlərinə gedirlər. Onu da vurğulayım ki, bu, tibb sahəsində  böyük göstəricidir. Həmin xəstələr  burada olan ali dərəcəli həkimlərə və yüksək ixsisaslı tibb bacılarına görə sonrakı illərdə də məhz bizim Sanatoriyaya  gəlirlər. Bura müalicə olunmaq üçün elə xəstələr gəlib ki, onları  bura gəlməmişdən əvvəl həkimlər məcbur ediblər ki, əgər cərrahiyyə olunmasalar, ürəklərinə stend qoyulmasa dünyalarını dəyişəcəklər. Amma onlar burada müalicə olunandan sonra cərrahiyyəyə, açıq əməliyyata, stendə  heç bir ehtiyac qalmayıb. Onlar  buradakı müalicədən sonra  özlərini çox  gümrah hiss edirlər.
    Sanatoriyamızın  19,2 hektar sahəsi var. Gördüyünüz kimi hər tərəf  də yaşıllıq və gül-çiçəkdir. Təkcə Sanatoriyanın binaları yox, həyəti də yüksək səviyyədə təmir olunub. Piyada  gəzmək üçün yaxşı yollar çəkilib. Xəstələr burada rahat  gəzib, təmiz, yod-bromlu hava  udurlar. Urək xəstələri üçün çox gəzmək və yüngül idman hərəkətləri etmək vacib şərtlərdən biridir. “Çoxlu piyada gəzmək, sağlamlığın, ürək xəstələrinin ilk dərmanıdır”,- deyib məşhur həkimlər. İndi hal-hazırda  payız fəsli olmasına və dünyada  pandemiya xəstəliyinin  olmasına  baxmayaraq  Sanatoriyamızda  xəstələr çoxdur. Onlara da lazım olan səviyyədə xidmət gözstəririk. Ən əsası da onların pandemiyadan qorunması üçün hər cürə təbliğat aparırıq.

    -Müalicəyə gələn insanlara əsas  tövsiyələriniz nədir? Burada onlar müalicə almaq üçün əsasən nələrə riayət etməlidirlər?

    -Xəstələr hamısı bura Həmkarlar Təşkilatlarının göndərişləri ilə  gəlirlər. Hər birinə də burada olduğu 15 gündə həkim təyin olunur. Onlar həmin həkimin nəzarəti altında  olmaqla  və onun  təyin etdiyi prasedurları qəbul edirlər. Çünki bura gələnlər ya özləri kardioqramma və başqa analizlərlə bağlı kağızlar gətirirlər, ya da burada  kardioqramma çəkilir və lazım olan bütün analizlər verilir. Həkim də həmin kardioqrammanın və analizlərin sayəsində hər xəstəyə uyğun müalicələr  yazır. İlk öncə onlar buada olduğu müddətdə həkimlərin və tibb bacılarının prosedurlarını qəbul etməli və onların tapşırıqlarını yerinə yetirməlidirlər  ki, müalicənin effekti olsun. Onlar evə gedəndə də həkimlər onlara xəstəliyin dərəcəsinə uyğun öz tövsiyyələrini verirlər. Ürək xəstəsi olan insanlar yaxşı olar ki, ən azından 3 il,  ildə bir dəfə olmaqla bura gəlib, müalicə alsınlar. Ümumiyyətlə ürək xəstəliyi bu gün dünyada yayılan ən geniş xəstəlikdir. Bu xəstəliklə dünyada  başqa xəstəliklərdən fərqli olaraq, ölüm riski də çox yüksəkdir. Ona görə də insanlar bu xəstəliyə tutulmamaq üçün daima öz sağlamlığını fikirləşməli, stresslərdən, əsəbdən, konfliktlərdən, spirtli içkilərdən, tütün məmulatlarından  uzaq  olmalı və sağlam həyat yaşamalıdırlar. Hər bir insan 40 yaşından sonra  tez-tez həkimə müraciət etməlidir. Həkimlə  məsləhətləşməlidir. Əgər onda ürəklə, təzyiqlə, şəkərlə bağlı hər hansı problem olarsa, həmin insan hökmən və  həmişə həkim nəzarətində olmalı, həkimin  məsləhətlərinə ciddi əməl etməlidir. Ürək xəstəsi olan insanlar  həmişə piyada gəzməyə, yüngül idman hərəkətləri etməyə, həmişə pəhriz saxlamağa üstünlük verməlidirlər. Bax bunlar mənim və həkimlərimizin  burada müalicə alan bütün xəstələrə  tövsiyələrimizdir. Bu tövsiyələrə riayət edənlər də onun xeyirini görürlər.

