Prezidentin cavablarındakı qətiyyət və fəlsəfə...

Prezidentin cavablarındakı qətiyyət və fəlsəfə...
  • Cəmiyyət

  • Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsi ilə diqqətlə tanış oldum. Doğrusu, müsahibə ilə həm video, həm də çap variantında təkrar tanış oldum, öyrəndim. – O suallar ki ARD əməkdaşı tərəfindən verilmişdi, elə sualların meydana çıxma şəkli, necə bir ictimai fikri ifadə etməsi, hansı mühitin məhsulu olması çox düşündürücüdür. Məni bağışlayın, belə həyasız sualları (davranışı) bir jurnalist özünə sığışdırmasın gərək. Üstəlik, həmin jurnalist təcrübəsiz biri deyil, müəyyən həyat təcrübəsi olan, yaşı, fəaliyyəti etibarı ilə peşəkar sayıla biləcək birisə, demək, o bilə-bilə belə suallar verir, onun həyasızlığı, emosiyalarını peşəkarlıqdan qabağa çıxarması məqsədyönlüdür.

    Bilirsiz, ARD televiziya kanalı bir alman media orqanıdır; biz alman xalqını dahiləri, mütəfəkkirləri, böyük ədibləri, bəşəri tərəqqiyə töhfələr vermiş alimləri ilə tanımağı daha məqsədəuyğun hesab edirik. Biz Almaniyanın o biri üzünün dirçəlməsini arzu etmirik – o üz ki orada faşizm görünürdü... Alman dövləti, elə bilirik, alman xalqı rəsmən faşizmdən imtina edib – bu yaxşıdır, təqdirə, alqışa layiqdir; lakin kim deyə bilər ki, ARD əməkdaşının ruhuna faşizm çökməyib? Kim zəmanət verə bilər ki, ictimai fikrə təsir etmək imkanı olan bir televiziya kanalı öz əməkdaşını belə suallarla “silahlandırıb”, Almaniyadan xeyli uzaqlardakı bir ölkənin dövlət başçısının hüzuruna göndərirsə, onlar öz könüllərini faşizmə qapdırmayıb?! Keşkə, belə olmasın, keşkə bu bir təsadüf olsun... amma təsadüfdən çox təvafüq olmadığını deyə bilmirik. Çünki almanlar dəqiqlikləri ilə ad çıxarıb. Və bu misalda, alman dəqiqliyi verilən sualların alt qatındakı olaylara münasibətdə deyil, məhz hansı suallarla çıxış etməkdə təzahür edir... Yəni Ermənistan-Azərbaycan elanolunmamış müharibəsi ilə bağlı sual verən təcrübəli jurnalist bilməliydi ki, suallarının mahiyyəti ilə müdafiə etməyə çalışdığı tərəf – Ermənistan, Almaniyanın 75 il öncə rəsmən imtina etdiyi ideologiyanın günümüzdəki ən böyük təmsilçisidir. Xocalı soyqırımını törədən, öz ölkəsini dünyanın nadir monoetnik ölkəsi halına gətirən və ya Nijdeyə 6 m. hündürlüyündə “möhtəşəm heykəl” ucaldan... zehniyyət hansı ideoloji baxışdan su içmiş olar, əcaba? Dəqiq alman guya dəqiqləşdirə bilməyib ki tərəfini tutduğu o zehniyyət birgəyaşayışa, mehriban qonşuluğa, ədalətli sülhə qarşıdır və onu müdafiə xarakterli suallarla çıxış etmək ayıbdır – sanki erməni faişminə ortaq olmaqdır...

    Gəlin ARD əməkdaşının bəzi suallarına birgə nəzər yetirək:

    – “Onlar iddia edirlər ki, Siz kasetli raketlərdən istifadə edirsiniz. Hətta Sizin orada və Dağlıq Qarabağda kasetli raketlərdən istifadə etdiyinizə dair “Amnesty International” və “Human Rights Watch” təşkilatlarından bəzi dəlillər var idi. Nəyə görə Siz bu növ silahlardan istifadə edirsiniz?”;

    –  “Gəlin, yenə Sizdən kasetli silahlarla bağlı soruşum. Çünki Sizin də bildiyiniz kimi bu, çox ciddi mövzudur. Mən “Human Rights Watch” təşkilatının araşdırmasına baxdım və sübut ondan ibarət idi ki, çox maraqlıdır, onların şəkilləri var idi, onlarda hətta silahın adı da var idi. Onların dediyinə görə, onun adı İsrail istehsalı olan LAR 160 kasetli bomba idi. Bu faktları həqiqətən də mübahisə predmetinə çevirirsiniz?”;

    – “Əslində, Siz heç vaxt BMT-nin kasetli silahları haqqında konvensiyasını imzalamayıbsınız. Nəyə görə, bu, Sizin üçün problemdir? Əslində, Siz ondan istifadə edə bilərdiniz”;

    – “Siz qəbul edirsiniz ki, bu regionda insanların əksəriyyəti dünya üzrə əksər tarixçilərin dediyi kimi, ermənilər olub?

