“İrəli” İctimai Birliyi tərəfindən 2 Fevral - Gənclər Gününə həsr olunan silsilə tədbirlər həyata keçirilib.
Silsilə tədbirlər çərçivəsində “İrəli” gəncləri qalib dövlətin gəncləri olaraq Ulu Öndərin məzarını ziyarət edib, dövlət gənclər siyasətinin banisi, həyatı boyu gənclərə diqqət və qayğısını əsirgəməyən Ümummilli Lider Heydər Əliyevə öz dərin ehtiramlarını nümayiş etdiriblər. Daha sonra “İrəli” gəncləri Şəhidlər xiyabanında Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçən igid övladlarımızın məzarını ziyarət edib, onların əziz xatirələrini hörmətlə anıblar.
“İrəli” İctimai Birliyi Gənclər Günü münasibətilə bütün ölkə gəncliyini əhatə edən fəaliyyət təşkil edib. “Facebook” və “Instagram sosial şəbəkə hesablarını əhatə edən fəaliyyət çərçivəsində gənclərin öz sosial şəbəkə hesablarında paylaşım edə biləcəyi və Azərbaycan gənclərinin ictimai fəaliyyətini özündə əks etdirən xüsusi şablon forma hazırlanaraq, sosial şəbəkələrdə paylaşılıb. İlk olaraq “İrəli” gəncləri tərəfindən doldurulan forma öncədən müəyyən edilmiş həştəqlərlə sosial şəbəkə hesablarında paylaşılıb, estafet digər gənclərə ötürülüb.
Fəaliyyətlər çərçivəsində Birliyin təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində “İrəli” gəncləri arasında “Atıcılıq” turniri keçirilib. Gənclər Günü münasibətilə keçirilən turnirdə məqsəd atıcılıq idman növünə marağın artırılması, gənclərdə vətənpərvəlik hisslərinin gücləndirilməsi, gənclərin fiziki hazırlığının artırılması və onlar arasında sağlam həyat tərzinin təbliği olub. İlk olaraq iştirakçılar təhlükəsizlik qaydaları barədə təlimatlandırılıb və daha sonra atıcılıq turnirinə start verilib.
Keçirilən turnirdə hər biri 4 nəfərdən ibarət 13 komanda olmaqla, 3 mərhələdə mübarizə aparılıb.
“İrəli Media”nın il ərzində keçirilmiş layihələrdən gənclərlə bağlı kadrlardan hazırladığı videoçarx ictimaiyyətə təqdim edilib.
Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək etimada cavab olaraq Azərbaycan gəncləri bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.