    - Bu Sanatoriyaya MDB ölkələrindən və xarici ölkələrdən gələnlər olurmu?

    -Sovetlər Birliyi vaxtı bura ayrı-ayrı respublikalardan gələnlər daha çox olub. SSRİ  dağılandan sonra da adamlar çox gəlir. Elə  axırıncı üç-dörd ildə Orta Asiya ölkələrindən və başqa ölkələrdən  bizim Sanatoriyaya gələnlərin sayı çox olub. Eləcə də Sankt-Peterburqdan, Moskva şəhərindən gələnlər də az olmayıb. Hətta Amerikadan, İsrayildan, Bolqarıstandan və başqa xarici ölkələrdən gələnlər də az olmur. O insanlar ki, vaxtı ilə Sovetlər Birliyində yaşayıblar və indi bir sıra xarici ölkələrdə yaşayırlar, onlar bizim sanatoriyada müalicə olunmağa başqa sanatoriyalardan  daha çox üstünlük verirlər. Burada müalicə olunub gedəndə də bizə öz razılıqlarını bildirirlər. Mən elə bilirəm ki, dünyada insan üçün sağlamlıqdan əziz və qiymətli heç nə yoxdur. Ona görə hər bir insana həkim kimi fövsiyyəm budur ki, öz sağlamlıqlarının qeydinə qalsınlar. Atalarımız da deyib ki, “insanın ən böyük var-dövləti onun sağlamlığıdır. Çünki sağlamlığı heç bir var-dövlət əvəz edə bilməz”.  Əgər hər bir insan elə  özünün həkimi olsa, onda biz həkimlərə də ehtiyac az olar. Çox sevindirici haldır ki,  ölkə başçımız cənab İlham Əliyev və Vitse prezidentimiz Mehriban xanım Əliyeva başda  olmaqla hamı çalışır ki, insanlarımız sağlam olsun. Belə ki, bir-birindən yaraşıqlı tibb ocalarımızın tikilməsi, onların dünya səviyyəli tibbi avadanlıqlarla təchiz olunması, Olimpiya komplekslərinin tikilməsi və insanlarımızın idmanla ciddi məşğul olması da sübut  edir ki, həmvətənlərimizin  sağlamlığı bu gün ən ümdə, vacib  məsələdir. Bax  bu, ən böyük sevindirici haldır. Deməli, ölkəmizdə insanlara qayğı, diqqət çox böyükdür. Bu gün Qarabağ uğrunda gedən döyüşlərdə də rəşadətli ordumuzun  Ali Baş Komandanımızın rəhbərliyi ilə hər gün bir neçə kəndlərimizi, şəhərlərimizi erməni gavurlarından azad etməsi də insanlarımızı çox puhlandırır. Xalqımız bir  yumruq kimi cənab İlham Əliyevin ətrafında sıx birləşməklə bütövlükdə  Qarabağımızın erməni gavurlarından azad olacağı günü səbirsizliklə gözləyir. Hamımız inanırıq ki, tam qələbə gününə də çox az qalıb. Deməli,  Azərbaycandakı bütün tibb işçilərinin də borcudur ki, bacardığı qədər həm döyüşən ordumuzun və həm də arxa cəbhədə olan insanlarımızın sağlamlığının qorunmasına çalışsınlar. Bunu hər bir tibb işçisi özünə şərəf və borc  bilməlidir. Axı biz də həm döyüşən ordumuzla birlikdə və həm də arxa cəbhədə öz peşəmizin sayəsində döyüşürük ki, yaralılarımızı müalicə edək və həm də dünyanı bürüyən bu dəhşətli  COVİD-19  pandemiyasından xalqımızı qoruyaq. Bu xəstəliyə tutulanları da sağaldaq. Deməli, həkimlərin, tibb işçilərinin bu gün işi daha çoxdur.
