YUBİLEYİNİZ MÜBARƏK, CƏNAB PREZİDENT!

YUBİLEYİNİZ MÜBARƏK, CƏNAB PREZİDENT!
  • Cəmiyyət

  • Bu gün Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Xalqın iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti, dünya azərbaycanlılarının lideridir. Bütün dünyada məşhurdur. Böyük hörmətə və nüfuza malikdir. O, Heydər Əliyev ideyalarının layiqli davamçısıdır. Görkəmli siyasi və dövlət xadimi, peşəkar siyasətçidir.

    Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əlıyevin doğum günüdür. O, 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxumuşdur. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olmuşdur. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə MDBƏİ-nin aspiranturasına daxil olmuşdur. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi almışdır.1985-1990-cı illərdə MDBƏİ-də müəllim işləmişdir. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışmış, bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olmuşdur. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak etmişdir. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İki dəfə - 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir. 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.

    1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvar ayında AŞPA sədrinin müavini və Büro üzvü seçilmişdir. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76 faizdən çoxu İlham Əliyevin lehinə səs vermişdir. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif edilmişdir. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlamışdır. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 2013-cü il oktyabrın 19-da vəzifəsinin icrasına başlamışdır. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir. 

    Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Təbii ki, Azərbaycanın bütövlükdə beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi ilə əlaqədar qarşıya qoyulan hədəflər də var. Ən başlıca hədəf isə Azərbaycanın işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Biz gələcəyə inamla və optimist baxırıq. Müstəqil dövlətimiz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir. Azərbaycan daha böyük inkişafa doğru irəliləməkdədir və ölkəmizin gələcəyi daha işıqlı olacaq . Hər bir Azərbaycan vətəndaşı bu inkişafdan fayda görəcək və respublikamız, cəmiyyətimiz yüksəlişin yeni pilləsinə gəlib çıxacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gələcəkdə yeni və daha möhtəşəm uğurlara imza atacaq.

    Dövlətimizin başçısının yüksək liderlik və hərbi sərkərdəlik keyfiyyətləri Vətən müharibəsində bir daha müşahidə etdik. Vətən müharibəsində xalqımız Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi prinsipial mövqeyinin, uzaqgörən diplomatiya yürütdüyünü bir daha gördü. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər və beynəlxalq arenadakı böyük nüfuzu, xalq-iqtidar birliyi Vətən müharibəsində qələbəni şərtləndirən vacib amillərdən oldu. Ermənistan hərbi birləşmələrinin cəmi 44 gün ərzində darmadağın edilməsi xalqımızın milli qürur hissini və ləyaqətini özünə qaytardı. Dünya birliyi Vətən müharibəsində Azərbaycanın öz suverenliyini qorumağa qadir qüdrətli dövlət olduğunu gördü.

    İşğaldan azad olunan torpaqlarımızda Azərbaycan Respublikasının Dövlət bayrağının dalğalanması, geniş quruculuq işlərinin aparılması, erməni vandalizminə məruz qalmış tarixi-dini abidələrimizin və məscidlərimizin bərpası hər birimizdə böyük qürur hissi yaradır. Əminik ki, bu ərazilər məhz Prezident İlham Əliyevin siyasəti sayəsində ölkəmizin ən abad guşəsinə çevriləcək və keçmiş məcburi köçkün soydaşlarımız tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlar.

    Ad gününüz mübarək, cənab Prezident!

    Çox sevindirici haldır ki, bu sevincli, 24 dekabr 2021-ci il tarixi günü ölkə rəhbərinin poçtuna daxil olan məktublarda Masallı rayonu, Çaxırlı kəndinin sakini Seyfəddin Əliyevin də məktubu dərc edilmişdir. Məktubda deyilir:

    -Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

    Sizi böyük qürur hissi ilə ürəkdən salamlayır, Sizə uzun ömür, möhkəm cansağlığı, doğma Azərbaycanımızın daha da qüdrətlənməsi naminə fədakar fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

    Bu gün Sizin gərgin, fədakar xidmətləriniz sayəsində ölkəmiz ictimai-siyasi sabitliyi, mədəni-iqtisadi inkişafi ilə regionun lider dövləti səviyyəsinə yüksəlmişdir. Cənnət Qarabağda Sizin rəhbərliyinizlə rəşadətli Ordumuz 30 illik erməni işğalına son qoymuşdur. Doğma Qarabağda Zəfər yazılmış və hazırda işğaldan azad olunmuş əzəli torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işlərinin görülməsi qəlbimizi tükənməz qürurla sevindirir.

    Cənab Prezident, inanırıq ki, Azərbaycan Sizin müdrik rəhbərliyinizlə bundan sonra da parlaq qələbələr əldə edəcəkdir. Bu çətin və şərəfli yolda Sizə bir daha uğurlar arzu edir və daim Sizinlə olduğumuzu bildiririk.

    Allah Sizi qorusun.

    Yaşasın Azərbaycan!

    Təbriklərə biz də, çoxsaylı Masallı sakinləri də qoşulur, ölkə başçısını həyatında ən əlamətdar günü olan 60 illik yubileyini təbrik edirik!

    Allah Sizi qorusun, cənab Prezident!


    Əlihüseyn Şükürov, 
    Masallı.

    PAYLAŞ:

    Oxşar xəbərlər