Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) təşkilatçılığı, “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə “Azerbaijan Public Speaking Competition” (APSC) Platforması çərçivəsində “SAHNA 2.0 - Effektiv Natiq – Uğurlu Sahibkar!” layihəsinə start verilib.
Layihənin əsas məqsədi sahibkarların natiqlik, təqdimat və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə dəstək olmaqdır. Bu layihə ideyası, startapı və ya biznesi olan gənclər üçün natiqlik bacarıqlarının formalaşdırılması onların investorlar qarşısında uğurlu çıxış etmələrinə kömək edəcək.
Layihə çərçivəsində natiqlik və təqdimat üzrə təlim kursları 5 bölgə üzrə Bakı, Lənkəran, Gəncə, Şəki, Mingəçevir şəhərlərində həyata keçiriləcək. İlk olaraq bölgələrdə gənclərə təlimlər keçiriləcək. İştirakçılar təqdimat, natiqlik və ünsiyyət bacarıqları haqqında öyrəndikdən sonra mentorinq mərhələsində iştirak edərək praktiki biliklər əldə edəcəklər.
Belə ki, iştirakçılar öz çıxışlarını peşəkar mentorların dəstəyi ilə hazırlayacaqlar. Təlim və mentorinq mərhələləri uğurla başa vurulduqdan sonra bağlanış mərasimi keçiriləcək.
Qeyd edək ki, "Azerbaijan Public Speaking Competition" adlı təhsil proqramı “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən beynəlxalq təcrübəni tətbiq edərək Azərbaycanda gələcək liderləri, natiqləri yetişdirməsi üçün yaradılıb. Proqram çərçivəsində “Business league” adlı şirkətlərarası yarışma, “Junior league” adlı yarışma, “I Public Speaking Conferance”, “Effektiv natiq - Uğurlu sahibkar” (SAHNA) kimi layihələr təşkil olunub və bura fərqli istiqamətlər üzrə uşaqlar, yeniyetmələr, gənclər, şirkətlər üçün təqdimat, ünsiyyət və natiqlik kimi bacarıqları inkişaf etdirən müxtəlif fəaliyyətlər daxildir.
LEQAL.AZ