    Ölkə başçımız da biz tibb işçilərinin əməyinə çox yüksək qiymət verir. Bax bundan gözəl, bundan qiymətli  nə ola bilər?
    Müxtar həkimldən ayrılanda yadıma saldım burada  2017- ci ildə məni müalicə edən həkim,  ali dərəcəli kardioloq, dəyərli ziyalı, böyük mədəniyyət sahibi Şərif  Şahməmmədovu və başqa həkimləri. Eləcə də yod-brom üzrə xəstələri müalicə edən  tibb bacısı Zenfira Bədirxanovanı, darsenvalda işləyən Tahirə Kamilovanı, massajist Solmaz Əjdərqızını, ultrasəslə və özünün xoş rəftarı ilə xəstələri müalicə edən Nigar İsgəndərovanı, elektrofarezdə işləyənlər Surət Bayramovanı, Aybəniz Muradovanı, müalicəvi duş massajisti Səlminaz Paşayevanı, parafində işləyən Gilə və Qumru xanımları, tibb bacıları Məlahət Rzayevanı, Günel Nadirovanı, İlahə Süleymanovanı, Nəzakət Mirverdiyevanı, Aida Hadıyevanı, Xanım Mirzəyevanı, Afət Şahməmmədovanı, Nelli Mixaylovanı, baş tibb bacısı Qumru Haqderdiyevanı və  onlarca başqa tibb bacılarını. Artıq üç il keçməsinə baxmayaraq mən onları yaddan çıxarmamışam. Eləcə də yeməkxanada xəstələrə yüksək səviyyədə qulluq edən Tamilla Əhmədovanın, Sevda Rzayevanın, Elza Rəhimovanın, Təranə Quliyevanın, Gülafət Əsədovanın və baş aşbaz Zahid Aslanovun da işlərindən  o vaxtı hamı çox razı idi. Bu insanlar öz işlərinin yüksək mütəxəssisi olmaqla, doğrudan da əllərindən gələni edirdilər ki, xəstələr onlardan tam razı qalsınlar. Bütün bu illərdə görün onlar neçə-neçə mənim kimi adamların yaddaşında qalıb və ürəklərdə özlərinin əbədi heykəlini ucaldıblar. Bu, hər insana  qismət olmayan böyük bir işdir. Bəli, belə yüksək təcrübəli, öz işinin mütəxəssisi olan  insanlarla işləmək həqiqətən də xoşdur. Belə gözəl kollektivi yaradan və onlara stimul verən isə əlbəttə, dəyərli ziyalı, xeyirxah insan  Muxtar Əhmədovdur. Deməli, onlar  bu şərəfli işləri ilə, şəfalı əlləri ilə, böyük diqqəti, mehribançılığı ilə hər il minlərlə insanlara sevinc, xoşbəxtlik, sağlamlıq bəxş edirlər. Çoxlu  evlərə , ailələrə sevinc bəxş etdiklərinə  görə, qoy Ulu Tanrı da onlara həmişə sevinc, xoşbəxtlik  bəxş etsin.

    Ağalar İdrisoğlu,
    Əməkdar incəsənət xadimi
    PAYLAŞ:

    Oxşar xəbərlər