    ...Bu insanlar Sizin hərbi əməliyyatlara, dedikləri kimi etnik təmizləməyə məruz qalırlar?”;

    – “Xristianlar öz kilsələrinə atəş açıblar?

    ...Belə bir şeyi uydurmaq üçün müsəlmanların məscidi dağıtmasını təsəvvürünüzə gətirə bilərsiniz?”;

    – “Mən bildiyimə görə, oktyabrın 1-də Azərbaycanda bir nəfər sülh tələb etdiyinə görə həbs olunub. Bəzi insan haqları ekspertləri, müdafiəçiləri deyirlər ki, Siz bu müharibəyə həm də xalqı ətrafınızda birləşdirmək, demokratiya və insan haqları ilə bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq üçün başlamısınız”;

    – “Hazırda gəldiyim ölkə - Türkiyə bu hərbi əməliyyatlarda, bu müharibədə Sizin üçün nə dərəcədə əhəmiyyət kəsb edir? Burada türk əsgərləri var idi. Dünən biz onlardan bəziləri ilə söhbət etdik. Onlar Türkiyədən olduqlarını dedilər”;

    – “Türkiyəyə məxsus F-16-lar burada - Azərbaycanda olduğuna görə özünüzü daha təhlükəsiz hiss edirsiniz?”..

    Ən ümumi şəkildə ifadə etsək, deməliyik ki, ARD əməkdaşı və onun “prokurorvari suallar”ının tərtibində iştirak edənlər yaxud o bədnam sualların (davranışın) ilhamvericiləri bizim haqq və hüquqlarımızı qətiyyən görmək, qəbul etmək istəməyib. Demək, onlarçün bizim təhlükəsizliyimiz önəm ərz etməyən, “olmasa da olar” kateqoriyalı məsələdir. Gəncədə, Bərdədə... körpələr, uşaqlar, qadın və qocalar  öldürülə bilər, buna diqqət etməmək də olar... Demək, müharibəni kimin və nə üçün başladığının üzərinə pərdə çəkmək, sanki “toxunulmaz mövzu” elan etmək və Azərbaycanın öz ərazilərini işğaldan azad edərkən hansısa yanlış etdiyini lupa ilə izləyib, sonra dəfələrlə böyüdüb, ondan fil düzəltmək lazımdır... Bir sözlə, Azərbaycanın haqq-hüququ, mənəvi prinsiplər, beynəlxalq normalar, BMT Qətnamələri, Almaniyanın da tanıdğı ərazi bütövlüyü gözardı edilə bilər, təki erməniləri narazı salan məqamlar qabardılısın... Və heç kəs də Ermənistandan soruşmasın ki, sənin silahlı qüvvələrin başqa ölkənin əraizisndə nə gəzir? Ermənistanın “demokrat” Baş nazirinin və “sülh üçün erməni qadın hərəkatı”nın lideri ola-ola Qarabağda hərbi təlimlərdə şəxsən iştirak edən Anna Akopyanın biricik oğlu niyə məhz Qarabağda həqiqi hərbi xidmət keçmişdir? Sentyabrın 27-dən başlayan yeni müharibə alovunun “Qarabağ Ermənistandır. Nöqtə” bədnam çağırışı ilə bağlantısını axtarmayan “dəqiq alman”, barı bu ilin iyulunda Tovuzda, avqustda Goranboyda, nəhayət sentybarın son istirahət günü, səhər saat 06.00-da Qarabağda Ermənistanın hansı hərbi təxribatlarda, hücum cəhdlərində bulunduğunu xatırlamazmı?! ARD əməkdaşı xatırlamazmı ki, Bərdə, Gəncə müharibə meydanından on km.-lərlə uzaqlarda yerləşir və bu şəhərlərdəki körpə, uşaq, qadın, qoca hərbçi deyil?!

    Bax, belə ritorika meydana çıxınca da, ARD əməkdaşının fazişm ideologiyasından əziyyət çəkməkdə olduğunu deməyə məcbur qalırıq...

    Nəhayət gəlin ARD əməkdaşının daha bir sualına və o suala cənab Prezidentin kəskin, tutarlı  cavabına birgə nəzər salaq:

    - Biz orada – bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?

    - Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya?

    Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik...

    Qoy, cənab Prezidentin bu qətiyyətli cavabı öz fakturası və fəlsəfəsi ilə bizim bu yazının da sonluğu olsun.

    Dövlətimiz var olsun!

    Qənirə Paşayeva,
    Milli Məclisin Mədəniyyət Komitəsinin sədri
    PAYLAŞ:

    Oxşar xəbərlər